525.Az

“Böyük Britaniyada Azərbaycan diasporunun güclü olduğuna inanıram”


 

“Böyük Britaniyada Azərbaycan diasporunun güclü olduğuna inanıram” Müsahibimiz Böyük Britaniyanın York  Universitetində təhsil almış, York Azərbaycan  Cəmiyyətinin təsisçisi və sədri Ramin Həkimovdur.   

– York təşkilatı nə zaman yaranıb və əsas fəaliyyət istiqamətləri hansılardır? 

– Qeyd edim ki, 2010-cu ilin yanvarında Böyük Britaniyanın York Universitetində York Azərbaycan Cəmiyyəti təsis olunub. Cəmiyyət artıq yarandığı gündən müstəqil fəaliyyət göstərir və indiyədək bir çox yaddaqalan və mühim tədbirlər keçirib. York Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirlərə misal olaraq universitet nəzdində keçirilən “Azərbaycan günləri”ni, tələbələrin və akademik heyətin iştirakı ilə keçirilən ictimai leksiyalar və konfransları, Londonda keçirilən “Xocalıya Ədalət” aksiyalarını, York şəhərində keçirilən millətlərarası mədəniyyət müsabiqələrindəki uğurlu çıxışları və nailiyyətləri və başqa bir çox tədbirləri göstərmək olar. Öncə dediyim kimi, bir deyil, bir neçə təşkilatda olan fəaliyyət həm cəmiyyətin işini, həm də biz gənclərin faydalılığını əhəmiyyətli dərəcədə artırırdı. Xüsusilə mənəvi və resurs dəstəyini nəzərə almaq önəmlidir. Tədbirlərin təşkilində Böyük Britaniyadakı səfirliyimizin əməkdaşlarının payı böyükdür. Bundan əlavə, xüsusilə xaricdə təhsil alan və məzun olmuş gəncləri bir platformada toplayan ASAIF beynəlxalq forumunun təsis olunması və qısa zamandakı çox geniş fəaliyyəti sadəcə York Azərbaycan Cəmiyyətinin deyil, Britaniya və həmçinin digər ölkələrdəki gənclər təşkilatlarının diaspor və lobbiçilik işlərində şəbəkələşməsinə və işlərin daha da effektiv olmasına gətirib çıxardı. 

– İngiltərədə Azərbaycan diasporunun imkanlarını necə qiymətləndirirsiniz? 

– Mən ilk dəfə Britaniyada 2008-ci ildə olmuşam. Yadıma gəlir ki, keçirilən ilk “Xocalıya Ədalət” aksiyasında 25-30 nəfər insan var idi. Bu il isə indiyədək keçirilən aksiyaların ən böyüyünü təşkil etdik və 300-dən artıq insan burada iştirak etdi, həm də çox aktiv şəkildə. Aksiya özlüyündə bir çox yeniliyi ilə yadda qaldı ki, bunu da mən həyatım boyu unuda bilmərəm, çünki ilk dəfə olaraq aksiyamızda öz körpələri ilə gəlib bizə dəstək olan yaşlı insanlarımız, ailələrimiz, kifayət qədər həmyerli xanımlarımız və təbii ki, ələlxüsus xarici vətəndaşlar, Azərbaycanın dostları iştirak etdi. Bunlara gürcü, rus, qazax, livanlı, macar, fələstinli, israilli dostlarımız, türk qardaşlarımızı misal olaraq göstərmək istərdim. Burada xüsusilə York şəhərindən Londona gələn və mənimlə bir evi paylaşan Erasmus tələbəsi olan braziliyalı dostumu qeyd etmək istərdim. Biz Trafalqar meydanında toplaşıb Böyük Britaniya parlamentinə yürüş edərkən və parlamentin önündə bayraqlarımızı dalğalandırarkən onun öz milli bayrağı ilə bizə dəstək verərək “Qarabağ bizimdir, bizim olacaq” hayqırması həqiqətən də bizləri çox təəccübləndirdi, həm də böyük ruh yüksəkliyi yaratdı. Bundan başqa Böyük Britaniya parlamentində keçirilən müxtəlif konfrans-tədbirlərdə də cəmiyyətimizin nümayəndələri iştirak edib. 

– İngilislərin Azərbaycan və azərbaycanlılar haqqında bilgilərini necə qiymətləndirirsiniz? 

– Mən məlumat sahibi olmaq kimi müqayisəli fikirlərin nisbi anlayış olduğuna inanıram, amma bu nisbiliyin aradan qaldırılması üçün də əlimdən gələni edirəm. Nisbi anlayışdır, ona görə ki, Azərbaycan gəncliyi ali təhsildən öncə məktəb dərsliklərində coğrafiya dərsliklərindən fəal istifadə edir və dünya ölkələri haqqında kifayət qədər görüşlü və fikir sahibi olurlar. Necə deyərlər, fikir sahibi olmaq üçün, məlumat sahibi olmaq lazımdır. Halbuki, Britaniyada ali təhsildən öncəki mərhələnin belə olmadığını gördüm. İngilislər, xüsusilə gənclər çox spesifik sahəni daha gənc illərdən seçirlər, ali təhsil öncəsi hazırlığı keçir, sonra o sahə üzrə imtahan verərək ali təhsil almaq üçün şans əldə edirlər. Amma bu işin başqa bir real tərəfi də var ki, müəyyən qisim Azərbaycanı tanımırdı və yaxud başqa bir qisim sadəcə neft ölkəsi və ya keçmiş sovet ölkəsi kimi xatırlayırdı. Mənim 4 il ərzindəki missiyam isə Azərbaycanı olduğu kimi təmsil etmək idi və düşünürəm ki, bunu etdim. Xüsusilə, universitetlər arasında keçirilən elmi yarışlarda sualların hazırlanmasına görə bəzən məsul şəxs tutduğum vəzifədən asılı olaraq mən olurdum və o zamanlar çalışırdım ki, Azərbaycanın tarixini və indiki reallıqlarını əks etdirən suallardan yerləşdirim və bunda da uğur əldə etdim. Bir ixtisasda oxuduğum dostlarımı, kurs yoldaşlarımı, seminar iştirakçılarını dəfələrlə yaşadığım mənzildə Azərbaycan süfrəsinə dəvət etmişəm. Süfrə zamanı söhbətlərin və müzakirələrin daha xoş, maraqlı və yaddaqalan olduğunu nəzər alsaq, bu işləri kifayət qədər uğurla yerinə yetirdiyimizə inanıram. 

– Azərbaycan həqiqətlərini yaymaq və Azərbaycan mədəniyyətini təbliğ etmək üçün İngiltərədəki digər xalqların diasporları ilə əməkdaşlıq necə qurulub? 

– Mən həmişə geniş kütləni əhatə edən və beynəlmiləlçilik xüsusiyyətini daşıyan cəmiyyətlərin yaranmasının tərəfdarı olmuşam. Hətta dəfələrlə tələbə dostlarıma tövsiyə etmişəm ki, onlar universitetlər nəzdində fəaliyyət göstərən gənc tələbə təşkilatları ilə daim münasibətdə olsunlar və aktiv iştirak edərək müəyyən vəzifələr tutsunlar, çünki bu gün mənimlə siyasət və beynəlxalq münasibətlər üzrə oxuyan tələbə yoldaşlarımın müəyyən qismi gələcəkdə Britaniya siyasətini müəyyən edən insanlar olacağı ehtimalı var. Universitetimiz Britaniyanın ilk 10 universiteti siyahısında olan təhsil ocağıdır. Burada savadlı, intellektual, müəyyən təbəqəyə aid olan insanlar təhsil alırlar. Ona görə də indiyə qədər, fəaliyyətimizin lobbiçilik tərəfinin bir az zəif olduğunu nəzərə alsaq, işin lobbiçilik tərəfinin daha da güclü olmasının məqsədəuyğun olduğunu hesab edir və gənc dostlarımı bu yöndə fəaliyyət göstərmələrinə çağırıram. 

Erməni diasporu və lobbisi orada güclüdürmü? Sizə onlar maneələr yaradırlarmı? 

– Mən tam səmimi demək istərdim ki, erməni lobbisi demək olar ki, dünyanın hər yerində var, amma Böyük Britaniyada artıq Azərbaycan diasporunun güclü olduğuna inanır və bunun reallığını yaşayıram. Bunu ən sadə misalla ifadə etsək, təhsil aldığımız universitetlərdəki azərbaycanlı və erməni tələbələrin say müqayisəsində görə bilərik. Təbii ki, burada da dövlət siyasətinin uğurlarından, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın rolundan danışmaq olar. 

Pərvanə 
 





27.09.2012    çap et  çap et