525.Az

Böyükkişi Mirzəzadə: böyük vətəndaş və şair


 

QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI

Böyükkişi Mirzəzadə: <b style="color:red">böyük vətəndaş və şair</b>

(Əvvəli ötən sayımızda)

Qərbi Azərbaycanın əzabkeş tərənnümçüsü Böyükkişi Mirzəzadənin şeirlərini təhlil edərkən bu vətənpərvər söz adamının ürəkdən gələn ümummilli ağrı və iztirablarla yanıb-yaxıldığına əminlik hasil edirsən.

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda ölkəmizin yaşadığı bir çox tarixi ədalətsizliklərlə birlikdə Azərbaycan ədəbiyyatında, düşünürük ki, Qərbi Azərbaycan ədəbiyyatına da yanaşmalarda formalaşdırmalıyıq. Məhz bu nöqteyi-nəzərdən çıxış edərək, müasir Azərbaycan ədəbiyyatında Qərbi Azərbaycan mövzusuna ölkəmizin ərazi bütövlüyü və xalqımızın milli-mənəvi birliyi istiqamətində yenidən baxmağa, bu mövzunu ön mövqeyə çəkməyə ciddi ehtiyac vardır. Bu cəhətdən Böyükkişi Mirzəzadənin əsərləri zəngin material verir. Daha doğrusu, Böyükkişi Mirzəzadə-Təmkinin əsərləri demək olar ki, əsas etibarilə Qərbi Azərbaycan və milli-mənəvi birlik mövzusu üzərində qurulmuşdur. Bədiilik baxımından tam olmasa da problemin mahiyyətini açmaq və vətənpərvərliyə çağırış bu poeziyanın baş mövzusudur.

Böyükkişi Mirzəzadənin "Tiran dağıldı" şeirində qırmızı imperiyanın süqutu və milli dəyərlərimizin dirçəlməsindən bəhs edilir.

Şair ata-babalarımızın yurd-yuvasını dağıdan, gün-güzəranını və ailəsini məhv edən, elimizin-obamızın dağ vüqarlı, qaya əzəmətli kişilərini öz vətənindən didərgin salan müstəmləkə rejiminin ağır nəticələrini, qanlı faciələrini poetik sözün gücü ilə gözlərimiz önündə canlandırır. Müəllif öz sözünü həmin repressiyalardan taleyin möcüzəsi ilə sağ-salamat qurtulmuş nurani bir qocaya, yüz yaşlı babaya müraciətlə başlayır:

"Kommunizm vəhşətdi, kommunizm vəba,
Nə qədər bu yolda dözdük əzaba,
Gözün aydın olsun, yüz yaşlı baba,
Səni qul eyləyən tiran dağıldı,
Oldu yerlə-yeksan, viran, dağıldı.

Nə idi ay baba, günahın sənin,
Sürgünlərdə keçdi sabahın sənin,
Axır götürmədi Allahın sənin,
Allah qəzəbindən tiran dağıldı,
Zamanın hökmü ilə bir an dağıldı.

Axı imperiya hara, azadlıq hara,
"Azadlıq" - deyəni çəkdilər dara,
Həm dilə qadağa, həm qulaqlara,
Hökm edən o qorxunc tiran dağıldı,
Ağızlara qıfıl vuran dağıldı".

Müasir Azərbaycan poeziyasında qorxunc imperiyanın süqutu, millətlərin və xalqların azadlığa çıxması barəsində xeyli şeirlər yazılıb. Həmin poetik nümunələrdə ötən yüzilin ən möhtəşəm və böyük yeniliklərindən olan sabiq imperiyanın dağılması müxtəlif aspektlərdən təsvir və tərənnüm edilib. Bu şeirdə isə ümumxalq sevincinin, qurtuluş duyğusunun ürəkdolusu, tarixi qələbə və  zəfər üslubunda  vəsf edilməsi diqqəti özünə çəkir. Müəllif məharətlə 11 bəndlik, 55 misralıq şeirdə yaxın keçmişimizin, yaşadığımız ictimai-siyasi epoxanın qanlı-qadalı olaylarını və mərhələlərini bədii tarixin təcəssümünə çevirir. Böyükkişi Mirzəzadənin poeziyasında əsas ictimai-fəlsəfi meyllərdən biri tarixi yaddaşın ardıcıllığını və davamlılığını təmin etməkdən ibarətdir. O, xalqı oyatmaq, Vətəni birləşdirmək və bütövləşdirmək üçün milli yaddaşın bərpasına və dirçəldilməsinə can atmağı əsas vəzifə kimi bizim qarşımıza qoyur. Bu məqsədə çatmaq üçün birinci növbədə o özü can atır və ürəkdən çalışır.
 
"Tiran dağıldı" şeirində də əsas bədii məqsəd keçmişi sadəcə xatırlamaq, xalqımızın qanlı-qadalı tarixindəki cəlladları, casusları, satqınları söymək və bədnam etmək deyil. Vətənimiz tarixinin qanlı və qəmli səhifələrini bir daha yaxşı-yaxşı oxumaq, könül yaddaşına köçürmək və milli təhlükəsizliyimizin əbədiliyinə, sarsılmazlığına gələcək nəsillərin təsəvvür və təxəyyülündə özül yaratmaqdır. Böyük bir xalqın "beş yerə parçalanması"nın ələmi, əzabı, yanğısı şairin bu mövzudakı şeirlərinin hamısında nəzərə çarpan milli-estetik xüsusiyyətdir:

Tarixi məqamda tiran dağıldı,
Milləti sarsıdan, yoran dağıldı.
Vətən, bahar gəldi, ayazlar keçdi,
Neçə Əbdürrəhman, Ayazlar keçdi...
Onlar söykəndiyi tiran dağıldı,
Satqın arxasında duran dağıldı".

Təmkinin bir çox şeirləri milli yaddaş və vətən dərsliyi kimi qiymətlidir. Onun bu mövzudakı ən yaxşı şeirlərində Hüseyn Arif, Qabil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Xəlil Rza Ulutürk, Cabir Novruz, Məmməd Aslan, Nəriman Həsənzadə və başqa ustad şairlərimizin bu ruhdakı əsərləri ilə həmahənglik nəzərə çarpır. Məhz bu həmahənglik Təmkin - Böyükkişi Mirzəzadə şeirlərinin müasir bədii təfəkkürümüzün özünəməxsus bir səhifəsi olduğunu göstərir. Məsələn, "Hünər, qeyrət dəmi" şeirində Məmməd Araz və Xəlil Rza Ulutürk kimi cəngavər, döyüşkən sənətkarlarımızın cəsarəti əks edib. Təmkin yaxın tariximizin ən məsuliyyətli dövründə xalqımıza müraciət edib deyirdi:

"Dünya nehrə kimi çalxalanır hey,
Başımız üstündə qara buludlar.
Dağılır, sökülür, dəyişir hər şey.
Allaha qalıbdır yalnız ümidlər.

Açıb tariximi oxuyuram mən,
İnanıb yadlara çox aldanmışıq.
Fitnə-fəsadından əl çəkmir düşmən,
Yadla üzbəüzdə təkcə qalmışıq.

İllərlə qapımda sülənən dığa,
Mənə əl qaldıran erməniyə bax,
Gör Puşkin nə deyib, eşit sən dığa,
"Sən ermənisən, sən oğru, qorxaq".


Şair milli ictimai faciələrimizin səbəbləri və mahiyyəti barəsində dərindən düşünür. Vətənimizin son iki yüz ildə başına gətirilən müsibətlərin kökündə müstəmləkəçilik əsarətinin, milli natamamlığımız və yarımçıqlığımızın  dayandığını xalqa təlqin edir. Yadellilərin bizə həqiqət və ədalət gətirə bilməməsinin səbəblərini, yabancı adət və ənənələrin, əxlaq və həyat tərzinin bizə yalnız bədbəxtlik gətirə biləcəyini vurğulayır.

Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, Böyükkişi Mirzəzadənin poeziyasında ədəbi maarifçilik missiyasının yüksək bədii şəkildə əks etdiyini də görürük. Müəllifin  ürək yanğısı və vicdan ağrısı ilə söylədiklərini oxuyarkən bir vaxtlar dahi klassiklərimiz Mirzə Cəlil, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, M.Hadi və başqalarının milli varlığımızın müdafiəsi uğrundakı mübarizəsi yada düşür. Onlar da zamanın ən zəruri həqiqətlərini məhz bu cür ehtirasla və səmimiyyətlə öz müasirlərinə söyləməyə can atırdılar: "Dərk edək bunları indi, arkadaş, Əldən gedən torpaq namusumuzdur.

"Yarmadan aş olmaz, nə yaddan qardaş",
Can-ciyər - öz oğul, öz qızımızdır.
Qayıt soykökünə, qoru adətin,
Əslini, zatını tanı, qardaşım.

"Bir bayraq altında yüz min millətin,
Qardaşlıq dünyası" hanı, qardaşım?

Bizi əyə bilməz düşmən həmləsi,
Qüdrət də bizdədir, güc də bizdədir.
Bizə gərək deyil özgə kölgəsi,
Hər dərdin dərmanı özümüzdədir".

Bu misralar həmişə müasirdir. Dünən də, bugün də ata və babalarımız, müasirlərimiz bu həqiqətlərin doğru-düzgünlüyünə əminlik hasil ediblər. Sabah da xalqımızın övladları necə yaşamaq sualına bu bədii həqiqətlər ilə tanış olarkən  cavab tapa bilərlər.

Milli qüsurlarımızın və naqisliyimizin səbəblərini, bizim bu vəziyyətə düşməyimizin, milli mahiyyətimizin zədələnməsinin tariximizin amansız gedişatı və dolambaclarının nəticəsi olduğunu da müəllif öz şeirlərində əks etdirməyə çalışır. Məsələn, şair həmin faciələrdən birini aşağıda bəyan edir:

Ziyalısı, başbiləni, qırılıb,
Oba-oba, oymaq-oymaq sürülüb,
Köçhaköçdən, qaçhaqaçdan yorulub,
Görən, nə vaxt düzələcək bu millət,
Hələ çoxmu əziləcək bu millət?! 

Nə hüququ olub, nə ixtiyarı,
Talanıb sərvəti, daşınıb varı,
Hərraca qoyulub tam torpaqları,
Görən, nə vaxt düzələcək bu millət,
Hələ çoxmu əziləcək bu millət?! 

Poeziya insan qəlbinin tərcümanıdır. Həyatın və zamanın şair qəlbində oyatdığı mürəkkəb və sirli duyğuların poetik ifadəsidir. Amma yaşadığı zaman və düşdüyü şərait, xalqının başına gələnlər, keçmiş və bugün, keçmiş və gələcək arasında dəhşətli uçurumlar yarananda şeir sənəti təkcə öz görməli olduğu işlə, yerinə yetirməli olduğu vəzifə ilə məhdudlaşmamağa çalışır.  Lirika bir qəlbin aynası, əks-sədası olmaqdan, öz müasirlərinin əhvali-ruhiyyəsini dolayısı ilə əks etdirməkdən imtina edir. Şeir birbaşa millətin özünə müraciət etməyə başlayır, xalqın həyatına və vəziyyətinə müdaxilə edir. Poeziya öz ədəbi əsilzadəliyini bir yana qoyub, xalqın gününü, güzəranını yüngülləşdirməyi, milləti yaşatmağı öz qarşısına bir məqsəd kimi qoyur. B.Vahabzadə, M.Araz, X.R.Ulutürk, N.Həsənzadə, S.Rüstəmxanlı, Z.Yaqub və onlarla başqaları yeri gələndə məhz bu cür fəaliyyət göstərmiş, bu ruhda əsərlər yaratmışlar.

(Ardı var)

 





01.09.2016    çap et  çap et