525.Az

Rəbiyyət Aslanova: “Vəzifəsi, pulu, mövqeyi ilə başqasına öz üstünlüyünü sübut etmək acizlikdir” (Müsahibə)


 

“MƏNİ ÖZ BİLİYİ, LƏYAQƏTİ, MƏRİFƏTİLƏ ƏYƏN, YƏNİ ÖZÜNÜ SÜBUT EDƏN İNSANIN QARŞISINDA BAŞ ƏYƏRƏM"

Rəbiyyət  Aslanova: “Vəzifəsi, pulu, mövqeyi ilə başqasına öz üstünlüyünü sübut etmək acizlikdir” <b style="color:red">(Müsahibə)</b>

Tanıdığımız və əslində tanımadığınız insanlar. Müxtəlif sahələrdə öz sözünü demiş, müəyyən mövqe, status sahibi olan insanlar haqqında cəmiyyətdə mövcud olan imic heç də hər zaman birmənalı və bir çox hallarda obyektiv deyil. Onların bəzilərinin çox sərt, bəzilərinin eqoist, acıdil, hətta kobud olduğunu düşünürük. Amma insanları mühakimə etməzdən, onlar haqqında fikir, rəy söyləməzdən və həm də formalaşdırmazdan əvvəl onları tanımaq, “HƏMSÖHBƏT” olmaq lazımdır.
 
Əminəm ki, əsl obyektiv rəy məhz səmimi söhbətdən yarana bilər. Mən şəxsən məsləyim gərəyi ünsiyyətdə olduğum insanları həm də bir insan olaraq kəş
f etmişəm (həm mənfi, həm də müsbət mənada). Etiraf edim ki, bir çox hallarda hansısa məmur, siyasətçi, ya da digər sahələrdə çox yüksək mövqe tutan insanlar haqqında təsəvvürüm müsbət mənada 180 dərəcə dəyişib. Anlamışam ki, bu, hansısa yüksək tribunadan çıxış edən, bəzən bizdən qaçan, suallarımıza çox kobud cavab verən, eqoist təsir bağışlayan insanın sadəcə bizə görünən tərəfidir. Və yalnız buna görə o insanlara qiymət vermək ən azından haqsızlıqdır. Necə deyərlər “insan göydə ay kimidir, görünməyən tərəfi var”.
o insanların görünməyən tərəfləri daha maraqlıdır (Təbii ki, bu, hamıya aid deyil). Səmimi, ağlaya, gülə, düşünə, zarafat edə bilən, bəzən uşaq kimi sadəlövh olan, hamı kimi, elə bizlərdən biri kimi insandırlar. Yetər ki, “HƏMSÖHBƏT” olmağı bacarasan.
 
Elə mən də qona
ğımla səmimi, içdən söhbət etməyə, onun daxili dünyasını açmağa çalışacam. Təbii ki, imkan verdiyi qədər. İlk həmsöhbətim millət vəkili Rəbiyyət  Aslanova oldu. Ümid edirəm kişilər məni ilk həmsöhbət kimi məhz xanım seçdiyimçün qınamazlar. Sadəcə şəxsən mənimçün Rəbiyyət xanım çox maraqlı həmsöhbətdir. Hər dəfə onunla sohbətdə bu səmimi, gözəl, həyat dolu, üzündə hər zaman təbəssüm olan, ömrünün 61-ci ilində yaşına meydan oxuyan, yaş kompleksi olmayan, cəsarətli xanımı bir daha kəşf
edirəm. Bu görüşümüzə də hər zamankı kimi, şux, şık, yüksək əhval ruhiyyədə və çox sevdiyi qırmızı rəngli bir libasda gəlmişdi. Onu tanıyanlar və jurnalistlər də bilirlər ki, Rəbiyyət xanım rəngarəngliyi, xüsusən qırmızı rəngi çox sevir.

-        Qırmızı rəng insanı fəaliyyətə çağıran bir rəngdir. Bəzən çoxları deyir ki, qırmızı aqressiv rəngdir. Yox, əsla belə deyil. Qırmızı insanın bütün qüvvəsini səfərbərliyə gətirən bir rəngdir. Mən bu rəngi çox sevirəm. Demirəm ki, hər gün mən qırmızı rəngdə oluram. Yox. Amma müəyyən əlamətdar günlərdə bu rəngə müraciət edirəm. Həm öz sevincimi yaşayıram, həm də başqaları ilə paylaşmaq istəyirəm.

-        Əsas məsələ həm də bu rəngi daşımaq məharətidir. Demək daxili aləminizlə həmahənglik təşkil edir ki, bu rəngi çox gözəl daşıya bilirsiniz...

-        Bilirsiniz, qırmızı rəng geyinmək üçün həm də böyük cəsarət lazımdır. Allah hamıya xoşbəxtlik, gözəl günlər nəsib etsin. Bizim nənələrimiz, analarımız 40-ı keçəndən sonra qırmızı geyinməkdən həmişə cəkiniblər. Mənim öz nənəm də, anam da bilirəm ki, artıq 50 yaşinda qırmızı geyinməkdən çəkinərdilər. Sual verəndə ki, niyə qırmızı paltar geyinmirsən,  deyirdilər ayıbdır. El var, oba var. Amma mən bununla heç vaxt razılaşmamışam. Düşünürəm ki, qırmızı geyinmək həm də cəmiyyətə bir mesajdir. Yəni, 60-da da qırmızı geyinmək olar, 70-də də. Rəngin gözəlliyindən zövq almaq heç də eyib bir şey deyil. Ona görə hesab edirəm ki, qırmızı rəngə münasibətin özü dəyişməlidir. Rənglərin yaşamaq, var olmaq haqqı var. Bütün geyimləri gözəl daşımağı bacarmaq lazımdır. Bütün rəngləri gözəl daşımaq lazımdır. Məsələn bəzən cox adi bir geyimi, sadə bir geyimi şux daşıyan, qürurla daşıyan bir xanımla çox bahalı bir paltarı vücudu əyilərək daşıyan insan arasında yerlə göy arasında fərq var. Söhbət paltardan getmir. Söhbət ayağını yerə möhkəm basıb qürurla gəzən insanın üstündəki libasdan gedir. Onun rəngindən getmir.

-        Yəqin bu rəngləri cəsarətlə daşımaq məsələsində xarakterin də rolu var. Bildiyim qədəri ilə daxilən çox çılğın, hər şeylə razılaşmayan, üsyankar və həyat dolu bir xanımsınız...

-        Mən ətrafa yox, öz iç dünyama üsyankaram. Yəni məni çulğalayan hansısa bir mənfi, neqativ emosiyalara, fikirlərə, duyğulara üsyan edirəm. Bu üsyan içimdə baş verir.

-        Amma ilk növbədə elə öz daxilimizdə üsyan etməyi bacarmalıyıq deyilmi?

-        Bəli. Çünki, insan həmişə öz ruhu ilə həmahəng yaşaya bilmir. Bəzən neqativlər o pozitivi üstələməyə çalışır. Və hətta elə olur ki, neqativ , xoşagəlməz hisslər o böyük bir məkanı - iç dünyamda olan məkanı artıq tutmağa başlayır və öz yerini pozitivə vermək istəmir. O zaman böyük döyüş başlayır içərimdə. Bu məqamda insanlara inam, ümid, etibar, gözəl duyğular yavaş-yavaş onları oradan çəkib çıxartmalıdır. Yəni bir xəbisliyə, naqisliyə olan könül küskünlüyümü uzaqlaşdırmalıdır. Cünki, bəzən insan doğrudan da ətrafdan xoşa gəlməyən məqamlarla rastlaşır. O zaman bir könül küskünlüyü yaşayırsan, o zaman insanlardan bir inciklik yaşayırsan, bir ümidsizlik yaşayırsan və yavaş-yavaş o ağrılı hisslər mənim iç dünyamdakı məkanda ayaq tutmağa başlayır. Amma onların ayaqlarını oradan kəsib uzaqlaşdırmaq və yenidən yaşamaq haqqı qazanan gözəl duyğularımı həmin yerə sahib etmək üşün çox iş görmək lazım olur. Onda o üsyan mənə çox kömək edir.

-        Onu bacarmayan insanlar yəqin ki məğlub olur....

-        Məğlub olur bəli.

-        Özünə qarşı mübarizədə...

-        Və bu gündəlik mübarizədir. Heç kəs düşünməsin ki, o güclü olmaq bir dəfə əldə olunur və sonra davam edir. Yox. Güclü olmaq üçün gündəlik, hər saat öz-özünlə mübarizə aparmalısan. Ətrafla yox, özünlə mübarizə aparırsan. İnsan gün ərzində təqribən bir 100-150 dəfə stress vəziyyətlərinə düşür. Kiminsə xoşagəlməz baxışı, kiminsə xoşagəlməz sözü, kiminsə sənin standartlarına uyğun gəlməyən bir hərəkəti, hansısa bir yazı, və ya veriliş və s. stress yaradan məqamlardır. Və bu stress yaradan məqamlara adekvat reaksiya verir bədən. Mən istəsəm də, istəməsəm də mənim ağlım, düşüncələrim buna adekvat reaksiya verir. O məni zaman-zaman haldan-hala, ovqatdan-ovqata kokləyir. Və o zaman əlbəttə mən çalışmalıyam ki, həmin o neqativi aradan götürüm. Ona görə gün ərzində bir neçə dəfə öz qüvvəni yenidən səfərbər etmək elə o güc deməkdir.

-        Daxili güc, özünü ayağa qaldırmaq inamı yəqin ki, insanın həm də özünütəsdiqidir...

-        İnsanın bir daxili enerjisinin tükəndiyi zaman olur həmişə. İnsan ruhu daima təkrarlanan bir generatordur. Məsələn bir musiqi çalır. O musiqi hansısa bir enerji şəbəkəsinə qoşulduğundan çalır. Enerji şəbəkəsindən çəkib çıxaran kimi o musiqi dayanacaq. Amma insanın içərisində elə bir musiqi var ki, onu heç bir şəbəkəyə qoşmaq lazım deyil. O təkrarlanır. Bu, enerjinin daima təkrarlanmaq, yenidən istehsal məqamıdır. Bu, ruhdur. Bunun necə yaranması, necə təkrarlanması, haradan qaynaqlanmasını bir kimsə bilmir. Təsadüfi deyil ki, böyük peyğəmbərimizdən soruşanda ki, ya Məhəmməd səndən soruşsalar ki, ruh nədir deyir de ki, bu barədə mənə heç nə deyilməmişdi. Yəni bu elə bir qüvədir, elə bir enerji qaynağıdır ki, o daim olur və o zaman onu müəyyən bir məqamlardan tükəndiyi yox, azaldığı bir məqamdır. O zaman bəzi insanlar psixoloqa, çoxları müqəddəs yerlərə müraciət edirlər. Ziyarətdə bir rahatlıq, güc tapırlar, orada öz dərdlərini deyirlər. Həmin o müqəddəs yerlər bir kosmoenergetikanın mənbəyi olan yerlərdir. Amma ən böyük kosmoenergetika mənbəyi insanın qəlbidir, ruhudur. İnsanın öz ruhu ilə əminamanlıqda yaşaması, onu başa düşməsi və ən çətin anlarda özündə güc tapması vacibdir. Mənim sevdiyim bir personaj var baron Mun Hausen. Onun məhşur bir fikri var. Deyir ki, mən bataqlıqda batırdım. Sağa baxdım köməyə adam çağırdım, sola baxdım köməyə adam çağırdım. Bir kimsə gəlmədi. O zaman əl atdım, özüm saçımdan özümü tutub qaldırdım. Və özümü bataqlıqdan çıxardım. Bəlkə ilk baxışdan bu, bir uydurmaçının, fantaziyaçının dediyi  sözdür. Amma hər bir kəs əl atıb saçından özünü qaldırmağı, güc tapıb özünü ruhi bataqlıqdan çıxarmağı bacarmalıdır.

-        Siz nə dərəcədə bacarırsınız bunu?

-        Mənim dediklərimdən belə təsəvvür yaranmasın ki, super güclü bir insanam. Yox. Mənim də həmin o bataqlığa batdığım və batmaq üzrəində olduğum cox çətin məqamlar var. Yanımdakı insanların hər hansı birinin bir məsləhəti, bir diqqətlə qulaq asdığı məqamlar olub. Amma son anda fikirləşmişəm ki, mənə verilən o təsəllilərin arxasında bir yazıqlaşma sindromu gedir. Mənə bir yazığı gəlmə, mənim acizliyimə bir münasibət. Və bir anda fikirləşmişəm ki, İLAHİ mən qulunu başqa quluna möhtac eləmə. Hətta təsəllidə belə. O zaman anlamışam ki, acizləşmək, kiçikləşmək, bu cür yaşamaq tanrının mənə verdiyi qismət payı deyil.

-        Deyirsiniz ki, loru dildə desək ağlaşmanı sevmirsiniz. Hətta ədəbiyyatda da...

-        Nə ədəbiyyatda, nə şerdə, nə musiqidə...

-        Onda belə çıxır ki, romantik insan deyilsiniz. Lirikanı sevmirsiniz?Ya da duyğusal olduğunuz anlar olmur heç?

-        Çox sevirəm. Çox duyğusal olduğum anlar olur. Çox gözəl lirik şerlər də bilirəm. Sizə bir məqam deyim. Musa Yaqubun şeri var:

Gördüm yol ayrıcında bu nə süfahi daşdı.
Yəqin yol gedən deyib daş yoldaşla adaşdı.
Dünyanın bir ucu toy, bir ucu da savaşdı,
İlahi, mən bu daşı götürüm, götürməyim?

-        Fikirləşdim ki, mən bu daşı götürəcəm. Lazımdır. Bu daş tale yüküdür. Mən onsuz gəzə bilmərəm. Hər kəsin uzərində bir böyük məsuliyət var. Hər kəs öz tale yükünü çiynində daşıyır. Bir başqasının o taleni daşımağa gücü çatmır. Kömək edə bilərlər, ucundan tutarlar, qırağından tutarlar. Amma hər kəs tale yükünü şərəflə özü daşımalıdır. Bu, mənimdir. Ağrısı da mənimdir, acısı da.

-        Sizinçün nə dərəcədə asan və ya çətindir çiyinlərinizə düşən tale yükünü daşmaq?

-        Heç çətin deyil. Mən hər sevincə və hər ağrıya görə tanrıma minnətdaram. Mənim taleyimə çox gözəl günlərlə yanaşı, çox  ağrılı məqamlar da düşüb. Çox gözlərimin dolub, amma yaşlarımın yanağımdan axmadığı məqamlar olub. Bilirsiniz gözlərim dolanda nə edirəm? – kipriyimi qırpmıram. Başımı yuxarı qaldırıram. O zaman gözümün yaşı quruyur. Gözümü aşağı salmıram. Bilirsiniz dilənçinin adi insandan, inanclı insandan fərqi nədir? Dilənçi nəsə istəyəndə bir əlini uzadır. İnanclı adam ALLAH-dan nəsə istəyəndə iki əlini uzadır və yuxarı baxır. Ən çətin, ağrılı anlarımda belə üzümü yuxarı qaldırmışam. Ulu tanrıdan səbr, dözüm istəmişəm.

-        Necə gəlmisiniz çətinliklərin öhdəsindən?  

-        Bilirsiniz 60 yaş yaşamaq və həmişə də əhval-ruhiyyə ilə, xoş yaşamaq mümkün deyil. Və heç rahat həyat yaşayan bir insan olmamışam. Qadın üçün, az-çox yaraşıqlı qadın üçün (gülür) bu lap çətindir.  Övladlarımı böyütmüşəm və Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzu olan övladlar vermişəm. Böyük oğlumu da tanıyırsınız, ikinci oğlumu da. Çox ağıllı bir qızım var. Londonda təhsil alır. Çox şadam ki, vətənpərvər, gənc bir xanımdır. Bu da asan olmayıb. Bəzən çox sərt, bəzən yumşaq. Hər kəsin öz dilində danışa, danışa onları böyütmüşəm. Özümün həyatımda da ağrılı məqamlar olub. Doğmalarımı çox erkən itirmişəm. Get, gəlirəm deyən dostlarım da olub yanımda. Qorxma, yanındayam deyənlər də. Elə dostlarım olub ki, bəzən onları aylarla görməmişəm. Amma bilmişəm ki, tükü tükə calasam, yanımda olacaqlar. Amma dostlarımla ağrımı bölüşməyi sevmirəm. Soruşanda necəsən, deyirəm əla. İnsanlar birinə ağrısını çox deyəndə o biri tərəf  bezir. Dostu da qorumaq lazımdır. Fikir vermisinizsə, həmişə hər şeydən narazı olan insanlar, həmişə umu kusu edir, həmişə kimdənsə nəsə umur. Amma mən hesab etmişəm ki, başqasını bu cür yormağa ehtiyac yoxdur.

-        Daxilinizdə o yükləri daşıyaraq, eyni zamanda da bu cür həyat dolu qalmağa necə nail olmusunuz?

-        ALLAH mənə bir ömür verib eləmi? Mən bilmirəm nə qədərdir. Mənim növbəti limitimdə nə qədər vaxt qalıb onu deyə bilmərəm. Amma məsələ burasındadır ki, mən verilən hər günü böyük minnətdarlıq hissi ilə yaşamışam və fikirləşmişəm bu da keçər. Bəlkə bu da bir sınaqdır. Məni qıra bilməyən məni güclü edib. Məni öldürməyən məni güclü edib. Bu güc birdən birə olmayıb. Bəlkə burada genetik faktorlar da var. Çünki mənim ulularım, böyük babalarım Şeyx Şamildir. Mən o nəsldən olan biriyəm.Həmişə böyük qürur hissi yaşayıram ki,ulu babam Şeyx Şamil olub. Onu kimsə qıra bildimi? - yox. Mən avar qızıyam. Və o baxımdan böyük fəxarət duyuram.

-        Hətta bəzən deyirsiniz avar damarım tutanda pis olur..

-        Hə..(gülür). Avar damarım tutanda tərs oluram.

-        Tez tez olur o tərsliklər?

-        Çox tez-tez. Ədalətsizlik görəndə mütləq mübarizə aparıram. Məhşur bir ifadə var: “ Vur məni, öldür məni, qul olub əyilmərəm. Sümüyümə düşməyən, sən çaldığın havaya mən oynaya bilmərəm”. Bir ömür yaşayıram onu da insan kimi yaşayacağam. Qırıla-qırıla yox. Bilirsiniz, səmimi deyirəm, bəzən elə olub ki, qırılmaq həddində olmuşam. Və anlamışam ki, bu addımı atsam mənim üçün daha rahat olar. Daha əminamanlıq olar, çox şey udaram. Qırılmaq lazımdır bir az. Amma sonra fikirlşmişəm qazancım nə olacaq? Ola bilər hansısa bir başqa qazancım olacaq, amma iç dünyamda içimi yeyə-yeyə yaşaya bilmərəm. İtirdiyim bəlkə qazandığımdan çox olub. Amma qazandığım  az olsa da özümə inamım olub, hörmətim olub. Mənə elə gəlir ki, bu daha vacibdir.

-        Sıfırdan başlamaqdan qorxmursunuz?.

-        Ooo heç. Bilirsiniz, özünütəsdiq çox maraqlı bir şeydir. İnsan var hesab edir ki, elə bu cur, necə var elə də yaşayıram. O qədər itirdiyim məqamlar olub ki. Həmişə də yenidən başlamışam. Və fikirləşmişəm görüm buna da gücüm çatar, çatmaz. Mən həyatımı maneələrlə qaçışa bənzədirəm. Bir dəfə hətta evdə söhbət zamanı dedim mən topa bənzəyirəm. Nə qədər yerə bərk vursalar o qədər bərk qalxıram. ALLAH qırmasın. Bəndənin qırması çox adi məsələdir. Bir bəndənin başqasını əyməsi, qırması onun özünü təsdiqidirsə mənim yazığım gəlir o insanlara. O insanlar zavallıdır ki, başqasını qıraraq özünü təsdiq imkanı əldə edir. Vəzifəsi, pulu, mövqeyi ilə başqasına öz üstünlüyünü sübut etmək istəyi acizlikdir, zəiflikdir. Məni öz biliyi, ləyaqəti, mərifətilə əyən, yəni özünü sübut edən insanın qarşısında baş əyərəm.

-        Bayaq ruhun mubarizəsindən danışdınız. Dediniz insanın ruhu özündən qat qat ağırdır. Siz onu necə daşıya bilirsiniz?

-        Bilirsiniz, mən bir neçə yerdə işləyirdim, uşaqlarımı böyüdürdüm. Bəzən sual verirdilər ki, bu cür tək uşaqları böyütmək sizə çətin idi? Çətinlik mənimçün bu deyil.  Çətinlik və asanlıq ifadəsi mənim anlamımda tamam başqa şeydir. Bunun heç biri çətin deyil. Çətinlik o zaman olardı ki, bax o ruhu durumdan mənim üçün bunu yaşamaq ağır olardı. Yəni mənim istəklərimə zidd məqam olardı. Amma əgər mən bu məsələdən zövq alıramsa bu niyə çətin olmalıdır?. Heç daş daşımaq  da çətin deyil, əgər sən onu gözəl bir evini tikmək üçün daşıyırsansa. Əgər övladlarını böyütmək üçün gecə-gündüz yatmırsansa, bir neçə yerdə işləyirsənsə o da çətin deyil. Çətin başqasına yaltaqlanmaqdır, çətin nə üçünsə başqasına əyilməkdir. Çətin yalan danışmaqdır, naqislik, satqınlıq etməkdir. Çətinlik iradəmin əksinə danışmaq, iradəmin əksinə hərəkət etmək, daxili prinsiplərimin əksinə nəyisə etməkdir.

-        Nədir daxili prinsipləriniz?

-        Mənə verilən ömür payını ləyaqətlə yaşamaq, yaxşı ana olmaq, yaxşı həyat yoldaşı olmaq, yaxşı övlad, bacı olmaq. Yaxşı vətəndaş olmaq. Görürsünüz mən başladım nədən?. Bunlar olmadan yaxşı vətəndaş olmaq olmaz. Pafosla deyim ki, yaxşı vətəndaş olub sonra digərləri, yox. Yaxşı ana olmayan, yaxşı ovlad olmayan, yaxşı qadın olmayan heç vaxt yaxşı vətəndaş ola bilməz. Bəs yaxşı olmaq nədir?. Cəmiyyətin gözündən düşmək qorxusunu yaşamaq. Ləyaqət hissini itirməkdən qorxmaq. Satqınlıq adlı, etibarsızlıq adlı yükü çiynində daşımamaq. Və adətimə, ənənəmə uyğun bir ömür yaşamaq. Elə ömür yaşamaq ki, nə övladlarım bundan xəcalət çəkməsin, nə yaxın insanlarm, nə nəvələrim və ilk novbədə özüm. Başqasının tənəsinə tuş gəlmək üçün nəsə etməmişəm. Etməyəcəm də. Atdığım hər addımın ağırlığını özüm bilmişəm, yükün çəkmişəm və bundan sonra da çəkəcəm.

-        61 yaşınız var. Necə deyərlər, bir igidin ömrüdür...

-        İki igidin ömrüdür (gülür)

-        ...61 ildə ən böyük qazancınız nəyi hesab edirsiniz?

-        Mən geriyə çevrilib baxmıram. O dünən idi. Dünənimə qənim kəsilən insanam. Mənim dünənlə haqq-hesabım bitib. Nə uğurunu istəmirəm, nə kədərini, nə uğursuzluğunu. Ona görə ki, uğur məni yatırdır. Qazandığım uğurun eyforiyasında qalıram. Rastlaşdığım uğursuzluğun da ağrısını yaşaya-yaşaya enerjimi məndən alır. Ona görə sağollaşmışam dünənlə. Dünən ağrım da olub, acım da olub. Dünən sevincim də olub. Bu gün isə keçici bir məqamdır. Ancaq mən sabahı gözləyirəm. Və arzulayiram ki, sabah mənə nəyisə yaxşı gətirsin.

-        Sabahla bağlı gözləntiləriniz nələrdir?

-        Əlbəttə gözləntilərim olur. Övladlarımla əlaqədar istəyirəm gözəl-gözəl günləri olsun. Hansısa  müəyyən planlarım var o gerçəkləşsin. Amma bu da məndən asılı olan bir şey deyil. Mən taleyə, qismətə inanan bir insanam. Ona görə hesab edirəm ki, nəyisə planlaşdırmaq Allahı güldürmək deməkdir.

-        Hətta belə bir söz var ki, həyat biz planlar qurarkən başımıza gələnlər deyilmi?

-        Məhşur bir ifadə də var: siz öz arzularınızdan qorxun, onların gerçəkləşmək təhlükəsi var.

-        Heç qorxulu arzunuz olub?

-        Yox mən realistəm. Ona görə də qorxduğum bir şey, artıq o qorxu mənbəyidirsə mən onu arzulamıram. Nə özümə, nə də heç bir kəsə.

-        Yaş kompleksiniz də yoxdur. Və sizə heç indiki yaşınızı da vermək olmur...

-        Çox zaman məndən soruşurlar ki, necə belə qalmışam. Axı burada genetik faktor da var. Yəni, mənim nənələrim, bibilərim hər biri gözəl, yaraşıqlı idilər. Bibilərimə 80-85 yaşında iki göz istəyirdi baxsın. Bu heç də nə estetik əməliyyat deyil, nə xüsusi baxım tələb etmir. Bir də bir şey deyim sizə. İnsanı qocaldan bilirsiniz nədir? Çiynindəki həsəd, paxıllıq yükü. Çünki, həm öz yükünü çəkir, həm də başqasının. Bəzən başqalarının yükünü çiynində daşıyan insanlar var. Yaxşı mənada yox paxıllıq, xəbislik mənasında. Onlar başa düşmürlər ki, torpağı əzə-əzə gəzirlər. Çünki,çiyinlərində öz yükləri, o qədər də adam. Özü haqqında fikirləşməyə vaxtı yoxdur. Hamı haqqında fikirləşəcək və bu fikirlər ona heç nə verməyəcək. Və bir də baxacaq ki, artıq qocalıb, üz göz nə gündə. Çünki onun başqaları ilə enerji bağlantısı öz enerjisini alıb.

-        Ümumiyyətlə yaş anlamı nədir sizinçün?. Deyirlər insan üçün fiziki yaş yox, özünü hansı yaşda hiss etməsi əsasdır...

-        Yox. Bilirsiniz mən bir şeylə razıyam ki, deyir qocanın faciəsi ruhunun cavanlığındadır. Ona görə də hər kəs öz yaşını hiss etməlidir. 60 yaşında qadın özünü 25 yaşında qız kimi hesab edərsə bu onun faciəsidir. 25 yaşında hiss edəndə sən öz hərəkətlərini də o yaşa uyğun aparırsan. Sufizmin müəyyən mərhələləri var da. Özünü dərk edən insan əvvəl şəriət, təriqət, mərifət, sonra həqiqət mərhələlərini keçməlidir. Bu elə bir ömür mərhələləridir ki, bunları keçə-keçə kamiləşir insan. Yəni, cahllikdən kamilliyə gedən yolun mərhələləridir. Bu yolu kecən yaşlı adam üçün heç vaxt demirlər mərifətli qoca, çunki artıq qocalıb gəlibsə bu insanın mərifəti olmalıdır. Kecdiyi  həyat yolu bunu gətirib o həddə çatdırmalıdır. Amma qocalıq vaxtı elədiyin hərəkətlər üçün məsuliyyət daşımayasan, özünü uyğun aparmayasan, hörmət yükünü daşımağı bacarmayasan, bu, artıq böyük faciədir.

-        Nənə statusunda necə hiss edirsiniz özünüzü?

-        Mən çox yaxşı nənəyəm. Mənim bir Rəbiyyətim də var.

-        Onlar sizin həyatınızda qırmızı xəttdir?

-        Bəli.

-        Sevmədiyiniz, xoşbəxt olmadığınız, ağrılı illərinizi və ya günlərinizi həyatınızda hansı rəngdə xətt sayırsınız?

-        Sevmədiyim illər yoxdur. Ən çətin illərimi də mən sevmədiyim illər kimi deyə bilmərəm. Sizə bir hadisə danışım. Mənim həyatımda, taleyimdə çox ağrılı məqamlar olmuşdu. O zaman mən dedim, ilahi, sən məni bu çətin durumdan qurtar mən heç zaman heç nəyi özümə problem etməyəcəm. Hər şey yaxşı oldu. Günün birində yenə bir çətin məqam olmuşdu. Onda gördüm ki, iki gün, üç gün özümdə deyiləm. Sonra yadima düşdü ki, axı mənim haqq hesabım var. Xırda şeyləri, adi məişət problemlərini özümə dərd etməyəcəm. Çünki, dünyanın çox böyük dərdləri də var. O dərdin qabağında bu nədir ki, mən bunu özümə problem edirəm. O çətin məqamları da mən rənglərə bölmək istəmirəm. Hamsı mənim taleyimdir. O çətin gün də mənim ömrümün ayrılmaz hissəsidir. Pisli, yaxşılı mənimdir. Bəlkə də onlar olmasaydı,o çətin günləri, acıları yaşamasaydım, gözümü yuxarı qaldırıb göz yaşlarımı qurutmasaydım bu gün Rəbiyyət Aslanova olmazdim.

-        Səhvlər necə Rəbiyət xanım...

-        (gülür) O qədər. Səhv ürəyiniz istəyən qədər.

-        Bəzən deyirlər səhvlər bərabərdir təcrübə...

-        O da ola bilər. Amma elə təcrübə ola-ola da səhv edirik (gülür). Yəni bir ömür yaşayırıq. Necə olar ki, bir ömür yaşayasan səhvsiz. Səhv də edirik. Niyə də yox? Hələ edəcəyik də (gülür).

-        Qadağalar da sizlik deyil...

-        Mənlikdir. Özü də çox mənlikdir. Əksinə, mən cəmiyyətdə olan qadağalara çox önəm verən və istəyir öz iç dünyamda, istər ailəmdə, istərsə də cəmiyyətdə o qadağalar sisteminin, tabuların olmasına üstünlük verən birisiyəm. Yazıq o cəmiyyətin gününə ki, orada qadağalar sistemi olmaya.

-        Hansı qadağalar?

-        Hər şey. əxlaq normalarından, mənəviyyat prinsiplərindən tutmuş cəmiyyətdə olan hər hansı qayda-qanunlara qədər. Qadağalarsız cəmiyyət nə olar?. Özbaşına, hansısa prinsipləri gözləməyən. Mənim ailədə olan qadağalar sistemini siz bilsəniz bəlkə də təəccüblənərsiniz.

-        Siz tətbiq edirsiniz?

-        Mən tətbiq edirəm.

-        Maraqlıdır...

-        Mən tətbiq edirəm. Və hətta gəlinlərimi evə gətirəndə demişdim ki, mənim ailəmin qayda qanunlarını pozmağa cəhd etməyin.

-        Bəzilərini bölüşə bilərsiniz bizimlə?

-        Elə adətlərim var ki, onu gərək mənim gəlinlərimdən soruşasınız. Əvvəla onu pozmaq istəyində, ikincisi də iqtidarında olan xanımlar deyillər.

-        Onda belə çıxır ki, sərt qaynanasınız?

-        Çox

-        Bəs onda gəlinlərlə ünsiyyətiniz necə tutur? Gəlin-qaynana problemi yaşanmır sizdə?

-        Heç nə demirəm. Sizin yanınıda təsadüfən zəng edim gəlinlərimin ilk ifadəsinə baxın. O zaman münasibətlərimizin necə ideal olduğunu anlayarsınız.

-        Mən razı...

-        O zaman mən yığıram və susuram...

 

(Bu yerdə belə bir eksperiment etdik. Rəbiyyət xanım gəlinlərin nömrələrini yığıb telefon mənə uzatdı. Müsahibədən xəbərsiz olan, telefonda Rəbiyyət xanımın olduğunu zənn edən hər iki gəlinin cavabı eyni oldu: - Ay can Rəbiyyət xanım. Sonra da dedilər ki, munasibətlır çox gözəldir və bu ailədə klassik gəlin-qaynana problemi yaşanmır.)

-        Gördünüz mən qarışmadım ki? Necə qaynana olduğumun şahidi oldunuz. (gülür). Gəlinlərimi çox sevirəm. Hər ikisi çox kübar, ziyalı xanımlardır. Övladlarımı da çox sevirəm. Ovladlarıma bağlı bir insanam. Və oğullarımla da, qızımla da fəxr edirəm.

-        Xüsusən böyük oğlunuzu (Elnur Aslanov – red.) hər birimiz yaxşı tanıyırıq. Hərdən elə təsəvvür yaranır ki, oğlunuz sizdən daha populyar və daha fəaldır. Bu yəqin ki, qürurlandıır sizi...

-        Əlbəttə. Övlad valideyndən bir addım öndə getməsə tərəqqi olmaz. Bunlar gənc nəsldir, belə də olmalıdır. Mən çox sevinirəm ki, bu günkü Azərbaycan gəncliyi əvvəlki nəsldən daha irəli gedir və bu, cəmiyyəti irəli aparan vacib stimuldur. Əgər gənclik yaşlı nəsldən arxada geəcəksə cəmiyyət hara gedəcək?.

-        Rəbiyyət xanım bilirəm ki, rəsm əsərlərini çox sevirsiniz. Kolleksiyanız var. Əlamətdar günlərdə qonaqlıqlardansa hansısa məhşur muzeyə getməyi sevirsiniz.. Haradandı bu maraq? Uşaqlıqda rəssam olmaq keçməyib könlünüdən?

-        Yox mən heç vaxt rəssam olmağı arzulamamışam. Çünki, elə bir qabiliyyətim yoxdur. Amma rəsmləri çox sevirəm. Əsas odur ki, mən rəsmdən enerji ala bilim. Yəni hansısa bir rəsm əsərinə baxanda oradan xoş duyğularla zənginləşməlisən. Heç vaxt ağrılı-acılı rəsmləri xoşlamamışam. Döyüş səhnələrini, işıqlı, mübariz rəsmləri sevirəm. Salvador Dalini çox sevirəm. Bəzən Luvrda, nə bilim məhşur muzeylərdə əsərlər olur. İnsanlar anladılar, anlamadılar onun qarşısında bir heyranlıq hissi yaşayırlar. Bəzən bəşəriyyətin hətta anlamadığı nəyinə qarşısında bir təzim psixologiyası var. Mən onu qəbul etmirəmsə, məni duyğulandırmırsa dünyasında hansısa əsərin qarşısında heyranlıq yaşamayacam. Və maraqlıdır, bütün rəsmləri görəndə ağla ilk gələn fikir budur ki, bunun müəllifi kimdir. Amma bir saga-sola, ətrafa, gözəlliklərə baxın. Bir ağac ikinci kimi deyil. Bəs bunun rəssamı kimdir?. Bunun yaradıcısı kimdir?Niyə o barədə fikirləşmirik?. Ən gözəl peyzajı, ən gözəl portreti, ən gözəl naturmortu yaradan ulu tanrı var.

-        Müsahibələrinizin birində demişdiniz ki, Bakını həm də ona görə sevirsiniz ki, burada mübariz qadın heykəlləri var. Xüsusən xanımlarda təzim, yazıqlaşma kimi məqamları sevmirsiniz...

-        Tək xanımlarda yox, ümumiyyətlə insanlarda. Bilirsiniz niyə?. Mən o mahnıları da xoşlamıram. Getdin gəlmədin, düşdüm dalınca, gözlədim, sən  getsən öləcəm. Nə qədər ağlayarlar?. Bu asılılıq, təzim, mənəvi köləlik, insanı qıran şeylərin təbliğinə nə ehtiyac var?. Məni ən çox narahat edən odur ki, bu gün Azərbaycan musiqisində insanı döyüşə səsləyən marş yoxdur. Niyə marşlar və ya insanın ruhunu yüksəldən musiqilər yoxdur. Yazıqlaşdıran, insan ruhunu incidən, ağladan, vampir musiqini də, şeri də sevmirəm.

-        Bəs necə musiqi sevirsiniz?.

-        Avar qiziyam nəyi sevə bilərəm? Əlbəttə ki, ləzginkanı (gülür).

-        Onda belə çıxır yaxşı rəqs də edirsiniz...

-        Çox. Bir dəfə bizim məhşur avarlardan birinin toyu idi. Dağıstandan rəqs qrupu gəlmişdi. Elə oldu ki, onlar rəqs edəndə məni də dəvət etdilər. Mən o ansamblda olanlardan heç də pis rəqs etmirdim. Hətta rəqqaslar özləri də təəccübləndilər ki, harada öyrənmisiniz. Dedim qan yaddaşm işə düşdü (gülür).

-        Hər zaman formadasınız, gözəlsiniz. Yaşınıza meydan oxuyan bir zahiri görünüşünüz var. Və təbii ki, xanımlara maraqlıdır hansısa bir gözəllik sirriniz var?

-        Əgər güzgünün qarşısında deyirsinizsə mən gözələm, sizin artıq çirkin olmaq haqqınız, ixtiyarınız yoxdur. Əgər deyirsinizsə mən güclüyəm, zəif olmağa haqqınız yoxdur. Vahidin bir sözü var: “Çox da öyünmə ki, gözəlim gözlərin qaradır. Təbiətin işidir gündə min gözəl yaradır”. Qaşın, gözün gözəlliyi, sifət quruluşunun simmetrikliyi hələ gözəllik demək deyil. Gözün içində nur, üzdə xoşagəlimli bir təbəssüm yoxdursa, insanların içində xoş əhval-ruhiyyə verən aura yoxdursa, o gözəllik sönük bir şeydir. Sənin ətrafındakılr varlığından bir sevinc duymalıdırlar. Sən içəri girənə başa düşməlidirlər ki, içəri xoş insan gəlir. Gözəllik budur. Bu gün istənilən vizajistin yanına girib ən gözəl xanım olmaq olar. İki saatdan sonra nə olacaq?. Bir dəfə məndən soruşdular ki, hansısa plastik əməliyyat filan olmusunuz?. Dedim təbiət mənə o qədər lütfkardır ki, həm ağıl verib, həm gözəllik (gülür), ona görə də ehtiyacım yoxdur. Təbii qulluq vasitələrinə üstünlük verirəm, idmanla məşğul oluram, üzürəm. Və bilirsiniz ki, həmişə brendomaniyanın əleyhinə olmuşam. Bütün libaslarımı tikdirirəm.

-        Mətbəxlə aranız necədir?

-    Əla. Ən yaxşı aşı, paxlavanı özüm bişirirəm. Mən deputat olmayana qədər kim idim?. Dövlət universitetinin müəlliməsi. Kim bişirirdi mənimçun. Nə oldu dünənə qədər bişirirdim, bacarırdım, yuyurdum, yığışdırırdım indi bacarmadım?. Övladlarım mən bişirməyəndə o dəqiqə hiss edirlər. Bazarlığı da mütləq özüm etməliyəm. Bacarmıram söhbəti yoxdur. Hər şeyi bacarıram. Hətta yorğan, döşək də sala blərəm.

-        Bir də duaların gücünə inanırsınız...

-        Bəli. Mən dualara çox ianan biriyəm və çox istəyirəm ki, insan dualarla yaşasın. Bəlkə də o duaların sehrini biz sona qədər başa düşmürük. İnsan gündə bir duaya alışmalıdır. Çünki hər bir söz energetikadır, informasiyadr. Həm özünə xoş gəlir, həm də başqasına impuls göndərirsən. Bu yaxınlarda rəsmi səfər zamanı Məkkəni ziyarət etmək imkanımız oldu. Kəbəni fırlandıqca bir dua ağlımda idi. Qara daşın ətrafına fırlandıqca deyirdim ilahi məni, məni sevənləri və sevdiklərimi sevdiklərin siyahısına yaz. Məni sevməyənlərə ağıl ver.

-        Sevgi nədir sizin anlamınızda?

-        Qadın üçün çox önəmli bir duyğudur. Sevilməmək bir qadın olaraq, ana olaraq, vətəndaş olaraq ağrıverici bir məqamdır. Amma hətta səni sevmirlərsə belə, sənin kimisə sevməyinə çox böyük ehtiyac var.

-        Adətən xanımlara həmişə qadın xoşbəxtliyi arzulayırlar. Qadın xoşbəxtliyi nə deməkdir ki?

-        Mən bunu qadın, kişi xoşbəxtliyinə bolmürəm. İnsan xoşbəxtliyi var. Qadın xoşbəxtiyi o demək deyil ki, yanında həmişə bir kişi olsun. Yox. Qətiyyən razı deyiləm. Yanında kişi ola bilər. Amma sən elə bədbəxt olarsan ki... Cəmiyyət üçün görüntü olaraq özünü xoşbəxt qadın kimi təqdim etmək vacib deyil. Güclü, özünü təsdiq etmiş, amalın, istəyin, yaşamaqçun arzuların varsa, bundan zövq ala-ala yaşaya bilirsənsə, nə gözəl. Hər kəsin bu cəmiyyətdə xoşbəxt olmaq haqqı var. Hər kəsə layiq olduğu qədər xoşbəxtlik arzulayıram. Və çox istərdim ki, insanlar bir-birilərinə mümkün qədər xeyirxahlıq arzulasınlar. Çünki nə arzu edirsənsə o da sənə qayıdır.

-    Sizin üçün ən gözəl həyat tablosu nədir?

-    Orada qoca nənə, yanında gözəl nəvələri. Mən və nəvələrim (gülür)

Günay YELMARQIZI

 





11.03.2013    çap et  çap et