525.Az

Əbülfəs Qarayev Bruklin rayonunun prezidenti ilə görüşdü


 

Əbülfəs Qarayev Bruklin rayonunun prezidenti ilə görüşdü<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Erik Adamsı qəbul edib.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.
 
Ə. Qarayev Bruklin inzibati rayonundan Bakıya istedadlı, gənc uşaqlar üçün mədəni mübadilə proqramının yaradılmasını təklif edib.
 
Mədəniyyət və turizm naziri 2017-ci ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verib və nümayəndə heyətini bir çox ölkənin yüksək səviyyəli dövlət rəsmilərini, ekspert və media nümayəndələrini bir araya gətirən Forumda iştirak etməyə dəvət edib.  
 
E.Adams ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və mədəni mübadilə proqramının həyata keçirilməsi təklifini yüksək qiymətləndirib. Bu istiqamətdə görülən işlərin həm mədəniyyət, həm də turizm sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib.
 
Qeyd edək ki nümayəndə heyətinin 30 avqust–3 sentyabr tarixində Azərbaycana səfəri çərçivəsində  bir sıra rəsmi görüşlərlə yanaşı, Azərbaycan Xalça Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna və Heydər Əliyev Mərkəzinə ekskursiyaları nəzərdə tutulub.
 





31.08.2016    çap et  çap et