525.Az

Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış (davamı)


 

Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış<b style="color:red"> (davamı)</b>

Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir.

– Uzun illər təbliğat maşını işlədi, bəs niyə imperiyanın hamını ateist görmək, hər xalqı öz dinindən ayırmaq ideyası məhvə məhkum oldu?

– Əvvəla, ilk mərhələlərdə onlar böyük uğur qazanmışdılar. Brejnev hakimiyyətə gələndən sonra, xüsusən  70-ci illərdən sonra, yavaş-yavaş mərkəzi hakimiyyətdə ideologiyanın özünün daxili qüsurlarının üzə çıxmağa başlaması ilə o proses ləngidi, bir tərəfdən də bəzi ölkələrdə milli mədəniyyətlərin özünüsaxlama instinkti işlədi, din, mənəviyyat xeyli dərəcə yaşadı. Bununla belə, Rusiyanın öz içərisində olan bir sıra xalqlar sıradan çıxdı. İndi məsələn, Sibirdə bir sıra xalqlar var ki, sadəcə adları qalıb. Onların milli mədəniyyəti aşınıb, sıradan çıxıb, hamısı rusca danışırlar. Mərkəzi Rusiyada olan xalqların çoxusu da bu təsirə məruz qaldılar. XIX əsrdə Şimali Qafqazdan bir sıra xalqlar köçürüldü. Amma Rusiya imperiyasının tərkibində olanda Azərbaycanda bir ağrılı məsələ baş qaldırdı. Ölkəmiz daxilində bir etnik qrupa – ermənilərə mərkəzi dövlət tərəfindən himayədarlıq göstərilməsi, onlara şərait yaradılması, bütövlükdə erməniləşmə siyasəti vüsət aldı. İran, Türkiyə və başqa ərazilərdən ermənilər Azərbaycan torpaqlarına köçürüldü, onlara daha yaxşı şərait yaradıldı. Hətta əhalinin böyük əksəriyyətinin azərbaycanlı olduğu yerlərdə də erməni mədəniyyətinin və dilinin üstünlüyü rəsmi Moskvanın köməyi ilə təmin edildi. Artıq Azərbaycanda Cümhuriyyət qurulan dövrdə belə bir məsələ qalxdı ki, orada da xeyli ərazilər artıq ermənilərin imiş, onlar da erməni dövləti yaratmaq məsələsi ilə çıxış etməyə başladılar. Hələ ona qədər Ermənistan deyilən bir şey yox idi. Onlar beləliklə, bizim ərazilərimizdə öz dövlətlərini qurdular, sonra sosializm mərhələsində Ermənistan da bir sosialist respublikası kimi SSRİ-yə daxil oldu. Biz tarixi torpaqlarımızın mənimsənilməsinə qarşı çıxış etdikcə, Moskva deyirdi ki, millətçilik etməyin, hamımızın bir amalı var, o da sosialist quruluşudur, kommunist ideologiyasıdır. Dini, milli ayrı-seçkilik olmaz. Amma olmaz deyib də ayrı-seçkilik siyasəti həyata keçirilirdi.

İndi müasir dövrdə də Azərbaycanda ermənilər, ruslar kimi gəlmə xalqlar yaşayır. Keçmişdən hələ Alban dövlətindən qalan, xristian dinini qəbul olunmasından bəri tarixən, minillər boyu burada yaşayan etnik azlıqlar da var. Amma bu etniklərin əksəriyyətinin xristian olması ilə sonralar dini fərqlər milli fərqlərə çevrilib. Yəni, vaxtında situasiya düzgün dəyərləndirilmədiyinə, millət özünü dərk edə bilmədiyinə, milli şüur səviyyəsi aşağı olduğuna və elmi tədqiqatlar aparılmadığına görə dini meyarlar əsas götürülüb. Məsələn, biz hələ çoxdan özümüzə azərbaycanlı, türk deməkdənsə, müsəlman demişik, xristianlara isə ümumiləşmiş adla erməni deyilib. Bu cəhət o dövr ahıl adamlarının leksikonunda da öz əksini tapıb. Onlar “erməni-müsəlman davası” kəlməsini işlədirlər. İndiyə qədər də hətta bu terminlərdən istifadə olunur. Onda erməni deyildikdə də erməni milli tərəf-müqabil kimi başa düşülmürdü. Bu, xristian tərəf müqabili idi. Biz sadəcə, xristianlarla müsəlmanları belə fərqləndirmişik. İş elə gətirib ki, albanlara da xrisitian olduqları üçün erməni deyilib, yəni müsəlman olmayan. Moskvada şübhəsiz ki, bunu bilənlər var idi. Rus tədqiqatçıları, aimlər də bilirdilər. Bizdə isə elmi tədqiqatlar, yüksək səviyəli tarixçi və ideoloqların olmaması ucbatından və hətta tək-tək şəxslər bunu dərk etsə belə, onlar bunu millətə anlada bilmədiklərinə, təbliğat mexanizmləri-mətbuat və məktəblər olmadığına görə, biz camaaatı başa sala bilməmişik ki, dini və milli meyarlar fərqli anlayışlardır. Bunun bir tərəfdən yaxşı cəhəti o olub ki, talış, kürd, ləzgi ayrı-seçkiliyi olmayıb, müsəlman müsəlman kimi qəbul edilib. Amma bir tərəfdən də xristian olanlar, bir qismi bizim qədim soydaşlarımız olanların hamısına yad kimi, bizim millətdən olmayan kimi baxmışıq. Ona görə də alban kilsələri, alban tarixi abidələri də bizə yad ünsür kimi təqdim edilib. Məhz bu səbəbdən indi bunların bir qisminə ermənilər, bir qisminə də gürcülər yiyələnib. Çünki XIX əsrdə, Rusiya imperiyası daxilində olanda bu düşüncə, bu bölgü belə gedib. Amma halbuki, bunlar hamısı alban abidələri olub. Bu, dərindən araşdırılması vacib olan ayrıca bir problemdir. Nə yaxşı ki, tarixçilərimiz son illərdə bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərirlər.

Biz həmişə tolerant olmuşuq. Başqalarını fərqləndirsək də , bunu dözümlü şəkildə, düşmənçilik aparmadan etmişik. Bizdə hələ lap qədimdən bir düşüncə formalaşıb: başqa xalqlara qonaq kimi baxmışıq, qonaq isə bizdə həmişə üstün tutulub, qonağın yeri yuxarı başda olub. Bu, yüz illər ərzində milli psixologiyamızda formalaşmış düşüncə tərzidir. Məhz bu prizmadan yanaşaraq başqa xalqlara “qəribdirlər, yazıqdırlar, xətirlərinə dəymək olmaz” deyib həmişə onları əzizləmişik. Bu, bədii ədəbiyyatımızda da, folklorumuzda da qismən öz əksini tapıb. Bizdə başqa millətlərə və digər dinlərdən olanlara münasibət nəinki dözümlülük səviyyəsində, bundan daha üstün – xoşgörü səviyyəsində olub. Biz onları hətta özümüzdən də üstün tutmuşuq. Amma müqayisə etsək, Avropa ölkələri bütün məsələlərdə ilk olaraq öz millətlərinə üstünlük verirlər, sonra digərlərinə. Bizsə həmişə qonağa üstünlük verərik. Yolda bir azərbaycanlı o birindən yolu soruşsa, sadəcə göstəririk, amma bunu bir əcnəbi soruşanda, onu həmin yerəcən aparmağa ərinmərik. Çünki fikirləşirik ki, qəribdi, aza bilər və sair. Bu, həmişə belə olub. Bizdə tarixən heç  vaxt kiminsə dilini, dinini, mədəniyyətini dəyişmək tendensiyası olmayıb. Əksinə, öz dilimizi, dinimizi, mədəniyyətimizi də qismən onların hesabına zənginləşdirmişik. Azərbaycanda yaşayan başqa xalqların nümayəndələri heç vaxt bizim dilimizdə danışmağa məcbur edilməyiblər. Biz bunu nəinki müstəqillik dövründə, heç sovet dövründə də eləməmişik. İndinin özündə də Bakıdakı rusların əksəriyyəti bütün ömrü boyu burada yaşamağına baxmayaraq, bizim dilimizi öyrənməyiblər. Niyə? Ona görə ki, məcbur eləməmişik. Mən özüm əslən Gürcüstandanam. Həmişə Tiflisə gedəndə şahidi olmuşam ki, onlar rus dilində dinləmək istəməyiblər. Axı, rus dili keçmiş SSRİ-də millətlərarası, ümumi bir ünsiyyət vasitəsi idi. Amma buna baxmayaraq, gürcülərə rusca sual verəndə cavab da verməzdilər, guya anlamırlar. Ona görə də, biz ora gedəndə bir neçə kəlmə vacib gürcü kəlməsi öyrənirdik. Gürcülər qədər millətçi xalq təsəvvür etmək çox çətindir. Gürcülər hətta ermənilərdən də millətçidir. Sadəcə, iqtisadi asılılıqları var. Həmişə, indinin özündə də orada yaşayan azərbaycanlıları çox sıxışdırırlar. Saakaşvilinin dövründə kiçik bir nəfəslik açıldı. Çox  təəssüf, son dəyişikliklər xoş bir gələcək vəd eləmir, yenidən millətçilik əhvalı hiss olunur.

1972-ci ildə Yerevanda təşkil olunmuş Ümumittifaq tələbə konfransında Azərbaycan tələbələrinin nümayəndə heyətinin başçısı kimi iştirak etmişdim. Onda mən rus dilində çıxış elədim. Ancaq sonra şəhərə çıxanda rus dilində hara müraciət elədiksə, cavab vermədilər. Axırda soruşdular ki, türksünüz? “Hə” cavabı verəndə, dedilər ki, niyə türkcə danışmırsınız? Hətta onların düşüncəsinə görə, öz dilində danışmaq rus dilində danışmaqdan üstün idi. Ermənilərin əksəriyyəti türk dilində bilirdi, çünki gəlib bizim torpaqlarımızda yaşayırdılar, kəndlərinin adından tutmuş musiqisinə, dastanlarına qədər hər şeyi bizdən mənimsəyiblər. Buna görə dilimizi də bilirdilər. Dildən söhbət düşmüşkən qeyd edim ki, tədqiqatçıların araşdırmalarına görə, erməni dili yeganə dildir ki, 95 faizi alınma sözlərdən ibarətdir. Bunu mən Moskvada nəşr olunmuş kitabdan oxumuşam. Hələ bəlli deyil, o beş faiz də hara aiddir. Bu, sübut edir ki, bunların öz dili də olmayıb, yoxdur, dilləri də başqalarından oğurlanma, alınmadır. Sözlərin böyük əksəriyyəti türk dilindən keçmə sözlərdir. Ona görə də, onlar rus dilində danışmaq istəmirdilər. Çünki sovet imperiyasının tərkibində onlar başqasının torpağında müstəqil dövlət qurmuşdular, bunun zövqünü hələ uzun müddət yaşamaq istəyirdilər. Amma onlar Qarabağ məsələsi ilə bağlı özlərini elə günə qoyublar ki, hətta sovet dövründə olan nisbi müstəqilliklərinin 90 faizini də itiriblər. İndi rəsmi Moskvadan tam asılı vəziyyətə düşüblər. Amma sovet dövründə Azərbaycanda, xüsusilə Dağlıq Qarabağda yaşayan ermənilər xeyli müstəqil idi və onlara qarşı xeyli loyal münasibət vardı.

– Sözləriniz bir daha təsdiq edir ki, Qafqaz regionunda həqiqətən də ən dözümlü xalq bizik...

– Bəli, həmişə belə olub, indinin özündə də mən bizimkilərdə  millətçilik görmürəm. Amma bizdə tolerantlıq sözü əsl mahiyyəti ifadə etmir. Tolerantlıq dözümlülük deməkdir. Biz sadəcə dözümlü deyilik, yenə təkrar edirəm, biz qeyrilərini özümüzdən üstün tuturuq. Bu bəzən də mənfi tərəfdən özünü göstərir. Çünki hər bir cəhət həddindən artıq olanda mənfi amilə çevrilir. Amma bəzi hallarda biz özümüzünkündən imtina edərək başqasını öyrənirik. Yəni öz dilini qoyub başqa dildə danışırsansa, öz mədəniyyətini unutmaq hesabına başqa bir mədəniyyəti öyrənirsənsə, təbii ki, bu yaxşı hal deyil. Yaxşı hal odur ki, özünəməxsus olanı mərkəzdə saxlayırsan, bu, taleyinin, həyatının mənasını təşkil edir və bunun üzərində özününkü olmadığını dərk eləyə-eləyə başqa bir mədəniyyətə, başqa tipli biliklərə də yer verərək zənginləşirsən. Amma bu proses başqalaşmaq, özgələşmək kimi yox, məhz zənginləşmək kimi getməlidir.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





07.03.2013    çap et  çap et