525.Az

"Xüsusi iqtisadi zonaların yaradılması mühüm faktor sayıla bilər"


 

"Xüsusi iqtisadi zonaların yaradılması mühüm faktor sayıla bilər"<b style="color:red"></b>

"İranın Böyük İpək Yolu layihəsinin bir hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinə qoşulmasında hər hansı problem olmamalıdır".

Bunu  millət vəkili Vahid Əhmədov son günlər İranın BTQ layihəsinə qoşulacağı ilə bağlı səslənən fikirləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, İran Böyük İpək Yolu layihəsində Azərbaycandan, Çindən Avropaya malların daşınması ilə dəmiryolların çəkilməsində iştirak etmək istəyir: "Bununla bağlı İran prezidenti ilə Azərbaycan prezidenti arasında danışıqlar olub. Həmçinin, İran Astarası ilə Azərbaycan Astarası arasında körpü tikilməsi ilə bağlı müqavilə imzalanıb və bu körpü ilin sonuna kimi istifadəyə veriləcək". Millət vəkili Bakı-Tbilisi-Qars dəmiryolunun bu layihənin bir hissəsi olduğunu əlavə edib:"Bu layihə, Astara-Astara dəmiryolu da daxil olmaqla hamısı bir yerdə Çindən tutmuş Avropaya qədər, Gürcüstan, Azərbaycan, Türkiyə vasitəsilə yüklərin çıxarılmasıdır. İran üçün də bu vacib bir layihədir. Çünki bunun vasitəsilə əvvəlki illərdə 5 milyon ton, sonra isə artırılaraq 10 milyon ton yükün daşınması nəzərdə tutulub. Əlbəttə, İran bu layihədə iştirak edəcək və onun iştirakında hər hansı problem olmamalıdır".

V.Əhmədov Azad iqtisadi zonaların yaradılmasına da toxunub: "Ölkəmizdə 10 ilə yaxındır ki, "Azad iqtisadi zonalar" haqqında qanun qəbul edilib. Amma buna baxmayaraq, hazırda  dövlət başçısının sərəncamı ilə ölkəmizdə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli ilk xüsusi iqtisadi zonanın yaradılması üzərində işlər gedir. Hesab edirəm ki, bu zona 1 ilə fəaliyyətə başlayacaq". Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycanda bu proses nədənsə ləng gedir: "Ümumiyyətlə, bu zonalar sahibkarlığın inkişafına təkan vermək üçün əsas obyektlərdən biridir. Lakin görünür buna mane olan səbəblər var".

Xüsusi iqtisadi zonaların əhəmiyyətindən danışan millət vəkili söyləyib ki, sözügedən zonaların yaradılması ölkə iqtisadiyyatında mühüm faktor sayıla bilər: "Xüsusi iqtisadi zonalar qanunauyğun olaraq yaradılır, orada bütün kommunikasiya xətləri çəkildikdən sonra sahibkarların istifadəsinə verilir. Bundan başqa həmin zonalarda vergi, gömrük və digər güzəştlər nəzərdə tutulub ki,  bu da onları daha da cəlbedici edir. Belə olan halda, sahibkarlar qısa müddətdə gəlir əldə edərək dövlət büdcəsinə vergi ödəyirlər".

Bütövlükdə Çin, İran iqtisadiyyatının təxminən 40 faizini xüsusi iqtisadi zonalar təşkil etdiyini deyən V.Əhmədov ölkəmizdə də bu cür zonaların yaradılması üçün böyük imkanlar olduğunu dilə gətirib: "Azərbaycanda dəmir yolu, dəniz və digər potensial olduğu üçün Quba -Xaçmaz, Lənkəran-Astara, eləcə də Qaradağda xüsusi  iqtisadi zonaların yaradılmasının çox böyük əhəmiyyəti olardı".

PƏRVANƏ

 





31.08.2016    çap et  çap et