525.Az

4 “S” düsturu


 

4 “S” düsturu<b style="color:red"></b>

8 mart 1857-ci ildə Amerikanın Nyu-York şəhərində toxuculuq sənayesində çalışan qadınlar əməkhaqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması tələbləri ilə etiraz aksiyaları keçirdilər. O hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində düzənlənən Qadın sosialist İnternasionalı toplantısında 8 martın bütün dünyada qadınlar günü olaraq bayram edilməsi qərara alındı. Aradan 156 il keçib. Bu müddətdə nə dəyişdi? “Heç nə dəyişmədi” deyə bilmədiyimiz kimi, “hər yer güllü-gülüstan oldu da” deyə bilmərik. Bu gün dünya qadınlarının ortaq problemi hüquq bərabərsizliyi, ayrı-seçkilik, təcavüz və bir əşya kimi istifadə olunmalarıdır. Qadın əziz varlıq olduğu qədər də, həm də zərif bir məxluqdur. Onun fiziki zəifliyindən əsrlərlə sui-istifadə edilmişdir. Bu səbəbdən “Birlikdən qüvvət doğar” şüarı ilə qadın cəmiyyətləri qurulmuş, qadının cəmiyyətdəki həqiqi yerini tapması üçün mübarizələr aparılmışdır. Hətta qadınlar üçün bayram günü də müəyyənləşdirilmişdir – 8 mart kimi. 8 martın qəbul edilməsindən 1,6 əsr keçmişdir. Ayaqlarının altında cənnətlərin olması ilə müjdələnən anaların il ərzində cəmi bir dəfə xatırlanması nə qədər doğrudur? Bir dahi belə demişdir: “Fani dünyada ən dahi varlıq anadır. Ana inləyən varlıqdır, bütün həyatı boyu inləyən və sızlayan”. Bax bu inləyən və sızlayan ana haqqında Azərbaycanımızı və ümumiyyətlə, türk dünyasının əzabkeş şairi də belə deyib:

Qadın gülərsə, bu ıssız mühitimiz
güləcək,
Sürüklənən bəşəriyyət qadınla
yüksələcək!        

İldə 365 gün başda qadın olmaqla hər şeyə 4 “S” düsturu ilə yanaşmalıyıq. “Sev, say, sədaqət göstər, səadətə çat”. Bu qaydanı öz həyatına tətbiq edə bilən insan dünyadan ləzzət alır. Qadın bütün insanlığa 4 “S” düsturu ilə baxa biləcək, yeni nəsil yetişdirən ən müqəddəs varlıqdır. Bunu bacara bilməsi üçün öncə qadının özünə həssaslıqla, sevgi, sayğı və sədaqətlə yanaşılmalıdır. Bax, o zaman qadın əllərində hər bir insanı cəmiyyətdəki öz yerinə qoyan, səmimi, şəfqətli, səadətli dünya şəkillənəcək və həmin dünya sülhə, əmin-amanlığa doğru istiqamət götürən gəmiyə yelkən olacaq. Xor baxılan 14 əsr bundan öncə dünyaya gəlişi, utanc doğuran qadının yetişdirəcəyi nəsildən bir xeyr gözləmək əlbəttə ki, əbəsdir, onların yetişdirəcəyi nəsillər də qansoran yarasadan fərqsiz olacaq və bugünkünə bənzər dünya da qan gölündən qurtara bilməyəcək.

“Torpaq toxuma, Həvva insanoğluna, Məryəm bir ruha, Əminə bütöv bir həqiqətə, Varlığın sirlərinə Anadır”, – deyib böyük bir dahi. Bax bu düşüncə ilə başda bütün insanlığın anasını, öz anamızın və analıq edən bütün varlıqların qədrini, qiymətini bilmək, “Sev, say, sədaqət göstər, səadətə çat” düsturunu əldə rəhbər edə bilmək arzusu ilə bütün dünya qadınlarının bayramı mübarək olsun!

[email protected]

 





11.03.2013    çap et  çap et