525.Az

Tərtərdə “Məişət zorakılığına “Yox” deyək!” adlı tədbir keçirilib


 

Tərtərdə “Məişət zorakılığına “Yox” deyək!” adlı tədbir keçirilib<b style="color:red"></b>

BMT-nin İctimai İnformasiya Departamentinin Bakı  ofisinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü  ilə BAMF-ın Tərtər rayonunda yerləşən Regional Peşə və  Təlim Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü ilə  əlaqədar “Məişət zorakılığına “Yox” deyək!”  adlı tədbir keçirilib.

525.az-ın məlumatına görə, iştirakçılarının əksəriyyətinin qadın olduğu tədbirə Tərtər rayonunun kənd və qəsəbələrindən olan vətəndaşlar, təhsil işçiləri, həkimlər, rayon polis şöbəsinin əməkdaşı, evdar qadınlar, icma fəalları və s. şəxslər qatılıblar.

Tədbirdə çıxış edən BAMF-ın proqramlar departamentinin əməkdaşı Elvin İbrahimov təmsil etdiyi təşkilatın erkən evlilik, məişət zorakılığı kimi həssas məsələlərlə  bağlı hər zaman maarifləndirmə işləri apardığını  diqqətə çatdırıb və hamını məişət zorakılığına qarşı təşəbbüsləri dəstəkləməyə və bu istiqamətdə  birgə mübarizəyə səsləyib.

BMT-nin İctimai İnformasiya Departamentinin (BMT İİD) Bakı ofisinin rəhbəri Envera Selimoviç dünyada və Azərbaycanda bu yöndə gördüyü işlər barədə  məlumat verib. Azərbaycanda son dövrlərdə sözügedən istiqamətdə  fəal iş aparıldığını, amma hələ görüləcək işlərin çox olduğunu diqqətə çatdıran xanım E.Selimoviç hər kəsi məişət zorakılığı faktlarına biganə qalmamağa  çağırmışdır.

Tərtər rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin inspektoru Ruslan Allahverdiyev rayonda məişət zorakılığı vəziyyətinin ürk açan olmadığını  və bundan təəssüfləndiyini dilə gətirib. Öz xidməti vəzifə borclarını yerinə yetirərkən qarşılaşdıqları  bu kimi hallarla kəskin mübarizə apardığını vurğulayan R.Allahverdiyev rayonda əsasən azyaşlı qız uşaqlarının hüquqlarının pozulması ilə müşayiət olunan erkən evliliklərin də qarşısının alınması istiqamətində  əməli addımlar atıldığını bildirib.

Tədbir iştirakçısı Səhliyalı İsgəndərov qeyd edib ki, valideynlər qız övladlarının təhsilinə  daha ciddi yanaşmalıdırlar, çünki təhsilli qadınlar daha yetkin təfəkkürlü övladlar yetişdirə bilər.

Digər tədbir iştirakçısı Zülfiyyə  Abdullayeva isə ailədə ər-arvad münasibətlərinin qarşılıqlı  anlaşma və hörmət müstəvisində qurulmasının vacibliyindən söz açıb.

Davam edən müzakirələrdə məişət zorakılığının  çox vaxt maddi çətinliklərdən, ailə-məişət zəminindəki anlaşılmazlıqlardan, təhsil səviyyəsinin aşağı olmasından qaynaqlandığı fikirləri də səsləndirilib.

Sonda qadınlara qızıl güllər təqdim olunub, onlarla xatirə şəkilləri çəkdirilib.

 





07.03.2013    çap et  çap et