525.Az

"Vitse-prezidentlik institutunun yaradılması vacib məsələdir"


 

"KONSTİTUSİYAYA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR İQTİSADİ, SİYASİ, SOSİAL VƏ DİGƏR SAHƏLƏRLƏ BAĞLI APARILAN İŞLƏRİN DAHA ÇEVİK ŞƏKİLDƏ HƏYATA KEÇMƏSİNƏ TƏSİR EDƏCƏK"

"Vitse-prezidentlik institutunun yaradılması vacib məsələdir"<b style="color:red"></b>

"Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması zamanın tələbi ilə yanaşı, dövlətçiliyimizin inkişafında vacib məsələdir".

Bu sözləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov  SİA-ya deyib. E.İbrahimov bildirib ki, ölkəmizdə prezident idarəçiliyi olduğu üçün sentyabrın 26-da ölkədə baş tutacaq ümumxalq səsverməsi - Referendumda dövlət başçısının özünə vitse-prezidentlər seçə bilmək imkanı təklif edilir: "Ümumiyyətlə, bu təcrübə bir çox dövlətlərdə - ABŞ, İran və digər ölkələrdə var. Azərbaycanda da belə bir institutun yaradılması hesab edirəm ki, ölkəmizdə aparılan bir çoix işlərə müsbət mənada böyük təsir göstərəcək".

Milli Məclisin komitə sədri qeyd edib ki, vitse-prezidentlik institutu ölkəmizdə iqtisadi, siyasi, sosial və digər sahələrlə bağlı aparılan işlərin daha yüksək səviyyədə və çevik şəkildə həyata keçməsinə də öz təsirini göstərəcək: "Konstitusiyada bununla bağlı nəzərdə tutulan dəyişikliklər bütövlükdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına xidmət göstərəcək. Belə ki, dövlətçiliyimizin daha yaxşı idarə olunması, iqtisadiyyatımızın daha da güclənməsindən daha çox xalq faydalanacaq. Sadalanan işlərin daha çevik şəkildə həyata keçməsində prezidentin özünün müavinlərinin olması vacib və məqsədəuyğundur. Yeni institut həmçinin məmur-vətəndaş münasibətlərində də köklü dəyişikliyə səbəb olacaq".

Milli Məclisin deputatı Elman Məmmədov isə qeyd edib ki, cəmiyyət, dövlətçilik inkişaf etdikcə, dövlətin idarə olunmasında mühüm mərhələlər meydana çıxır: "Hökumətin, cəmiyyətin, dövlətin idarə olunması zamanla ayaqlaşıb, müasir tələblərə cavab verməlidir. Lakin elə məsələlər var ki, onlar məhz Konstitusiya ilə tənzimləndiyi üçün  Konstitusiyaya əlavə və dəyişiklik ümumxalq səsverməsi -Referendum vasitəsilə həyata keçirilir".

Deputatın sözlərinə görə, ölkəmizdə Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərdən biri dünya təcrübəsində istifadə edilən vitse-prezidentlik institutunun yaradılmasıdır: "Bu institut dövlətin idarə olunmasında vacibdir. Birinci vitse-prezident və vitse-prezident postları ölkəmiz üçün mühüm, sırf dövlətin idarə olunmasında ölkə prezidentinə yardımçı qollardır. Bunun əsas təkliflərdən hesab etmək olar və düşünürəm ki, bu institutun yaradılması dövlətimizin, eləcə də dövlətçiliyimizin daha da inkişaf etməsi və yüksək səviyyədə idarə olunması üçün mühüm addımlardan biridir".

E.Məmmədov qeyd edib ki, vitse-prezidentlik institutunun yaranması vətəndaş-məmur münasibətlərinin inkişafına da müsbət təsir göstərəcək: "Sözügedən institutun yaradılması vətəndaşların hüquqlarının, demokratiyanın qorunmasına xidmət edəcək".

Deputat Fəzail Ağamalı isə hesab edir ki, Azərbaycan Respublikasında gözlənilən Konstitusiya dəyişikliyi ölkəmizdə bu quruluşun möhkəmlənməsinə, demokratik proseslərin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edəcək. Onun sözlərinə görə, təklif edilən əlavə və dəyişikliklərdə diqqəti çəkən məqamlardan biri Azərbaycanda idarəçilik sistemində yeni vitse-prezidentlik institutunun yaradılmasıdır ki, bu, ölkə prezidentinin idarəçilik sisteminə vermiş olduğu ən böyük töhfədir: "Bu, yenilik kimi qiymətləndirilməlidir. Vitse-prezidentlik institutunun yaradılması ölkə başçısının idarəçilik sisteminin sadələşdirilməsinə, təkrar, paralel strukturların aradan qaldırılmasına və eyni zamanda  prezidentin səlahiyyətlərinə daxil olan vəzifələrin yerinə yetirilməsində şaxələnməyə xidmət edəcək. Əlbəttə bu, Azərbaycanda vətəndaş-məmur münasibətlərinin inkişafına təkan verəcək, həmçinin dövlət-cəmiyyət münasibətlərində də yeni keyfiyyət dəyişikliyi yaradacaq".

Millət vəkili bildirib ki, ümumiyyətlə, Azərbaycan Respublikası prezidentinin daxili siyasəti Azərbaycan xalqının həyat şəraitinin yüksək səviyyədə təmin olunmasına yönəlib: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər bütövlükdə icra strukturlarında, iqtisadi sferada yeni keyfiyyət dəyişiklikləri yaradacaq ki, bu da ölkəmizin dinamik inkişafına öz töhfəsini verəcək. Ölkənin dinamik inkişafı əhalinin həyat şəraitinin yüksək səviyyədə olması deməkdir. Bu iki amil bir-birilə sıx bağlıdır".

Milli Məclisin üzvü Rövşən Rzayev isə qeyd edib ki, Azərbaycan Konstitusiyasına təklif edilən dəyişiklikləri ölkəmizin inkişafının davamı kimi qiymətləndirmək olar: "Təklif edilən dəyişikliklərə əsasən, ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması dövlətimizin güclənməsi ilə yanaşı, xalqımızın daha da firavan yaşamasına xidmət göstərəcək. Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən güclü dövlətdir. Bu gün Azərbaycan xalqı daha intensiv və çevik siyasət gözləyir. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən icra orqanları da Prezident İlham Əliyevin istədiyi kimi daha çevik, fəal və qətiyyətli addımlar atmalıdır. Belə olan halda, ölkəmiz daha da güclənər, xalqımız daha firavan yaşayar. Bu baxımdan düşünürəm ki, ölkəmizdə vitse-prezidentlik institutlarının yaranması məhz bu siyasətə dəstək və kömək olacaq".   

R. Rzayev qeyd edib ki, ölkə başçısının  "ASAN Xidmət" proqramı ilə Azərbaycan xalqı bir çox bürokratik aparatlardan canını qurtara bilib: "Bu baxımdan yeni yaradılacaq institutut da bu siyasətin davamıdır. Vitse-prezidentlik Azərbaycan xalqına, dövlətçiliyinə daha uğurlu və çevik siyasət gətirəcək. Bundan həm Azərbaycan xalqı bəhrələnəcək həm də ölkəmiz daha da güclənəcək. Ümumiyyətlə, sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi - Referendumdan sonra  yeni institutların yaranması, yeni islahatlar bütövlükdə ölkəmizin xeyrinə atılacaq addımlar olacaq".  

Ceyhun ABASOV

 





30.08.2016    çap et  çap et