525.Az

Müstəqilliyin dövləti və mənəvi uğurları: kölgə salmaq cəhdlərinə etiraz


 

Müstəqilliyin dövləti və mənəvi uğurları: <b style="color:red">kölgə salmaq cəhdlərinə etiraz</b>

İndi dünyanın hər bir yerində intensiv informasiya mübarizəsi gedir.

Müəyyən dairələr rəqibi gözdən salmaq üçün qəsdən ölkələrin mənfi obrazını yaradırlar. Bunun üçün KİV-in imkanlarından geniş istifadə olunur. Müxtəlif mövzular altında yalanı həqiqət kimi insanların şüuruna yeritməyə çalışılır. Bu kontekstdə Zərdüşt Əlizadənin "EurAsia Daily" elektron nəşrinə verdiyi bir müsahibə diqqətimizi çəkdi. Burada Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər təhrif olunur, cəmiyyətin heç nə qazanmadığı iddia edilir. Bu, əsassız, yanlış və çox zərərli fikirlərdir. Reallıqda belə hərəkətlər düşmən dəyirmanına su tökməyə xidmət edir. Kimliyindən, cəmiyyətdə hansı vəzifə və mövqe tutmasından asılı olmayaraq, hər bir vətəndaş fikir bildirməzdən əvvəl öz vicdanını və mənsub olduğu xalqın tarixini xatırlamalıdır. Heç olmasa, real faktları təhrif etməməli, həqiqəti söyləməlidir. Bizlər Azərbaycan dövlətçiliyinin fədailəriyik, onun uğuruna sevinir, acılarını içimizdə daşıyırıq. Lakin heç zaman düşmənə imkan verməməliyik. O cümlədən fərdi hərəkətlərimizlə!

Tarixin səsi: reallıqla vicdanın kəsişdiyi sahədə

Cənubi Qafqaz tarixinin mürəkkəb dönəmlərindən birini yaşayır. Dünyanın müxtəlif bölgələrində meydana çıxmış ziddiyyətli proseslərin təsirini öz üzərində hiss edir. Fərqli ideoloji və siyasi konseptlərin ictimai şüura sırınması cəhdləri müşahidə edilir. Bu sırada radikal və məzhəbçi dini-ideoloji mövqe ilə yanaşı, milli inkişaf xəttindən yayındırmağa çalışan və "sivil ideoloji mövqe" kimi təqdim edilən fikirlər də özünü göstərmiş olur. Bu zaman, adətən, yaxın tarixin özünəməxsus təftişinə baş vurulur. Burada mənfi rolu olan elementlər insanların şüuruna təhrif olunmuş formada, absurd məntiqi çərçivədə müsbət məzmunda yeridilməyə çalışılır. Təəssüf ki, bu əlaməti Azərbaycandakı bir sıra özlərini ziyalı adlandıranların söylədiklərində də görmək olur.

Bu yaxınlarda Zərdüşt Əlizadə "EurAsia Daily" agentliyinə müsahibə verib (bax: Зардушт Ализаде: После краха СССР азербайджанцы потеряли все / "eadaily.com", 12 avqust 2016). Müsahibəni filosof-jurnalist Artur Priymak götürüb. O, həm də din fəlsəfəsi, tarix, siyasətşünaslıq, millətlərarası münasibətlərlə maraqlanır. Çexiyada anadan olub, bir müddət Kazan şəhərində yaşayıb, son illər isə Moskvada məskunlaşıb. Dağıstanda, Çeçenistanda, Yakutiyada, Tatarıstanda işləyib. 2013-cü ildə Kazanın "Əl-İxlas" məscidi ilə bağlı silsilə yazılar dərc edib.

Müsahibədə əsas mövzu Azərbaycanın keçən əsrin 80-ci illərinin sonundan başlayaraq bu günə qədərki siyasi mənzərəsi ilə bağlı olub. Z.Əlizadənin Xalq Cəbhəsi və burada aparıcı rol oynayan keçmiş silahdaşları haqqında dediklərini özünün vicdanına buraxırıq. Bizi maraqlandıran müstəqillik dövrünün xarakteristikasında bir sıra məqamların təhlilidir. Özünü Azərbaycanın vətənpərvər ziyalısı kimi göstərməyə çalışan birisi, mütləq milli dövlətçilik quruculuğunun uğurlarından Vigen Akopyan adlı erməninin baş redaktoru olduğu bir nəşrə danışmalı idi. Hər bir ideoloji çaları bir kənara qoyub həqiqət naminə bunu vurğulamalı idi.

Əvəzində isə Z.Əlizadə "azərbaycanlılar SSRİ-nin süqutundan sonra hər şeyi itirdilər" kimi qeyri-müəyyən və əsassız fikirlər söyləyir. Onun məntiqinə görə, keçən əsrin 90-cı illərində Azərbaycanda baş verənlərin arxasında konkret bir şəxs dayanırmış və tarixin obyektiv təkamülünün bunlara az aidiyyəti varmış. Konkret olaraq Z.Əlizadə ölkədəki prosesləri Ulu Öndər Heydər Əliyevin idarə etdiyini söyləyir. Bu zaman o, Ayaz Mütəllibovu pozitiv ampluada təqdim edir.

Reallıqda nələr baş vermişdi? Əvvəlcə A.Mütəllibov, sonra isə AXC rəhbərliyi Azərbaycan dövlətçiliyini məhv olma astanasına gətirmişdilər. Ermənistanın kənardan aldığı dəstəklə cəbhə boyu ərazilərimizdə irəliləməsinin qarşısını ala bilmirdilər. Eyni zamanda, ölkə daxilində bəzi dairələrin dəstəyi ilə separatçı əhval-ruhiyyə güclənirdi.

Elə vəziyyət yaranmışdı ki, Azərbaycan cəmiyyət olaraq seçim etməli idi: ya parçalanmış və düşmən tapdağında qalan ölkə, ya da milli dövlətçilik kursuna üstünlük verən bütöv Azərbaycan. Heydər Əliyev ölkəni məhz ikinci yola çıxara bilən siyasətçi, şəxsiyyət, lider və vətənpərvər oldu. Qalanı təfərrüatdır. Çünki söhbət millətin, dövlətin taleyindən gedirsə, burada bu və ya digər şəxsin, o cümlədən Əlizadələrin itirdiyi, yaxud qazandığı önəm daşımır. Heydər Əliyev bunun nümunəsini göstərdi: Gəncəyə üsyançılarla danışığa Ümummilli Lider getdi, ölkəyə başçı seçiləndən sonra sui-qəsdlərin qarşısında qətiyyətlə dayandı, bütün maneələrə baxmayaraq "Əsrin müqaviləsi"ni Heydər Əliyev imzaladı! Z.Əlizadənin danışdıqları məhdud təfəkkürünün məhsuludur, bunlar isə real faktlardır!

Sadə insanın belə verə biləcəyi sual yaranır: əgər sizlər bu dərəcədə ağıllı idinizsə, nəyə görə Azərbaycanı böhrana salırdınız, yaxud böhrandan çıxara bilmədiniz? İndi bir regiona xidmət etdiyini söylədiyiniz Surət Hüseynovu "əsl Bakı ziyalılığı" ilə nəyə görə məğlub edə bilmədiniz? Deməli, onda da real düşünüb hərəkət edə bilmirdiniz, indi də baş verən prosesləri obyektiv təhlil etmək iqtidarında deyilsiniz və ya bunu istəmirsiniz!

Uğurlu Azərbaycan dövlətçiliyi: Qurucuya hörmət, cəmiyyətə dəstək!

Gerçəklik budur ki, Sovet İttifaqı dağıldıqdan sonra azərbaycanlılar 2 ildə nələrisə itirdilər, ancaq 1993-cü ildən etibarən hər şeyi nəinki qaytardılar, hətta yeni yüksək keyfiyyətlər də əldə etdilər. Hansıları? Bir-bir ifadə edək. Hər şeydən əvvəl müstəqil dövlət qurmağın şərəfini və qürurunu yaşamaqdayıq! Keçən 23 il müddətində Azərbaycan adlı göz bəbəyi dövlətimizin BMT Təhlükəsizlik Şurasından səsi gəldi, iqtisadi infrastrukturu tamamilə yenidən qurdu (hansını ki, Ermənistan və Gürcüstan hətta normal demontaj belə edə bilməyib), müasir tələblərə cavab verən azərbaycançılıq ideologiyasına yiyələndi, öz tarixinə, milli-mədəni keçmişinə müstəqil dövlətçilik mövqeyindən yanaşmağı bacardı.

Davam edək. Azərbaycana rəhbərliyi müddətində Heydər Əliyev ölkəni regional liderlik səviyyəsinə yüksəltdi, İlham Əliyev isə onu daha da möhkəmləndirdi. Sosial-iqtisadi sahədə həyata keçirilən proqramlar nəticəsində Azərbaycan cəmiyyətinin həyat səviyyəsi xeyli yüksəldi, Bakı dünyanın ən modern şəhərlərindən birinə çevrildi. İndi burada ən mötəbər tədbirlər təşkil edilir, gələnlər razılıqla evlərinə qayıdırlar. Z.Əlizadənin təriflədiyi sovet dövründə Azərbaycanda istehsal olunan 60-dan çox məhsulun satıldığı ölkələrdə bu məhsulların Azərbaycanda istehsal edildiyini bilirdilərmi və həmin ölkələrin insanları Azərbaycanı tanıyırdılarmı? Şübhə edirik, çünki onda müstəqil dövlət olan Azərbaycanın deyil, SSRİ-nin adından danışırdılar.

Heydər Əliyevin müstəqil dövlətə rəhbər seçildiyi dövrdən başlayaraq Azərbaycan milli dövlət quruculuğunda misilsiz uğurlar əldə edib. Onların sırasında enerji siyasəti və geosiyasi xətt xüsusi yer tutur. Sirr deyil, ağlı və vicdanı olan hər kəs görür: Azərbaycan indi yalnız regional miqyasda deyil, qlobal səviyyədə də enerji təhlükəsizliyinin təminatçılarından biridir. Belə olmasaydı, Rusiya, İran, ABŞ, Türkiyə, Almaniya kimi dövlətlər Azərbaycanla yaxın əməkdaşlıq etməzdilər. Rəsmi Bakının təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq formatları uğurlu olmazdı. Bu, siyasi əməkdaşlıq mədəniyyətinin göstəricisi deyilmi? Hanı Rusiyanı çıxmaq şərti ilə bu səviyyədə əməkdaşlıq formatlarında iştirak edən ikinci bir postsovet məkanı ölkəsi?

Bütün hörmətlərimiz daxilində hətta Ukrayna, Belarus, Qazaxıstan belə bu dərəcədə fəal və səmərəli xarici siyasət yeridə bilmirlər. Özünü "politoloq", "dinşünas" adlandıran Z.Əlizadədən soruşuruq: bir ölkənin xarici siyasətinin uğurları, onun rəhbərliyinin və xalqının düzgün yolda olduğunu göstərmirmi? Dolayısı ilə həmin dövlətin vətəndaşlarının qazancı deyilmi? Bununla müstəmləkə qandalından başqa heç nəyi itirmirik! Bəlkə sizləri məhz elə bu məqam narahat edir?

Demokratiya və din məsələsinə gəldikdə isə, burada təbii ki, çətinliklər vardır. Ancaq hansı dövlətdə belə problemlər yoxdur? ABŞ-damı, Almaniyadamı, bəlkə Rusiyada yoxdur? Qardaş dövlət olan Türkiyədə mövcud deyil?

Hələ başqalarını demirik. Cəmiyyətdə mütləq azadlıqdan, demokratiyadan danışmaq absurddur. Bundan başqa, son zamanlar bir sıra dairələr Azərbaycanı radikal dini qrupların mövcud olduğu ölkə, müxtəlif məzhəblərin at oynatdığı məkan kimi təqdim etməyə çalışırlar. Burada məqsəd aydındır: uzun illərdir ki, düşmənlər Azərbaycanın dünyəvi deyil, radikal dini ideologiyaya boyun əyən və bu kontekstdə milli azlıqlara zülm edən məmləkət obrazını yaratmağa cəhdlər edirlər.

İndi Z.Əlizadə kimi "mütəxəssislər" əsassız olaraq Azərbaycanı dini məzhəblərin əsiri kimi təqdim etməklə düşmənin ideoloji dəyirmanına su tökürlər. Bəli, dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da müxtəlif məzhəblər fəaliyyət göstərməyə çalışır, bu məqsədlə müəyyən planlar qururlar. Lakin onların hamısının hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində qarşısı qətiyyətlə alınır.

Azərbaycan "banan respublikası" deyil, burada sivil cəmiyyət və güclü dövlət var. Ölkədəki vəziyyətə də rəsmi orqanlar tam nəzarət edirlər. Azərbaycan xalqı kifayət qədər yetkindir və heç bir məzhəbin təsiri altında deyil. Bu ölkənin hansısa məzhəbə qulluq edən məmləkət kimi qələmə verilməsi həqiqəti əks etdirmir. Azərbaycanlılar dini fərqliliyə çox tolerantdırlar. Onlar məzhəb mənsubluğunu siyasi kontekstdə qətiyyən qəbul etmirlər. Buranın insanları öz dinlərini sevirlər, ancaq onun siyasiləşməsi səviyyəsi minimal həddədir.

Bu reallığı görmək gərəkdir, həm də ona görə ki, dövlətimizin düşmənlərinin əlinə süni bəhanələr verməyək. Əgər belə olmasa, özümüz də bilmədən Ermənistanın işğalına haqq qazandırmış olarıq. Şübhəsiz, Z.Əlizadə də daxil olmaqla heç bir Azərbaycan vətəndaşı bunu etməz. Lakin həqiqi azərbaycançı olmaqla, bu bəlalardan və səhvlərdən yaxa qurtara bilərik. Bəlkə bu istiqamətdə düşünək? Hamılıqla!

Newtimes.az

 





29.08.2016    çap et  çap et