525.Az

Oqtay Zülfüqarov vəfat etdi


 

Oqtay Zülfüqarov vəfat etdi<b style="color:red"></b>

Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib.

525.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq  artisti,  “Şöhrət” ordenli,  Prezident  təqaüdçüsü, professor Oqtay Qədir oğlu  Zülfüqarov avqustun 31-də ömrünün 87-ci ilində vəfat edib.

Görkəmli bəstəkarla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək.

O, İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

O.Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub.

O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin tələbəsi olub.

Geniş yaradıcılıq diapazonuna malik sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb, həm kino, həm teatr sənətinə layiqli töhfəsini verib.

Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım”  uvertürası, “Qız ulduz” “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur.

Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr edib. 

Uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub. Görkəmli sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır.

20 ildən artıq müddət ərzində o, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli iş aparıb.

O.Zülfüqarov 1972-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsü idi.

Cavid QƏDİR

 





31.08.2016    çap et  çap et