525.Az

Türkiyə regionda güc mərkəzi kimi...


 

“Fərat Əməliyyatları” Türkiyə Silahlı Qüvvələrinin sarsılmaz gücünü nümayiş etdirdi

Türkiyə regionda güc mərkəzi kimi...<b style="color:red"></b>

Türkiyənin ötən həftənin əvəllərində Suriyanın Carablus şəhərində başlatdığı “Fərat Əməliyyatları” adlı antiterror əməliyyatları dünyada bir nömrəli siyasi hadisəyə, müzakirə mövzusuna çevrilib.

Türkiyənin Suriya ərazisində başlatdığı antiterror əməliyyatları qardaş ölkənin öz təhlüksəziliyini möhkəmləndirmək üçün bufer zolağı yaratması ilə yanaşı, terrora qarşı barışmaz olduğunu, regionda antiterror əməliyyatlarının əsas güc mərkəzlərindən birinə çevrildiyinitəsdiqləyir. Qərbin sözdə terrora qarşı mübarizə bəyanatlarına və real adım atmaq istəyində olmamasına baxmayaraq, Türkiyə bu işi təkbaşına da olsa, öz üzərinə götürdü və terrorla mücadilədə qətiyyət nümayiş etdirdi.

Beynəlxalq siyasi güclər Türkiyənin bölgədə yeni güc mərkəzinə çevrilməsini qəbul etmək istəmir və rəsmi Ankaranın ölkənin sərhədləri kənarında terrorizmə qarşı mübarizəsini müxtəlif vasitələrlə əngəlləməyə, Suriyada həyata keçirilən hərbi əməliyyatları bu ölkənin daxili işlərinə qarışmaq kimi səciyyələndirməyə çalışır. Türkiyənin üzləşdiyi terror aktlarının kiçik birini görməyən bu ölkələr Ərəb və Yaxın Şərqdə, Afrikada işğalçılıq əməllərini, imperailst siyasətlərini ört-basdır etmək niyyətindədirlər. Amma Türkiyə istər İraqda, istərsə də Suriyada həyata keçirdiyi antiterror əməliyyatları ilə, əslində, bu ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin qarşısını alır, onları darmadağın etməyə çalışan terrorçu qrupları məhv edir.

Yeri gəlmişkən, “Fərat əməliyyatları” Türkiyə Silahlı Qüvvələrinin, türk mehmetciyinin sarsılmaz gücünün nümayişi baxımından da mühüm hadisə sayıla bilər. Fətullah Gülənin terror şəbəkəsinə qoşulmuş və Silahlı Qüvvələrdə yüksək postlar tutmuş xəyanətkar zabitlərin 15 iyul dövlət çevrilişinə cəhdi və bu planın iflas olması Ordudakı mütəşəkkilliyə müəyyən dərəcədə sirayət etmişdi. Bundan istifadə edən antimilli qüvvələr Türkiyə Ordusunun strukturunda parçalanmaların olduğunu, ordunun guya zəiflədiyini və zabit-general korpusunun döyüş ruhunun aşağı düşdüyünü iddia etsələr də, Suriya əməliyyatları Türk Ordusunun özünəinamının, möhtəşəm qüdrətinin təzahürü üçün fürsət oldu.

Reallıq ondan ibarətdir ki, Orta və Yaxın Şərqdə ayaq açan terror dəstələrinin tərkibi də müxtəlifdir. Burada təkcə İŞİD deyil, PKK-nın Suriya qolu olan PYD və YPG, habelə ermənilərin təmsil olunduğu müxtəlif qruplaşmaların fəaliyyəti artıb. Amma Qərbin dolayısı ilə onlar arasında sərhəd qoyması, PKK-ya yaxın qrupları terrorçu kimi tanımaması, hətta onları bəzən “azadlıq uğrunda fədailər” kimi təqdim etməsi vəziyyətin indiki həddə çatmasına səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdiyi kimi, “Ölkəmizə hücumlar işi bu nöqtəyə gətirdi. Biriləri bizə meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Sizə nə olacağına baxın! Türkiyəyə qarşı təhdid yaradan kim olursa-olsun, ordumuz, polisimiz onun qarşısındadır”.

Cümhurbaşqanı regionda təhlükəsizliyin təmin olunmasında və terrorçuların zərəsizləşdirilməsində dünya ölkələrinin səssiz qalmasını qınayaraq terrora bulaşmış bütün qüvvələrin məhv olunacağını bəyan etməklə ikili standartları həyat tərzinə

çevirmiş Qərbin saxtakar simasını ifşa edib, Türkiyənin bu ağır məsuliyyəti üzərinə götürdüyünü bildirib: “Heç bir dövlətin etmədiyini biz Suriya üçün etdik. Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır. PKK-nı, İŞİD-i üzərimizə salanlar artıq bu oyunun pozulduğunu görməlidirlər. Vətənimizi parçalaya, bu dövləti, xalqı diz çökdürə, bu xalqa boyunduruq vura bilməyəcəksiniz. Artıq heç kim Suriya məsələsini Türkiyənin daxili işlərindən kənar görə bilməz. Biz Yaxın Şərqlə, Qafqazla bir əsr əvvəl bir yerdə olduğumuzu unuda bilmərik, onlara arxa çevirə bilmərik”.

Türkiyənin terrora qarşı genişmiqyaslı əməliyyatları artıq dünya dövlətlərini hərəkətə gətirməli, terrordan əziyyət çəkən digər ölkələrin də təhlükəsizliyinin təmin olunmasında əməli addımlar atılmasına vəsilə olmalıdır. R.T.Ərdoğanın “Qafqazla bir əsr əvvəl bir yerdə olduğumuzu unuda bilmərik, onlara arxa çevirə bilmərik” ifadəsi həm də qardaş ölkədə Azərbaycana qarşı davam edən terrora bir işarədir.

Azərbaycan 25 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir. Dünya birliyi isə buna qarşı sakit davranır, ikili standart mövqe nümayiş etdirilir. Azərbaycanın işğal olunmuş torpaqlarında erməni terrorizminin davam edən cinayətləri, eyni zamanda, Türkiyədə baş verən hadisələr Azərbaycan və Türkiyənin, türk dünyasının gücündən qorxan bir sıra siyasi-hərbi qütblərin eksterimizmə verdiyi dəstəyin nəticəsi sayıla bilər. Buna görə də, Azərbaycanın nə çəkdiklərini ən yaxşı anlayan Türkiyədir. Bu gün qloballaşan dünya düzənində türk dövlətləri geosiyasi-iqtisadi nüfuz mərkəzi kimi dünya xəritəsində strateji yer tutur. Azərbaycan və Türkiyənin genişmiqyaslı layihələrin gerçəkləşrdirməsi, türk dövlətlərinin iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə birgə əlaqələrinin artması, yeni-yeni layihələrə imza atması onların nüfuzunu və mövqeyini gücləndirir.

Türkiyə ilə Azərbaycanın birliyi, qüdrəti bir sıra siyasi qüvvələri, güc mərkəzlərini, iqtisadi və hərbi bürokratları narahat edir, onların bu və digər vasitələrlə siyasiləşmiş terror dəstələrinə dəstəyi artır. Bu siyasi və hərbi riyakarlığın, silahlanmanın ağır fəsadlarını isə hər iki qardaş ölkə yaşayır. Amma türk dünyasını, Azərbaycanı və Türkiyəni bu cür təhdidlər, terrorçulara qarşı ikili standartlar nümayiş etdirməklə dünyada möhkəmlənən iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hər zaman olduğu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir.

 





29.08.2016    çap et  çap et