525.Az

Ankaradan Ağdama


 

Ankaradan Ağdama Ankaradan Ağdama Mən bir Qarabağ şəhərində dünyaya gəlmişəm. Yaşıl meşələri yoxdur, hündür dağların ətəyində yerləşmir. Günəşin bata bilmədiyi qədər dərindədir həmin yer. Kişilərinin bəziləri şəhərdən çox uzaqdadırlar, meydanı qızıl olan bir diyarda soyuqdan donmamaq üçün bir aldıqları nəfəsi yüz verərək həyatda qalmağa çalışırlar. Yaradan məni ilk dəfə bir fevral səhəri göz yaşlarının tərlə yuyulduğu Aran məmləkətində ağladıb. Həkimlər göbəyimi bağlamağı unutduqları üçün ilk oyuncağım öz qanım olub. Allah mənim yaşamağımı istəyib, anamın qucağında gülməyimə, şəhərin suyundan içməyimə, torpağında iməkləməyimə, böyüyüb həmin yerin adını çəkməyimə – Ağcabədi deməyimə icazə verib. Valideynlərim şəhərə köçdükləri üçün qaçdıqlarım məni Bakıda tutublar. Gözümü həmişə beton divarların soyuq küncünə yummuşam, onlar hər zaman içəridə gizləniblər, orada dalaşıblar, danışıblar, gülümsəyəndə tapmışam axtardıqlarımı. Vaxt ötüb, beş yaşımda ikən qonaq getdiyim Ağcabədidən kişitək ayrılmağım üçün növbəti dəfə qanımı töküblər. Yadımdadır, məktəbə başlayandan sonra da hər yay Ağcabədiyə gedirdim. Həyatımda ilk dəfə polis məni Ağcabədidə “saxlayıb”. Təxminən, 10 yaşım olardı. İcra hakimiyyətinin önündəki büstün ətrafına əkilmiş gülləri qoparıb nənəmə aparmaq istəyirdim. Polis, məni sorğu-suala tutmuş, hətta bölməyə aparmaq ilə hədələmişdi. Qorxmuşdum, ağlamışdım...  

Ana babam həkimliyi ilə bərabər həm də yaxşı balıqçıdır. Ağcabədiyə gedəndə həmişə sevinirdim ki, balıq tutacam. Balığa getmək üçün xüsusi hazırlaşardıq. Bel ilə torpağın nəmli yerini qazıb, soxulcanları bir qaba yığardıq. Soxulcanı tilovun iti ucuna taxanda ürəyimi qəribə bir qorxu bürüyərdi. Ayağımızın altını qazıb sürünən zavallıları üst-başı gilli-torpaqlı suyu salıb balığa yem edirdik. Nədənsə torpaqdan hazırlanmış möhürü xatırlayırdım, alnımın suyu ilə islananda daş yumşalır, torpaq kimi olurdu. Baxanda elə bilirdim ki, indi ora rəngli çiçək toxumlarını da əkmək olar. Həmişə düşünürdüm, görəsən, bu yazıq qurdlar suda boğulub ölürlər, yoxsa balıqlar didişdirib canlarını alırlar? Sahilində dahi Üzeyir bəyin həyat tapdığı Kür çayında biz öldürmək ilə məşğul idik. Qarmağın ucu Qarabağ kanalında yox olanda ürəyimi möhtəşəm bir sevinc və şirin həyəcan bürüyərdi. Tilovu yuxarı qaldıranda çırpınan bir balıq görər, qışqıra-qışqıra babamı səsləyərdim: “Baba, tutdum, tutdum, nə boydadır, maşallah! Nənəm qızardacaq, yanına soğan da doğrayırıq”. Bəzən isə qarmağı nə qədər çəksəm də ucunu görə bilməzdim, lilə ilişən tilovum qırılardı. Mən daha sonra bunu həyatımda dəfələrlə yaşadım, ümidlərim sudan çıxan bir balıq kimi atıldı, düşdü, sonra canını tapşırdı.  lll Bir gün Ağcabədidən zəng edib xəbər verdilər ki, dədəmin qağası əməliyyat olunur. İki babam bir əməliyyat otağında olublar: biri uzandığı masada, digəri cərrah dostunun yanında dayanıb dua edirmiş. Seyid Bəhram Ağa ana babama təsəlli verirmiş: “Qorxma, Yadulla həkim, mən 14 yaşımda da əməliyyat olunmuşdum. Çox şükür, heç zad olmamışdı. Sən cəddim, ürəyini sıxma”. Ağa gülümsəyirmiş, babam qudasının başından yaşıl fəsini çıxardıb, tərini silib. Seyidin əməliyyatı uğurlu keçib, amma ürəyi dözməyib. İkinci dəfə zəng etdilər, heç nə demədilər, ağladılar, ağladılar... Dədəm kostyumunu geyindi, qalstukunu taxdı, saçını darayıb Ağcabədiyə yollandı. Yas mərasimi boyunca şux dayandı. Başsağlıqlarını qəbul edir, dualar oxuyurdu. Babamın yeddisi günü birdən gözü mənə sataşdı. Yaxınıma gəldi, boynuma sarılıb hönkürtü ilə ağlamağa başlayanda özümü itirdim. Dədəmin qulağıma fısıldadıqları ürəyimi yandırdı: “Oğul, qağam öldü...”   

Yollar var, şəhərə gəlir, yollar da var ki, şəhərdən gedir. Mən Ağcabədidən Ağdama gedən yolu sevirəm. Eyni evin bir otağından digərinə keçmək kimidir. Yol bir saatdır. Mən Ağdama çatmağı sevirəm. Güllələnmiş ata evimin şəhidləri ilə öyünən açıq alnını, ağ damını sevirəm. Ankaradan Bakıya gələndən bir neçə gün sonra dədəmdən xahiş elədim ki, bizi Ağdama aparsın. Ağcabədidə maşını saxlamadan birbaşa Ağdama getdik. Bayrağı keçdik, bazarı keçdik, yollar tükəndi, biz tükəndik. Yolları ot basmışdı, tək-tük eşşək arabaları keçirdi. Anam hönkürdü. Seyid Lazım Ağanın ayağının dibinə düşüb partlamayan bomba kimi idik, dişimiz bağırsağımızı kəsirdi, erməni də yolumuzu. Maşından düşdük, otların üstündə oturduq. Ağdama sarı baxdıq, baxdıq, lənət olsun ki, sadəcə baxa bildik. İndi Ankaradayam. Bir arzum var Ağcabədi üçün. Mən Ağcabədidən Ağdama getmək istəyirəm, sonuna kimi. Yorulanda Ağdam çay evində bir stəkan çay içim, arzularım boğazımda tıxanıb qalmasın, axıra qədər, düz İrəvanacan. Mən Ankarada türk qardaşlarıma qarabağlı olduğumu söyləyəndə istəyirəm ki, məndən soruşsunlar: “Abi, ya siz azerbaycanlılar neymişsiniz?! Karabağda tarih yazdınız”. Mən də başımı dik tutaraq dostlarımın gözlərinin içinə baxıb deyim: “Bəs, nə bilmişdiniz?!”  İnşallah, o günü həsrətlə gözləyirəm...  
 





27.09.2012    çap et  çap et