525.Az

Litvalı jurnalistlər cəbhə bölgəsində


 

Litvalı jurnalistlər cəbhə bölgəsində <b style="color:red"></b>

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis və portalın fotoqrafı Arunas Sartanaviçus cəbhə bölgəsində yerləşən Tərtər rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan media nümayəndələrinə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. İşğal altındakı Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısının suvarma dövründə kəsilməsi 31 min 500 hektar əkin sahəsinin suvarılmasında çətinliklər yaradır. Qış fəslində isə düşmən suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olur. Erməni hərbçiləri təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədirlər. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.

Diqqətə çatdırılıb ki, aprel ayında erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 400-ə yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.

M.Məmmədov Prezident İlham Əliyevin rayona səfərindən, Tərtər şəhərində və təmas xəttindən 200 metr məsafədə olan Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsindən də danışıb, düşmənin atəşi nəticəsində rayona dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Sonra media nümayəndələri Tərtər şəhərində, Şıxarx qəsəbəsində və Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baş çəkib, sakinlərlə söhbət edib, dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olublar.

Litvalı jurnalistlər, həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına da baxıblar.

 





29.08.2016    çap et  çap et