525.Az

Ah, bu çətin qürbət həyatı...


 

Ah, bu çətin qürbət həyatı...<b style="color:red"></b>

 

Əcnəbi ölkədə təhsilin maraqlı məqamları olduğu kimi insana əvvəl yaşamadığı çətinlikləri, qayğıları bəxş etdiyi anlar da olur. Kimisi vətən həsrəti çəkir, kimisi ailəsindən ötrü darıxır, kimisi də yeni təhsil sisteminə uyğunlaşmaqda əziyyət çəkir. Təbii ki, heç kəs bu çətinliklər qarşısında məğlub olmur, hamımız tədricən onların öhdəsindən müvəffəqiyyətlə gəlirik. Qəzetimizin ilk nömrəsində tələbələrimizlə elə bu barədə söhbətləşməyə qərar verdik və üzümüzü müxtəlif ali məktəblərdə təhsil alan gənclərimizə tutduq. Biz onların hamısına eyni sualı ünvanladıq: "Qürbət həyatında qarşılaşdığınız ən böyük çətinlik hansıdır və onun öhdəsindən necə gəlmişsiniz?" İnanırıq ki, onların cavabları sizin üçün yad deyildir.

Nicat Xalıqov (Şeffild Universiteti – Proqram Təminatı Mühəndisliyi, Bakalavr):

Böyük Britaniyada mənim üçün ən böyük çətinlik mədəniyyət müxtəlifliyi idi. Evim üçün çox darıxırdım və gülməli də olsa, ilk 3-4 gün hər səhər yuxudan ayılanda Bakıda öz evimdə olduğumu, öz yatağımda ayıldığımı düşünürdüm. Yalnız 3-4 saniyə sonra yadıma düşürdü ki, mən başqa məkandayam. İlk vaxtlar heç kəsi tanımırdım və buradakı insanların çox fərqli həyat tərzinə öyrəşə bilmirdim. Daha çox sakit həyat tərzi keçirmiş insan üçün, həqiqətən də, bu fərqliliyə sürətlə uyğunlaşmaq çətin olur. Çox sıxılırdım. İnsanlarda özümlə ortaq cəhət axtarışına başlamışdım ki, bununla rahatlıq tapım və sanki qəbul edə bilmirdim ki, insanlar bu qədər müxtəlif ola bilərlər. Lakin buradakı azərbaycanlı tələbələrlə tanış olub, onların da oxşar hisslər keçirdiyini öyrəndikdən və əcnəbilərlə ünsiyyətim artdıqdan sonra bu çətinliyin öhdəsindən gəldim. Ailəmlə tez-tez əlaqə saxlayırdım, o mərhələdə valideynlərlə danışmaq insana izahedilməz bir özünəinam hissi verir. Amma indi o günləri təbəssümlə xatırlayıram və anlayıram ki, zaman hər şeyi öz yoluna qoyur.

Nigar Dadaşzadə  (Aberdin Universiteti - Beynəlxalq münasibətlər və hüquq elmləri, Bakalavr)

Mən də düşünürəm ki, xarici ölkədəki mədəniyyət fərqlərinin öhdəsindən gəlmək göründüyü qədər asan deyil. Adət-ənənələr, davranışlar, həyat tərzləri bizim ölkədən hədsiz dərəcədə fərqlənir və bu dəyişikliklərə uyğunlaşmaq uzun vaxt tələb edə bilir. Mədəniyyət fərqləri insanların qeyri-sosial olmalarına səbəb olur, nəticədə tələbələr ailələrini, dostlarını, əvvəlki yaşayış mühitini tez-tez yad edirlər. Bundan başqa, dil fərqi də tələbələr üçün müəyyən çətinliklər yaradır. Onlar özlərini ifadə etməkdə, digər əcnəbi tələbələrlə və müəllimlərlə ünsiyyətdə bir sıra maneələrlə üzləşirlər. Lakin bütün bu çətinliklərin öhdəsindən gəlmək mümkündür. Bunun üçün tələbələr bacardıqca çox çalışmalı, əcnəbilərlə ünsiyyətdə olmalı, yerli mədəniyyəti öyrənməli və həmvətənlərimizlə sıx münasibət saxlamalıdırlar. 

Ağabəy Əsədov ( Birmingem Aston Universiteti - Maliyyə və Sərmayə, Magistr)

Mənim çətinliyim dərslərlə bağlı oldu. Xüsusən də, riyazi və statistik mövzuların ağırlığı ilə. Bunun öhdəsindən gəlmək üçün səylə kitabdan çalışdım və dərs müəllimi ilə əlavə görüşlər təşkil edərək fənni yüksək səviyyədə öyrənməyə nail oldum. Bununla yanaşı, qaranlıq qalan mövzuları Qafqaz Universitetindən olan riyaziyyat müəllimimlə Skayp vasitəsilə müzakirə etdim. Nəticədə sessiya zamanı imtahanların öhdəsindən müvəfəqiyyətlə gəldim.

Azər Abdullayev (Mançester Universiteti – İnformasiya Texnologiyaları Layihə İdarəetməsi – Magistr)

Şəxsən məndə avtomobillərin sağdan hərəkətinə uyğunlaşmaq çox çətin oldu. Çünki hər dəfə yolu keçəndə şüuraltı olaraq mən hərəkəti soldan gözlədiyim halda avtomobillər sağdan peyda olurdu. Başqa bir çətinliyim mətbəxlə bağlı idi. Daha doğrusu, mətbəxtsizliklə. Bunu mənim timsalımda bəxtsizlik kimi də qiymətləndirmək olar. Səbəb isə ondan ibarətdir ki, əgər aşpazlıq bacarığınız yoxdursa və ya mənim tək bunun sizə heç vaxt lazım olmayacağını düşünmüsünüzsə, deməli, yanılmışsınız. İlgiltərədə restoranlara və kafelərə etibar edənlərə qısaca xatırlatmaq istərdim ki, restoranlar ancaq fərqli coğrafi ərazilərin mətbəxlərini dadmaq üçün əlverişlidir, kafelərdəki xörəklər isə şəxsən məni qane etməyib, bəlkə də, bu bizim milli mətbəxin ucalığından irəli gəlir. Başqa çətinliklərim burada günəşin səmada az görünməsi və gündüzün qısa olması ilə bağlı idi. Bütün bu sadaladığım fərqlərə və çətinliklə mən zamanla sinə gərdim və alışdım”.

 Nihad Əlimədətli (Belfast Kvinz Universiteti - Kimya mühəndisliyi, Bakalavr):

Bura ilk gəldiyimdə mədəniyyətlər və təhsil sistemləri arasındakı kəskin fərq, sıravi Azərbaycan insanından vərdiş etdiyimiz istiliyin, cana yaxınlığın olmaması, ingilis mətbəxinin kasıblığı, hərəkət zolaqlarının avtomobil yolunun sol tərəfində olması və yerli insanların ingilis dilinin adət etdiyimizdən çox fərqli ləhcələrindən istifadə etmələri mənim qarşılaşdığım çətinliklər idi. Amma, necə deyərlər, zaman hər bir şeyin açarıdır. Tədricən burada özümdən başqa heç kəsin mənə kömək etməyəcəyini və hər şeyi özümün həll etməli olduğunu dərk etdim. Qürbət həyatına daha tez alışmaq üçün bəzi vərdişlərimi tamamilə dəyişdim və müxtəlif cəmiyyətlərə qoşularaq fəal ictimai həyat yaşamağa başladım. Bir sözlə, milli kimliyimi saxlayaraq həyata yerlilərin baxış bucağı ilə baxmağa çalışdım və nəticədə yerli mühitə alışa bildim.


Söhbətləşdi: Ziya Qafarlı
(Mançester Universiteti)


Böyük Britaniyada nəşr olunan "Birlik" ictimai-mədəni gənclik qəzeti

www.birlik.co.uk 

 





11.03.2013    çap et  çap et