525.Az

"Baku Guide" bələdçi kataloqunun sentyabr sayı


 

"Baku Guide" bələdçi kataloqunun sentyabr sayı <b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq Azərbaycan, ingilis, rus dillərində nəşr olunan “Baku Guide" bələdçi kataloqunun sentyabr sayı da rəngarəng materiallar bolluğu və başa çatan yayın zəngin təəssüratları ilə diqqət çəkir.

Nazirlikdən 525.az-a verilən məlumata görə, kataloqun yeni sayında sentyabr ayının ən mötəbər beynəlxalq tədbirinə - paytaxtımızın ilk dəfə ev sahibliyi etdiyi Dünya Şahmat Olimpiadasına xüsusi yer ayrılıb.

Nəşrdə 1-14 sentyabr tarixində 180 ölkənin təmsil olunacağı turnirin qrafiki, əlavə tədbirləri, Dünya Şahmat Olimpiadası, Azərbaycanda şahmatın tarixi və şahmatçılarımızın beynəlxalq uğurlarından ətraflı söhbət açılır.

Peşəkar milli teatrımızın yeni mövsümünün başlanması bu il Şəkidə ikinci dəfə keçiriləcək “Üç məkan” beynəlxalq teatr festivalı ilə eyni vaxta təsadüf edir.

Kataloqun oxucuları sentyabrın 15-dən 24-dək davam edəcək festivalın iştirakçıları, eləcə də yeni mövsümün ilk ayında paytaxt teatrlarının təqdim edəcəyi tamaşaların afişası haqqında məlumat alacaqlar.

Bu ay Bakıdakı ən böyük incəsənət hadisəsi isə, sözsüz ki, 18-27 sentyabr tarixində gerçəkləşəcək Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalıdır. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan ənənəvi festivalın tam proqramı nəşrdə əksini tapıb.

"Baku Guide" bələdçi kataloqunun sentyabr sayında oxucular arxada qalan yay mövsümündə paytaxtımızın ev sahibliyi etdiyi mühüm hadisələrə - iyunda gerçəkləşən Formula-1 Avropa Qran-prisi və iyulda keçirilən “Jara” musiqi festivalına bir daha ekskurs edəcəklər.

“Bakının qonaqları bu yayı çox xatırlayacaqlar” adlı materialda hər iki tədbirin iştirakçı və tamaşaçılarının bol təəssüratlarına yer verilib. “Təbiət qoynunda musiqi həftəsi” başlıqlı yazıda isə Heydər Əliyev Fondunun layihəsi olan daha bir tədbirdən, 30 iyul – 5 avqust tarixində keçirilən VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının yekunlarından bəhs olunur.

18 sentyabr - Milli Musiqi Günü, 27 sentyabr - Dünya Turizm Günü haqqında yazılarda bu əlamətdar günlərin tarixi və mahiyyətindən söz açılır.

“Azərbaycan mətbəxi” rubrikasında isə bu dəfə əcnəbi oxucular Şəki-Zaqatala bölgəsində bişirilən dadlı yeməyin - sürhüllünün hazırlanma qaydası ilə tanış olacaqlar.

Şəhər sakinləri və qonaqlar Mədəniyyət və Turizm Nazirliyin nəzdində fəaliyyət göstərən “Baku City Tour”, turun marşrut və dayanacaqları, göstərilən xidmətlər barədə də məlumat ala bilərlər. Həmçinin paytaxtın aparıcı kino nümayişi mərkəzlərinin sentyabr ayı üçün afişası oxucuların ixtiyarına verilib.

Şəhərimizin gənc əcnəbi qonaqları da diqqətdən kənarda qalmayıb. Aktiv istirahətə üstünlük verən qonaqlar onları maraqlandıran əyləncə gecələri, konsert və partilər barədə məlumatı əldə edə biləcəklər.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Turizm agentləri, aviakassalar, hava yolları, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb.

Cavid QƏDİR

 





31.08.2016    çap et  çap et