525.Az

Cakkomo Puççini ilə yeni görüş


 

Cakkomo Puççini ilə yeni görüş AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINDA YENİ TAMAŞA 

Zemfira SƏFƏROVA,
AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününü, sentyabrın 18-ni xalqımız hər il musiqi bayramı kimi qeyd edir. Bu il də həmin gündən başlayaraq IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatr və konsert salonlarında yerli və xarici ifaçıların iştirakı ilə bir sıra maraqlı tamaşalar, konsertlər, həm də yeni kitabların təqdimatı oldu. Bu məqalə IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində 22 sentyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında, böyük italyan bəstəkarı, musiqidə “verizm” adı ilə məşhur olan cərəyanın görkəmli nümayəndəsi, Cakkomo Puççininin (1858-1924) “Canni Skikki” adlı operasının tamaşası haqqındadır.

Məlumdur ki, Cakkomo Puççini dəyərli 12 operanın müəllifidir.Onlardan “Manon Lesko”(1893), “Bohema”(1896), “Toska”(1900), “Madam Batterfləy”(Çio-Çio-San,1904) dünyaşöhrətli operalar sırasındadır.Bizim teatr bu operalardan bəzilərinə müraciət edib öz səhnəsində tamaşaya qoymuşdur. Bəstəkarın “Canni Skikki” operası isə onun birpərdəli üç operasından sonuncusudur, daha çox uğur qazananıdır.Bu komik operanın ilk ifası Nyu-Yorkda 14 dekabr 1918-ci ildə baş vermişdir.Bəstəkarın son operası məhşur “Turandot” operasıdır ki, tamaşası Puççininin ölümündən sonra olmuşdur. “Canni Skikki” operası italiyalı Cakkomo Forzanonun librettosu əsasında yazılmışdır. Deyilənə görə librettoda təsvir olunan hadisə həyatda baş vermişdir. Bu hadisə İtaliyanın Florensiya şəhərində 1299- cu ildə vaqe olmuşdur. Görünür, Dante firıldaqçı, dələduz, şən Skikkini şəxsən yaxşı tanıyırmış ki, onu cəhənnəmin səkkizinci dairəsində , müxtəlif saxtakarların, dələduzların , firildaqçıların arasında yerləşdirmişdir. Opera zəngin zadəgan Buozo Donatinin yataq otağında baş verən səhnə ilə başlayır.Elə bütün opera bu otaqda vaqe olur. Səhnənin dərinliyində yuxarıdan aşağıya qədər böyük pəncərə diqqəti cəlb edir. Pəncərədən Florensiyada məhşur olan Arnolfo qalası görünür. Bu qala Palasso Vekkionun, Florensiyada Palasso della Sinoriya adi ilə məşhur sarayın davamıdır, onu tamamlayır. Bu sarayın memarı məhşur Arnolfo di Kambiodur.(Sarayın gözəlliyinə Florensiyada olduğum zaman mən də heyran olmuşdum). Maraqlısı odur ki, bu saray İtaliyada ədalət, haqq, doğruluq, düzgünlük rəmzi, timsalı kimi məşhurdur. Bəstəkarın, rejissorun, rəssamın xüsusi olaraq bu sarayın görünüşünü verməsi, pəncərənin o biri tayında baş verən saxtakarlığa, yalana, fırıldaqçılığa qarşı bir təzad kimi səslənir. Buoza Donatinin qohumları onun ölümündən guya kədərlənərək vidalaşmağa toplaşmışlar. Lakin çox tez onlara məlum olur ki, Donati var-dövlətini qohumlara deyil, kilsəyə və rahiblərə vəsiyyət etmişdir. Qohumları cənazə barədə unudaraq bütün evi ələk-vələk edib vəsiyyəti axtarmağa başlayırlar. Qoca qarı təxəllüsü almış Dzita tapılmış vəsiyyətnaməni oxuyur, qohumların canına vəlvələ düşür. Nə etməli? Bu vəziyyətdən çıxmaq üçün onlar baçarıqlı firıldaqçı, kənddən şəhərə yeni gəlmiş Canni Skikkini çağırırlar. Canni Skikki çənazəni və vəsiyyətnaməni gizlədir, özü ölünün yerinə uzanır, notariusu çağırıb yeni vəsiyyətnamə tərtib edir, ölənin səsi ilə həm notarius, həm həkimlə danışır. Bununla tamaşada gülməli effektlər alınır. Canni qohumlarına tapşırır ki, heç kim Buozonun ölümündən xəbərdar olmasın, o halda saxtakarlığa, yalana görə qanun əsasında onların qolları vurulacaq.Qohumlarda bu tapşırığa riayət edirlər. Lakin biləndə ki, aldanıblar, Canni Skikki özü Buozonun var-dövlətinə sahib çıxıb, o zaman qalmaqal başlanır, qohumlar Skikkinin üzərinə hücum edib onu saxtakar, yaramaz  adlandırırlar.

Amma hər şey əbəsdir, Skikki artıq evin , var- dövlətin sahibidir. Qızı Lauretta və sevgilisi Rinuçço otağa girəndə onlara baxıb sevinir və tamaşaçılara yaxınlaşaraq onlara belə sözlərlə müraciət edir: “Ağalar, Siz Buozonun var –dövlətini bundan yaxşı bölüşdürə bilərdinizmi? Bu kələyimə görə məni cəhənnəmə göndərirlər. Nə etməli? Dante ata sizin əyləndiyinizi görüb bizi bağışlayar. Siz də mən zavallını bağışlayın”.Opera Skikkinin monoloqu ilə bitir. Bu maraqlı tamaşanın quruluşçu rejissoru Nikolay Tretyakdır.(Ukraynadan qonağımızdır).Operada hadisələrin əsasən bir otaqda baş verməsi quruluşçu rejissor üçün də müəyyən çətinliklər yaratmışdır.Amma situasiyanın gərginliyi, komikliyi, musiqinin inkişafı bu mürəkkəbliyi aradan götürür. Konsertmeyster Məlahət İsmayılova və quruluşçu rəssam Vasif Babayev öz vəzifələrini layiqincə yerinə yetirmişlər. Tamaşanın musiqi rəhbəri və dirijoru Yalçın Adıgözəlovdur. Yeri gəlmişkən istedadlı dirijorumuzu respublikanın xalq artisti adının alması münasibəti ilə təbrik edir, ona yeni uğurlar arzulayırıq. Bu mürəkkəb tamaşanı o, böyük bacarıq və səriştə ilə müşayiət etmişdir. Orkestr peşəkarcasına səslənirdi. Cakkomo Puççini bu operanı yazarkən artıq çox məhşur operaların müəllifi idi.Onun yaradıcılığı üçün həyatdan alınmış gərgin sujet, bacarıqla seçilmiş dramatik situasiyalar, adi, kasıb insanların həyatının təsviri, səhnəni gözəl bilməsi, sənətkar ustalığı xas idi. Puççininin musiqisi üçün parlaq emosional gərginlik, təsiredici ariozolu melodik üslub xarakterdir.Puççiniyə xas olan sinkopalı iniltili itonasiyalar bu operanın da partiturasına sirayət etmişdir.Bu cür musiqini idarə etmək asan iş deyil, xüsusi hazırlıq, bacarıq, səriştə tələb olunur və dirijor Y.Adıgözəlov bunun öhdəsindən ustalıqla gəlmişdir. Operada gözəl səslərə malik ifaçılar təqdim edilmişdir.Onlardan Canni Skikkinin ifaçısı qonağımız Anton Ferştandt gözəl baritona sahibdir.Onun ifasında həm komik notlar, həm də gərgin dramatik hissələr eyni bacarıqla ifa edildi. Lauretta,Cannininqızı, gözəl soprano səsinə malik Azərbaycanın əməkdar artisti İnara Babayevanın ifasında xüsusilə səmimi, lirik səsləndi.

Onun sevgilisi Rinuççonun ifaçısı (tenor, vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqələrin diplomantı). Fərid Əliyevin İnara Babayeva ilə lirik duetləri tamaşaçıların alqışları ilə müşayiət olundu.Ümumiyyətlə tamaşada gözəl səslər ansamblı təqdim edilmişdir.Onlardan Nella-Gülnaz İsmaylova (əməkdar artist), Səbinə Əsədova-Dzita (əməkdar artist), Fəridə Məmmədova (əməkdar artist, vokalçıların Bülbül adınaIII Beynəlxalq müsabiqənin laureatı), Simon-Əkrəm Poladov (əməkdar artist),Notarius- Əli Əsgərov (Xalq artisti), Quçço - Nizami Bağırov (Xalq artisti) və başqaları. Tamaşaçılar böyük italyan bəstəkarı Cakkomo Puççininin “Canni Skikki” komik operasını böyük maraqla dinlədilər və hərarətli alqışlarını həm ölməz bəstəkarın, həm də tamaşanı ərsəyə gətirənlərin ünvanına yönəltdilər. Biz teatra Cakkomo Puççini ilə yeni görüşlər və yeni uğurlu tamaşalar arzulayırıq.
 





27.09.2012    çap et  çap et