525.Az

"Ağcabədidə belə tədbirlər artıq ənənə halını alıb"


 

"Ağcabədidə belə tədbirlər artıq ənənə halını alıb"<b style="color:red"></b>

Yay mövsümündə əyalətdə əhaliyə  asudə vaxtın səmərəli təşkili sahəsində işlər Ağcabədi rayonunda da davam edir.
 
Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun sözlərinə görə, bölgə əhalisinin asudə vaxtının və istirahətinin mənalı təşkili məqsədi ilə ilboyu müxtəlif tədbirlər həyata keçirilir.

Yay müddətində bu sahəyə diqqət daha da artırılıb. Yay aylarının məzuniyyət, tətil və bölgəyə çoxsaylı qonaqların gəlişi ilə müşahidə edilən bir dövr olduğunu nəzərə alsaq, belə tədbirlərin necə mühüm əhəmiyyət daşıdığını aydın başa düşmək olar. Təbii ki, bu istiqamətdə digər mədəniyyət müəssisələri ilə bərabər, Qarabağ Muğam Mərkəzi də zəruri addımlar atır.

Direktor deyir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsasən mayın 28-dən sentyabrın 10-dək hər həftənin şənbə günlərində musiqi məktəbləri, mədəniyyət evləri və klub müəssisələrinin özfəaliyyət kollektivlərinin iştirakı ilə Heydər Əliyev mədəniyyət və istirahət parkında geniş konsert proqramları təşkil olunur. Hər il keçirilən belə tədbirlər artıq bir ənənə halını alıb. Sözügedən konsert tamaşalarında Yaqub Məmmədov adına rayon mədəniyyət mərkəzi, Ağcabədi şəhər və Hacıbədəlli kənd uşaq musiqi məktəbləri, Üzeyir Hacibəyli adına incəsənət məktəbinin özfəaliyyət kollektivləri ilə yanaşı, Qarabağ Muğam Mərkəzinin kollektivi də yaxından iştirak edir. Təsadüfü deyil ki, tədbirlərdə Muğam Mərkəzinin "Aysel" uşaq özfəaliyyət ansamblının üzvləri xüsusi ilə   fərqlənirlər.Muğamlardan, xalq və bəstəkar mahnılarından ibarət konsert proqramları sakinlərə istirahət saatlarında xoş ovqat bəxş edir.

Mərkəzin müəllimləri Əhəd Təhməzov, İsa Məmmədov, Faqani Qarayev, şagirdlərdən Nəcibə Məmmədova,Sübhan Qasımov, Hafiz Məmmədov, Aygün Həsənova, Zəhra Məmmədova və başqalarının çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Musiqi proqramlarının uğurlu alınması üçün konsertmeyster Sahib Quliyev əlindən gələni əsirgəmir. Muğam Mərkəzinin müəllim və şagirdləri cəbhə bölgələrində,hərbi  hissələrdə,ictimai yerlərdə də geniş konsert proqramları ilə  çıxışlar edirlər. Onları Qarabağda, ətraf bölgələrdə təşkil olunan tədbirlərdə də tez-tez görmək olar.

Yeri gəlmişkən, sözügedən konsert tədbirlərində məharətlə çıxış edən Muğam Mərkəzinin yetirmələri Ceyhunə Şıxəliyeva, Nəcibə Məmmədova, Nərmin Sultanova və Zəhra Məmmədovanın bu il Bakı şəhərində keçirilən Xan Şuşinski adına III respublika muğam festivalındakı ifaları mütəxəssislər tərəfindən bəyənilib və  yüksək dəyərləndirilib. Müsabiqədə Ceyhunə Şıxəliyeva qalib adını qazanıb, Nərmin Sultanova, Nəcibə Məmmədova respublika Mədəniyyət və Turizm Nazirliyinin  fəxri fərmanları, Zəhra Məmmədova isə xüsusi diplom ilə təltif  olunublar. 

T.Cəfərov söhbət zamanı əlavə olaraq bildirib ki, istedadlı gənc xanəndələr Nəcibə Məmmədova və Zəhra Məmmədova növbəti respublika televiziya muğam müsabiqəsində iştirak edəcəklər.

Yəhya PAŞAZADƏ

 





30.08.2016    çap et  çap et