525.Az

Vitse-prezidentlik institutu effektiv idarəetməni təmin edəcək


 

"PROSESLƏRƏ ÇEVİK REAKSİYA OLMADAN ÖLKƏNİN İQTİSADİ İNKİŞAFININ DAHA GENİŞ ŞƏKİLDƏ VÜSƏT ALMASI MÜMKÜN DEYİL"

Vitse-prezidentlik institutu effektiv idarəetməni təmin edəcək<b style="color:red"></b>

"Hazırda Azərbaycan çox ciddi hüquqi siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - Referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü Konstitusiyaya dəyişikliklər, 6-sı isə əlavədir".

Bunu  Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu SİA-ya deyib. O bildirib ki, təklif edilən əlavə və dəyişikliklər əsasən insan hüquq və azadlıqlarına yönəlib: "Eyni zamanda Azərbaycanda mövcud idarəetmə institutları daha da optimallaşdırılır. Əgər xalq bu islahatlara səs verəcəksə, biz gələcəkdə Azərbaycanda daha optimal, effektiv idarəetmənin şahidi olacaq, həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu prosesdə Nazirlər Kabineti ilə bərabər vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Nazirlər Kabinetinin bu vaxta qədər ölkə iqtisadiyyatında, ölkənin idarə olunmasında, islahatların aparılmasında lokomotiv olub-olmaması da müzakirə məsələsi deyil. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu müqayisə oluna bilməz. Bu baxımdan biz məsələnin daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Bu yeni qurum özü-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək".  

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, vitse-prezidentlik institunun yaradılması ilk növbədə Azərbaycanda prezident tərəfindən keçirilməsi nəzərdə tutulan genişmiqyaslı islahatların aparılması ilə bağlıdır. Onun sözlərinə görə, islahatların çevik və dinamik şəkildə həyata keçirilməsi üçün daha çevik, daha mütəşəkkil, dinamik hərəkət etməyi bacaran, müasir dövrlə ayaqlaşan, dünyada baş verən iqtisadi prosesləri dərindən izləyən və qiymətləndirən bir aparatın formalaşmasına ehtiyac var:

"Şübhəsiz ki, bu baxımdan vitse-prezidentlik institutunun gerçəkləşməsi qeyd edilən istiqamətdə islahatların aparılmasına geniş təkan verəcək. Nazirlər Kabinetinin fəaliyyəti prinsip etibarilə göz önündə idi. Mütəmadi olaraq cənab prezident keçirdiyi müşavirələrdə Kabinetin fəaliyyəti ilə bağlı öz fikirlərini bildirib və hər dəfə Azərbaycanın yeni istiqamətlərini, hədəflərini nişan verib. Proqram xarakterli istiqamətlər göstərib. Təəssüflər olsun ki, bu istiqamətlər tam şəkildə həyata keçməyib. Bəzi hallarda isə hansısa süni maneələrin yaradıldığının bu prosesdə şahidi olmuşuq. Qənaətimə görə, vitse-prezidentlik institutunun bu baxımdan gerçəkləşməsi artıq zərurətdir. Bu, bilavasitə ölkə başçısının həyata keçirdiyi islahatlarla əlaqədardır. Digər tərəfdən, regionda və dünyada baş verən proseslərlə bağlıdır. Çünki baş verən indiki proseslərə çevik reaksiya olmadan, dinamik şəkildə situasiyaya, yaranmış fors-major hallarına uyğun addımlar atmadan islahatların gerçəkləşməsi və ölkənin iqtisadi inkişafının bundan sonra da daha geniş şəkildə vüsət alması mümkün deyil. Ona görə də Konstitusiyaya edilən dəyişikliklər sadəcə müəyyən müddəaların əlavə edilib, dəyişdirilməsi yox, həm də konseptual bir yanaşmadır, Azərbaycanın gələcəyi ilə bağlı olan bir strategiyadır. Bu strategiyanın həyata keçməsi nəticəsində Azərbaycan özünün hədəflərinə doğru daha sürətlə və inamla addımlayacaq".

Ceyhun ABASOV

 





31.08.2016    çap et  çap et