525.Az

Rəssam-rejissor Nazim Məmmədov sərgi ilə anılacaq


 

Rəssam-rejissor Nazim Məmmədov sərgi ilə anılacaq<b style="color:red"></b>

Sentyabrın 3-də "Port Baku Mall"da rəssam-rejissor Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın ən məşhur əsərləri nümayiş olunacaq.

Sərgi Afət Bağırova, Orxan Aslanov, İrina Eldarova, Pərviz Hüseynov və İrina Qundorinanın iştirakı ilə "Port Baku Mall"da keçirilən incəsənət festivalı çərçivəsində təşkil olunacaq. Sentyabrın 11-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Kollecini bitirib. 1961-ci ildə Moskvada "Soyuzmultfilm"də animasiya kursunu bitirib. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasinda animator, 1970-ci ildən isə rejissor işləyib. O, həm də rəngkarlıq, qrafika janrı ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib. Nazim Məmmədov filmlərdə, kinooçerk və kinojurnallarda animator işləyib.

O, 1988-ci ildə respublikada ilk dəfə beş hissəli "Göyçək Fatma" cizgi film-operasını yaradıb. Onun adı ən sevimli cizgi filmləri ilə bağlıdır. İlk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib. O, həmçinin rəsm, dəzgah rəsm, uşaq kitab illüstrasiyası ilə məşğul olub. Rəssamın əsərləri Azərbaycanda və xaricdə tanınır.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.

 





31.08.2016    çap et  çap et