525.Az

“Ürəyi və telefonu həmişə açıq olan deputat”


 

“Ürəyi və telefonu həmişə açıq olan deputat”<b style="color:red"></b>

“Mən heç vaxt Azərbaycanda bütövlükdə internetin məhdudlaşdırılması ilə bağlı açıqlama verməmişəm”.
 
525.az-ın məlumatına görə, bu fikri mətbuata açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib.

Komitə sədri bəzi mətbu orqanlarda bununla bağlı dərc olunmuş yazılarda ünvanına söylənilən fikirlərlə razı olmadığını bildirib. Millət vəkilinin dediyinə görə, heç bir vaxt jurnalistlərə Azərbaycanda internetin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması haqqında fikir söyləməyib.

H.Rəcəbli iddia edib ki, ölkə Prezidenti tərəfindən 2013-cü ilin İKT ili elan olunduğu bir vaxtda o heç zaman internetin məhdudlaşdırılması fikrini söyləyə bilməz: “Sadəcə, bir müddət bundan öncə jurnalistləri məndən soruşdular ki, Azərbaycanda uşaqların zərərli saytlara girişinin tənzimlənməsi ilə bağlı qaydaların tətbiq olunmasına necə baxırsınız? Mən də cavab verdim ki, buna çox yaxşı baxıram. Hətta nəvəmdən misal da gətirdim. Dedim ki, nəvəmin 4 yaşı olmasına baxmayaraq, əlindən i-pad düşmür. Buna görə də dedim ki, uşaqların internetdən istifadəsi ilə bağlı mütləq məhdudiyyət olmalıdır. Onu da xüsusi vurğuladım ki, bunu heç vaxt qadağa kimi dərk etmək lazım deyil. Sonra məndən soruşdular ki, dünyada belə bir təcrübə varmı?

Mən də dedim ki, bəli, var. Amerikada, Avropa ölkələrində, hətta Rusiyada artıq uşaqlar üçün belə  bir qanun qəbul olunub. Özü də mən dönə-dönə  məhdudlaşdırmanın ancaq uşaqlar üçün nəzərdə tutulduğunu demişəm”. 
 
H.Rəcəblinin sözlərinə görə, mətbuat onun bu fikirlərini təhrif edib. İndiyədək adından yayılan fikirləri təkzib etməməsinin də səbəbi Rusiyanın “Komsomolskaya Pravda” qəzetində fikirlərinin əsasən doğru yazılması olub.

Həmin qəzetin H.Rəcəbliyə istinadən hazırladığı xəbərdə gələcəkdə Azərbaycanda belə bir qanun layihəsinin hazırlanmasının mümkünlüyü əksini tapıb.
 
Komitə sədri eyni zamanda qeyd edib ki, hazırda Azərbaycan parlamentində hətta uşaqların belə internetdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı nə əvvəl, nə də indi heç bir qanun layihəsi hazırlanmayıb və ilkin qeydlər, layihə belə yoxdur:

 “Belə bir qanun layihəsinin hazırlanması üzərində iş də aparılmır. Qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ olan strukturlardan da bu məzmunlu qanun layihəsi daxil olmayıb”. 
 
H.Rəcəbli daha sonra sözügedən yazılardakı bəzi fikirlərə toxunub:

 “Orada yazılır ki, mənim bu məsələlər barədə danışmaq səlahiyyətim yoxdur. Amma əslində uşaqların internetdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı məsələdən birbaşa məhz mən danışmalıyam. Mən Milli Məclisin deputatıyam, sosial siyasət komitəsinin sədriyəm. Bu, mənim birmənalı səlahiyyətimdə olan məsələdir.

Uşaq problemləri ilə bağlı bütün məsələlərə bizim komitə baxır. Gərək bu məqalə  hazırlanarkən mənim də fikirlərimi öyrənəydilər. Qanunyaradıcılığı prosesi hökumətin deyil, əsasən millət vəkillərinin işidir”. 
 
H.Rəcəbli onu da qeyd edib ki, o, həyatı boyu sözə böyük dəyər verib:

 “Həmişə dediyi sözlərin məsuliyyətini anlayıb. Çünki sözün məsuliyyətini ən çox anlamalı olan təbəqələr siyasətçilər və jurnalistlərdir. Amma çox təəssüf ki, bəzi hallarda sözün təhrif olunması, fikirlərin kontekstdən çıxarılması halları da müşahidə olunur.

Sözün məsuliyyətini dərk etmək üçün müəyyən bir həyat yolu keçmək, bərkdən-boşdan çıxmaq lazımdır. Mən bütün bunları keçmişəm. Artıq əvvəllər bir çağırış Sovet dönəmində, müstəqillik dövründə isə  dörd çağırışdır ki, parlamentin deputatıyam. Bu baxımdan sözün məsuliyyətinin nə olduğunu bilirəm. Heç vaxt bilmədiyim problem haqqında danışmıram, bilirəm ki, buna yol vermək məsuliyyətsizlikdir”. 
 
Sonda H.Rəcəbli həmçinin deyib ki, o, həmişə mətbuata açıq olub və bundan sonra da olacaq:

 “Mənim qapım həmişə jurnalistlərin üzünə açıqdır. Telefonlarım da həmişə açıq olur. Qəzetlərin birində hətta mənim haqqımda “Ürəyi və telefonu həmişə açıq olan deputat” ifadəsi işlədilib”.

K.Həmidov

 





09.03.2013    çap et  çap et