525.Az

Azərbaycanda mətbuat azadlığı və jurnalistlərin peşə davranışı normaları


 

Azərbaycanda mətbuat azadlığı və jurnalistlərin peşə davranışı normaları<b style="color:red"></b>

Ağaddin BABAYEV
APA İnformasiya Agentliyinin bölgə müxbiri, Lənkəran 

Söz azadlığı dünyada bəlkə də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Söz və fikir azadlığı olmadan demokratik ənənələrin ölkə həyatında bərqərar olması qeyri-mümkündür desək,  yəqin ki, səhv etmərik. Dünyanın siyasi və ictimai düzümü elə bir səviyyəyə çatıb ki, “Azad mətbuat nə üçün lazımdır” sualı artıq öz aktuallığnı tamamilə itirib. Çünki indi mətbuat hər hansı bir demokratik ölkədə yalnız “dördüncü hakimiyyət” rolunu oynamır. Mətbuat həm də cəmiyyətin inkişaf göstəricisi hesab olunur. Filosof-feminist E.Fok haqlı olaraq yazıb:”Etiraf etmək lazımdır ki, bütün konstitusiyanın əsasını söz və mətbuat azadlığı təşkil edir. Bu özülü götürsək, bina büsbütün çökə bilər”.

Təqdirəlayiq haldır ki, söz, mətbuat azadlığı insan hüquq və azadlıqları ilə bağlı bütün beynəlxalq xartiya və konvensiyaların ana xəttini təşkil edir. İnsan Hüquqları Bəyannaməsi (1948), Avropa Konvensiyası (1953), Mülki və Siyasi Hüquqlar üzrə Amerika Konvensiyası (1978), İnsan və Xalqların Afrika Xartiyası, Avropa Şurası Parlament Assambleyasının söz və kütləvi informasiya azadlığının qorunması ilə bağlı 428 saylı qətnaməsi (1970) və onlarla bu kimi beynəlxalq sənədlərdə özünüifadəetmə azadlığı ən ali hüquq qismində təsbit olunub. 1994-cü ildə Mexikoda qəbul edilmiş Çapultarek Deklarasiyası da söz azadlığını daha modern və ideal məzmunda müəyyənləşdirib:”Söz və mətbuat azadlığı olmadan heç bir xalq və ya cəmiyyət azad ola bilməz. Bu azadlıq heç bir hakimiyyət tərəfindən bağışlanmır, o, xalqa mənsub olan alınmaz hüquqdur”.

Bəs Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti necə olub? Yaşadığımız indiki dövrdə necədir? Bu suallara cavab verməzdən əvvəl təbii ki, bir sıra tarixi və müasir reallıqları nəzərdən keçirmək lazım gəlir. Şərqdə ilk demokratik respublikanın qurucusu olan Məmməd Əmin Rəsulzadə hələ 102 il öncə – 1911-ci ildə belə yazmışdı:”...Mətbuat azadlığı insan azadlığının əsas sütunudur, çünki o, ağlın, təfəkkürün əsas qüvvəsidir. Mətbuat azadlığına əl qaldırmaq, insan azadlığına təcavüz etməkdir. Adamların ağlı və fikri azad olsa, onlarin fərdi inkişafi da sürətlənər. Azadlığın qarşısını almaq insanın ağıl və təfəkkürünü əlindən alıb onu bir maşına, ya cansız alətə çevirmək deməkdir...”

Bir həqiqəti heç cür danmaq mümkün deyil. Yetmiş illik Sovet hakimiyyəti dövründə nəinki fikir və mətbuat azadlığı vardı, sadəcə bu termini dilə gətirmək belə çox qorxulu məsələ idi. SSRİ Konstitusiyasında əsas insan hüquq və azadlıqları öz əksini tapsa da, bu, yalnız rəsmiyyətçilik xarakteri daşıyırdı.Yazılı ədəbiyyatda, mətbuat səhifələrində müstəqil fikir yürütmək mümkünsüz bir şey idi və bu barədə düşünənləri çox ağır cəza gözləyirdi. 1930-cu illərin sonunda Azərbaycanın yüzlərlə say-seçmə ziyalılarının, şair, yazıçı və tənqidçilərinin, qəzet redaktorlarının başına gətirilən müsibətlərdən hamımız yaxşı xəbərdarıq. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Əli Nəzmi, Mümtaz, Tağı Şahbazi və onlarla bu kimi müstəqil düşüncə sahibləri əqidələrinə görə Vətəndən didərgin salınıblar və ya Sovet gilyotinindən keçiblər. Həmin dövrdə kommunist düşüncəsi bütün mülki-siyasi azadlıqların önündə gedirdi və Azərbaycanda da mətbuatın başı üzərindən asılan “Demokl qılıncı” gündən-günə aşağı enirdi.

Şahidi olduğum bir hadisəni hələ də unuda bilmirəm. Ötən əsrin 80-ci illərin ortalarında “Leninçi” (indiki “Lənkəran”) rayon qəzetində işləyirdim. Qəzetin hər sayı mətbəədə çap olunduqdan sonra bir qayda olaraq elə gecə ikən redaktorun evinə aparılırdı. Redaktor isə öz növbəsində qəzeti oxuyaraq, abunəçilərə çatdırılmaqdan ötrü poçt şöbəsinə göndərilməsinə icazə verərdi. Bir dəfə isə redaktor qəzetdə o dövrün rəhbər vəzifədə çalışanlardan birinin soyadının səhv getməsindən bərk qəzəblənərək mətbu nəşrin 32.000 nüsxəsinin büsbütün yandırılmasına sərancam verdi. Bu hadisədən qəzet əməkdaşlarından və mətbəə işçilərindən cəmi bir neçə nəfəri xəbər tuta bilmişdi. Həmin sayda gedən yanlışlığa düzəliş verildikdən sonra qəzet yenidən çap olunaraq poçt şöbəsinə yola salındı.

Əslində redaktorun 32.000 tirajlıq nəşri çıxdaş etməkdən başqa çarəsi yox idi. Əgər o cür səhvlə qəzet abunəçilərə çatdırılsaydı, çox güman ki, redaktoru raykomun bürosunda böyük cəza gözləyəcəkdi.

Bax, Azərbaycanda mətbuatın düçar olduğu acınacaqlı vəziyyət ta ötən əsrin 80-ci illərin sonunadək davam edib. 1988-ci ildən başlayaraq postsovet məkanında baş qaldıran ümumxalq hərəkatı kommunizm ideologiyasının qarşısına sədd çəkməklə demokratiya ab-havasının formalaşmasına zəmin yaratmış oldu. Artıq 90-cı illərin əvvəllərində Azərbaycan da daxil olmaqla, SSRİ respublikaları müstəqillik əldə edərək psevdoazadlığa birdəfəlik “əlvida” dedilər.

1995-ci ilin noyabr ayında müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edilərkən  mətbuat azadlığı və onunla əlaqədar məsələlərin kompleks tənzimlənməsini həyata keçirmək üçün bir sıra mühüm normalar da burada öz əksini tapdı. Məsələn, maddə 46 – Şərəf və ləyaqətin qorunması hüququ, maddə 47 – Fikir və söz azadlığı, maddə 48 – Vicdan azadlığı, maddə 49 – Sərbəst toplaşmaq azadlığı. Məlumat azadlığı adlanan 50-ci maddədə qeyd edilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır (1-ci bənd). Eyni zamanda, həmin maddənin 2-ci bəndində qeyd edilir ki, kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Mətbuat azadlığı qarşı tərələrin də hüquqlarına hörmətlə yanaşmanı tələb edir. Belə ki, Konstitusiyanın 50-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

1996-cı il noyabrın 15-də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin (“Qlavlit”) iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” isə vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından bir müddət sonra Azərbaycan Prezidentinin 1998-ci il  avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Həmin fərmanla informasiya vasitələri üzərində “Demokl qılıncı” kimi asılmış “Qlavlit”in fəaliyyətinə həmişəlik son qoyuldu.

7 dekabr 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” və 30 sentyabr 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” qanunların qəbul edilməsi də Azərbaycanda azad mətbuatın inkişafı üçün mühüm töhfə oldu.

Bu gün artıq MDB ölkələri arasında KİV-in kəmiyyətinə görə Azərbaycan lider yerlərdən birinə yiyələnib. Ölkəmizdə söz, fikir və mətbuat azadlığının tam təmin olunması nəticəsində indiyədək 4800-dən çox kütləvi informasiya vasitəsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qəzet və jurnallardan 100-dən artığı müntəzəm, qalanları isə fasilələrlə işıq üzü görməkdədir. Təsis edilən qəzet və jurnallar müxtəlif siyasi ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fziki şəxslərə məxsusdur.

2003-cü ildə təsis edilmiş Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Ölkə başçısı İlham Əliyevin 3 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” sərəncamı da kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Fond son 4 ildə uğurla fəaliyyət göstərərək mətbuatın inkişafına, o cümlədən qəzetlərin ayrı-ayrı layihələrinin maliyyələşdirilməsinə mütəmadi maddi yardım göstərir.

Konsepsiyanın beşinci hissəsində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri əhatəli əksini tapıb. Belə ki, fond fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, uşaq və gənclərin fiziki və mənəvi inkişafı,  ictimai və dövlət maraqlarının qorunması, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsinə xidmət edən bu kimi layihə və proqramları maliyyələşdirməklə ildə ən azı 2 dəfə ölkənin aparıcı qəzet və jurnallarına, jurnalist təşkilatlarına pul vəsaiti ayırır. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən və ildə 3 dəfə keçirilən fərdi yazı müsabiqələrində isə üst-üstə 150-dən çox qələm əhli fondun pul mükafatlarından yararlanır.

Bəs mətbuatın azad, sərbəst, maneəsiz fəaliyyət göstərdiyi indiki zamanda ölkəmizdə jurnalistlərin hamısımı peşə davranış  qaydalarına lazımınca riayət edir? Təəssüf ki, bu suala birmənalı şəkildə “bəli” demək mümkün deyil. Demokratik cəmiyyətin bəhrələrindən geninə-boluna istifadə edən bəzi işbazlar indi də qəzet açmaq iştahına düşməklə  jurnalistikada “iz” qoymağa cəhd göstərirlər. Onların çoxunun nəinki ali, heç orta ixtisas təhsili olmadığı halda, ciblərinə vəsiqə qoyub, idarə və təşkilatların qapısına gedirlər. Məqsəd isə aydındır: yetərincə pul qoparmaq. İstəkləri gerçəkləşməyəndə, bu “qələm sahibləri” öz qəzetlərində hədyan dolu cızmaqaraları ilə idarə müdirlərindən “tənqid” yazırlar. Nəticədə isə jurnalistlərin peşə davranışı normaları – qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi ümdə prinsiplər pozulur, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan yazılar qəzet səhifələrində özünə yer alır.

Yaşadığım Lənkərana demək olar ki, hər gün 3-4 müxbir gəlir. Əksəriyyəti də cüt-cüt, qoşa-qoşa gəzir. Onlar idarə və müəssisələrdə, xüsusən də büdcə təşkilatlarında olur, amma həmin təşkilatlar barədə çalışdıqları qəzetlərdə bir kəlmə də yazmırlar.

Bəzi qəzetlər isə yaxşı “iş metodu” tapıblar. Elə ki, ölkə başçısının ad günü yaxınlaşır, yubiley nömrəsi çap etdirmək bəhanəsi ilə düşürlər idarə müdirlərinin, polis, məhkəmə və prokurorluq orqanları əməkdaşlarının canına və hərəsindən 5-10 manat qopardaraq onların şəkilləri ilə birlikdə təbriklərini də qəzetdə dərc edirlər. Bu yaxınlarda əlimə keçən qəzetlərin birində nə az, nə çox, düz 65 nəfər idarə müdirinin, prokuror, məhkəmə və polis işçisinin şəkilləri verilmişdi. Bu yazıq məxluqların təbriklərinin məzmunca bir-birini təkrarlaması bir yana qalsın, hətta beş-altı ay əvvəl dünyasını dəyişmiş bir şəxsin... adından təbrik mətninin verilməsi isə adamı vallah, dəhşətə gətirirdi. Budurmu jurnalistika? Belələri sənətinə can yandıran, peşə davranış normalarına layiqincə əməl edən, yazdığı hər bir qəzet materialı üçün böyük məsuliyyət hissi duyan əsl jurnalistlərə ləkə sayılmırlarmı?

Vallah, kim nə deyir-desin, bu idarə müdirləri də az aşın duzu deyillər. Bəzən onlara zəng çalıb bir fakt soruşanda min bir bəhanə gətirib, yaxalarını qurtarırlar. Amma “reket” jurnalistlərdən isə bu idarə müdirləri yaman qorxurlar. Qorxurlar ki, paxırları açılsın, əməlləri qəzet səhifələrində faş edilsin. Odur ki, tez-tələsik əllərini ciblərinə salıb:”Xoş gəlmisiniz, bizdən yazmağa dəyməz” deyib, 5-10 manatla “qonaq”larını qapılarından yola salırlar.

Nə yaxşı ki, Mətbuat Şurası “reket jurnalistika”sına qarşı ardıcıl olaraq barışmaz və qətiyyətli mübarizə üsullarından istifadə edir. Jurnalistlərin Peşə Davranışı Qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə hazırda 86 qəzet və jurnalın adı Şuranın “qara siyahı”sına daxil edilib.

Daha bir məqamı xüsusi qeyd etmək yerinə düşərdi. Son dövrlərdə heç bir imicə, oxucu rəğbətinə malik olmayan qəzet və veb-saytlar sensasiya xətrinə qeyri-peşəkarcasına yalan dolu məlumatları oxucu kütləsinə sırımağa səy göstərirlər. Beş-altı ayın söhbətidir. Redaktorumuz mənə zəng vuraraq saytların birində Cəlilabadda əhalinin icra başçısına məxsus mülkünü odlaması barədə məlumatın yerləşdirildiyini bildirdi. Təbii ki, mən dərhal sözü gedən rayonla əlaqə saxladım və məlumatın həqiqətə uyğun olmadığını dəqiqləşdirdim. Daha sonra həmin sayta daxil olub, orada məlumatla yanaşı yerləşdirilmiş fotoşəklə diqqət yetirdim. Yay fəsli olsa da, şəkildən yerdə bəmbəyaz qarın olduğunu müşahidə etmək heç də çətin deyildi. Bu cür misalları çox gətirmək olar. Amma XXI əsrin oxucusu daha avam deyil və o, qaranı ağdan, yalanı düzdən ayırmağı yaxşı bacarır. Onsuz da hər şeyin əvvəl-axırı var. Peşə davranışı qaydalarına əməl etməyən qəzetlər nəticə etibarı ilə oxucusuz qalacaqlar. Yalan yazan, şər, böhtan, iftira atan, ucuz sensasiya axtaran mətbu nəşri heç kimə lazım deyil.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.   

 





07.03.2013    çap et  çap et