525.Az

Sözünün sahibi


 

Sözünün sahibi<b style="color:red"></b>

Bir çinli filosof ahıl yaşlarında kədərlə etiraf etmişdi: “Günlər necə də ağır gedir, illər isə sanki uçur”.

Doğrusu, heç mənim də inanmağım gəlmir ki, bu hündür, qalın eynəkli, istedadlı və qaradinməz adamı 50 ildən çoxdur tanıyıram. Sanki hər şey dünən olub: Konservatoriyadakı “kapustniklar”, teatr premyeraları, kitab passajı, Nizami muzeyinin altındakı kitab mağazası, üzü əllə köçürülən qadağan olunmuş  “samizdat”, rentgen lentinə yazılmış caz musiqisi və bizim nəslin – “altmışıncılar” ın yaşadığı daha nələr, nələr. Coşqun, narahat və gözəl şəhərimiz Bakıda sonralar, bütün ömrümüz boyu, sanki kompas təki bizə yol göstərəcək “mayakı”, “istiqaməti” də məhz 60-cı illərdə qazanmışıq. Bizim nəsil istər intellektual, istərsə də mənəvi baxımdan xüsusi kübarlığı ilə seçilirdi.

Bütün Bakıda yayılmış, aforizmlərə çevrilmiş məzəli sözlər, münasibətlərdəki heyrətamiz dürüstlük, çətin anlarda mütləq köməyə gələn dost, ədalətli qiymətləndirmələr, hətta dost saymadığımız sadəcə ağıllı, istedadlı adamların uğuruna sevinmək, hər şeyin yaxşı olacağına romantik inam, comərdlik, biliklərimizi təkəbbürsüz, filansız dostlarımızla bölüşməyimiz,  bütün bu gözəl cəhətləri biz gənclər bir-birimizdən əxz edirdik. Altmışıncı illərdə Bakı yaşamaq və yaratmaq üçün rahat məkan idi və biz altmışıncılar öz şəhərimizi sevir, onun mədəni dəyərlərini inkişaf etdirir, donkixotluq edirdik. O illərin Bakısının havasından hal-hazırda çatışmayan bütün bunların (təkcə bunların yox!) qoxusu gəlirdi.

Dünya paxıl, təmənnalı, abırsız olub, indi nadir hallarda mərhəmətli və səmimi söz eşitmək olar. Çox az adam – bəlkə də elə o vaxtların yetirmələri 60-cı illər əqidəsinə sadiqdir. “Altmışıncılar” nəslinin parlaq nümayəndələrindən biri Bulat Okucava mərhəmətə bu cür səsləyirdi: “Gəlin bir-birimizə komplimentlər deyək. Bu anların işığında bir-birimizi sevək...”

Xəyalən gəncliyimə qayıdıram və Anarı çiynində, heç zaman ayrılmadığı çantası ilə xatırlayıram. (İndi gənclər arasında bu obraz çox dəbdədir, o zamanlar isə çox qeyri-adi idi.) Və həmişə onunla görüşəndə, düşünürdüm ki, görəsən,  çantasında nə gəzdirir?! Bəlkə lazım olan nələrisə... İndi bunları yaza-yaza həmin  çantanı bir daha xatırladım və anladım ki, bu, onun özünəməxsus yaddaş daxılı imiş, hansı ki, özündə saxladıqlarını sonralar qaytarır və Anar ordan süjetlər, mövzular götürür. Axı elə Anarın özünün də dediyi kimi, mənəvi zənginlik, həyat təcrübəsi və erudisiyadan daha vacibdir. Və indi düşünürəm ki, əgər tale Anara ağıl, qələm, istedad və başqa nələrsə verib, “Bunlar yalnız sənindir, heç kimlə bölüşmə!” – desəydi, o razılaşmazdı, imtina edərdi. O, özü də bir dəfə mənə  demişdi ki, “Əgər hər hansı uğur, nailiyyət yalnız özün üçündürsə, sevinc gətirməz...”

Bu məqaləmdə onun insanlığını, xasiyyətini təhlil etmək niyyətim yox idi, amma bunsuz da olmaz. Anarın Sözə çox unikal bir münasibəti var. (Yazıçı sözünü nəzərdə tutmuram, bu barədə bir az sonra danışacam...) Kişi sözünə! O, verdiyi sözə həmişə əməl edir.

Mən bilirəm, dəqiq bilirəm ki, şəhərə, gəzməyə çıxmaq onun üçün necə çətindir. İnsanlar onun səmimiliyini, xeyirxahlığını hiss edib yaxınlaşır və Qarabağ münaqişəsinin həllindən tutmuş məişət problemlərinə kimi müxtəlif mövzularda xahişlərini edirlər. Və o, bir qayda olaraq, imkanı daxilində hamıya kömək etməyə çalışır, verdiyi sözə əməl edir, çünki insan sözünün sahibi deyilsə, özünün də sahibi deyil.

Ona (xüsusən Milli Məclisin deputatı olanda) ictimai xadim, nüfuzlu şəxsiyyət olduğuna, yaxud da televiziya ekranında tez-tez göründüyünə görə yaxınlaşmırlar... Yox, o, siyasətçi deyil, hərçənd, incəsənətin istənilən sahəsi kimi ədəbiyyat özü də bir növ siyasətdir. Anarın elə bir energetikası, aurası var ki, hətta tanımadığı adamlara da xoş təsir edir, ona inanırlar, elə buna görə də yaxınlaşırlar.

1988-ci il idi, Qarabağ münaqişəsi başlananda o, Mərkəzi Komitədə çıxış edib Ermənistandakı azərbaycanlılara muxtariyyat verilməsi məsələsini qaldırmışdı. Anar vurğulayırdı ki, Ermənistanda yaşayan azərbaycanlıların Qarabağdakı ermənilərdən çox olması bizim üstünlüyümüzdür. Amma təəssüf ki, onu başa düşmədilər. Sonralar o, deyirdi ki, Ermənistandan qovulmuş minlərlə adamı Qarabağda məskunlaşdırmaq lazımdı, bu, ermənilərin qarşısını alar, çünki bununla demoqrafik vəziyyət əsaslı surətdə dəyişəcək. Və yenə də heyif, çox heyif...

Ümumiyyətlə Anar siyasətə məhz Qarabağ hadisələrinə görə cəlb olunmuşdu. Bu hadisələr o zamanlar Parisdə akademik Ağanbekyanın Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında məlum bəyanatından sonra başlamışdı. Və ilk etiraz notları da məhz Azərbaycan Yazıçılar Birliyindən gəlmişdi. O zaman Anar Qorbaçova məktub yazmışdı. Həmin illərdə (o zaman ki, kommunist partiyası özünün nüfuzunu və hakimiyyətini sürətlə itirirdi) bu məktubu respublika ziyalılarının çoxu imzalamışdı. Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyi  Azərbaycan xalqının ictimai-siyasi maraqları naminə çıxış edən yeganə təşkilat idi. Moskvada – çox çətin bir şəraitdə, məlumatsız, laqeyd və əsasən düşmən mövqeyi ilə köklənmiş auditoriyada Anar və başqa azərbaycanlı deputatlar həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni edirdilər.

Sonralar Anar, artıq Milli Məclisin deputatı kimi (1995-2005) mədəniyyət məsələləri ilə məşğul oldu. Rəhbərlik etdiyi komissiya on il ərzində Parlament tərəfindən qəbul edilmiş 12 vacib qanun hazırladı.

Neçə illər o, Şəhidlər Xiyabanında, keçmiş “Dostluq” restoranının binasında, (daha sonralar “Xalqlar dostluğu” institutu) Şəhidlər Muzeyinin yaradılması üçün çalışdı. Anar təkcə Qarabağ müharibəsi, Xocalı faciəsi, Qara yanvar   qurbanlarından danışmırdı. O, 1905-ci, 18-ci, 87-ci illəri, o illərdə xalqın başına gələn fəlakətləri yada salırdı və bütün bunların həmin muzeydə əks olunmasını təklif edirdi. Yaddaş hər bir insan üçün, xalq üçün müqəddəsdir. Keçmişi bilməyənin bu günü, sabahı, gələcəyi yoxdur. Və mən Anarla birgə 2011-ci ilin noyabrında İsraildə “Xolokost” muzeyini ziyarət edəndə onun nə qədər haqlı olduğuna bir daha əmin oldum.

Anar haqqında deyirlər ki, o “ağ köynəkdə doğulub”. Amma əlinizi ürəyinizin üstünə qoyub deyin, belə “oğlan”ların sayı çoxdurmu? Və onlardan hansı biri dörd hərfdən ibarət sadə bir adı bütün dünyaya tanıda bilib?!

Mən hesab edirəm ki, Rəsul Rza və Nigar Rəfibəyli kimi adamların övladı olmaq çox gözəldir. Onlardan Anara gen, xarakter keçib və məhz valideynləri onu bir şəxsiyyət kimi formalaşdırıb, təhsil, tərbiyə veriblər. Bu isə çox dəyərli işdir. Bir tərəfdən... Amma digər tərəfdən... Səmimi deyəcəyəm! Rəsul Rza bütün istedadlı adamlar kimi  kifayət qədər qəliz xarakteri, mürəkkəb taleyi olan insan idi. Və təəssüf ki, onun ətrafında paxıllığını çəkənlər, böhtançılar və sadəcə Bulqakovun təbirincə desək, “Şvonderlər” az deyildi. Və əfsuslar olsun ki, həmin miras Anara bütöv şəkildə keçib: ailənin dostları da, onların “xəstəliklər”i də... Onun atasını, anasını sevməyən (yaxud sadəcə paxıllıq edən) adamlar eyni hissləri Anara yönəldiblər. Bəli, onu sevməyən, yaxud paxıllıq edən adamlar var, qeybətini qıranlar da az deyil, amma onu sevənlər daha çoxdur. Bu yerdə bir ərəb məsəli  yadıma düşür: “İt hürər, karvan keçər”.

“Karvan” isə həqiqətən gedir. Və karvanın adı “Anar”dı. O Anar ki, iyirmi altı ildir Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir. O, öz iş otağında insanları  nəzakətlə dinləyir – özüm bunun şahidiyəm – onlarda xoş, nikbin ovqat yaratmağa çalışır. Və bu, onun yüksək və dərin mənəviyyatının, ziyasının göstəricisidir.

Mark Zaxarov çox dəqiq deyirdi: “ Hər cildə girmək olar, bircə ziyalılıqdan başqa...” Bəli, ziyalı – məncə, bu, hal-hazırda ən nadir və ən şərəfli bir addır. Çoxlu pulun, malın ola bilər, dövlət mükafatları ala bilərsən... amma nə olsun? Bunlarla ziyalı ola bilməyəcəksən... “Nuvorişlər” elə öz-özlərindən fərəhlənən “nuvoriş” olaraq da qalırlar...

Anar – əsl ziyalıdır, heç nəyə baxmayaraq simasını dəyişmir (sözün həqiqi və məcazi mənasında), aqressiv, qəzəbli olmur, yerinə yetirə bilməyəcəyi heç nəyə görə söz vermir.

Və bu yerdə mən romalı filosof Senekanın nəsihətini xatırlamaya bilmərəm: “Nə qədər bacarırsansa özünə qapan, yalnız sənə daha yaxşı təsir edənlərlə zamanını keçir, həm də özünün ən yaxşı təsir etdiyin adamları yaxınına burax...”

Hələ uşaqlıqdan o, Emin Sabitoğlu, Araz Dadaşzadə, Yusif və Vaqif Səmədoğlu ilə dostluq edib. Bu adamlardan üçü həyatda yoxdu, onun tez-tez söhbətləşdiyi Vaqif qalıb ancaq. Onun nəsli demək olar ki, qalmayıb, yeni nəsilləsə  dil tapmaq çətindir. Anarın valideynlərinə çox nəcib münasibəti vardı, övladlarına da eynilə bu cür yanaşır. Və mən həmişə hiss edirəm ki, unikal nəslin istedadı onun uşaqlarına da bilavasitə keçib, bu “qanın diqtəsi...”dir. Onlar ailə qanunlarıyla –vicdanlı, dürüst münasibətlər ruhunda tərbiyə olunublar. Bu məqamda Anarın xanımı, görkəmli alim Zemfira xanımın onun həyatında istər ailənin, ocağın qoruyucusu, istər dost, istərsə də həyat yoldaşı kimi rolunu xüsusi vurğulamaq istərdim. O artıq çoxlu nəvələri olan nənədir. Hal-hazırda Anarın oğlu Tural Azərbaycanın Küveytdəki səfiridir, qızı Günel isə istedadlı nasirdir və mən onun ədəbiyyatımızda layiqli yer tutacağına əminəm.

Anarın Pasternakdan, Yesenindən, Mayakovskidən, Blokdan, Yevtuşenkadan, Voznesenskidən ... etdiyi tərcümələrlə yaxşı tanışam. Onun   tərcümə edərək Azərbaycan oxucusuna tanıtdığı ədiblərin adlarını  sadalamaqla qurtarmaz. Bu, təkcə tərcümələridi. Gəlin baxaq, görək, onun qələmindən necə   orijinal, bənzərsiz əsərlər çıxmışdır?! Bu mövzuda neçə-neçə araşdırmalar aparılmış, dissertasiyalar, monoqrafiyalar yazılmışdır. Onun yaradıcılığı təkcə Azərbaycanda, MDB ölkələrində deyil, Avstriya, Fransa, Yaponiya, Finlandiya, Kuba, İran, İsveçrə, Hindistan, ABŞ, Kanada, Türkiyədə, ərəb ölkələrində sevilir... Anarın yaradıcılığı ilə maraqlanan insanların yaşadığı bir çox ölkələrin adlarını sadalamaq olar. Bu da təbiidir – müasir dünyanın problemlərinə toxunan bir çox dərin, fəlsəfi əsərlər Anar qələminin məhsuludur. O, hər bir kitabında qəhrəmanlarının daxili dünyasını açır, onların hansı çətinliklərlə üzləşdiyini, milli adətlərin və mentalitetin insan taleyinə necə təsir etdiyini göstərir.

Mən onun bütün əsərlərinin adını çəkməyəcəyəm, bu barədə bir az sonra yazacam. Onun son illərdə yazdığı əgər belə demək olarsa, sənədli əsərlərini xüsusi vurğulamaq istəyirəm. Mənə belə gəlir ki, o, çiynində daşıdığı həmin “məşhur” çantasında uzun illər yığılıb qalmış düşüncələrini oxucusu ilə bölüşmək istəyib. Amma indiyə kimi də saxladığı bu “məşhur” çantadan bəzən Anar dostları üçün o zamanlar “defisit” olan çex pivəsi də tapıb çıxarırdı.   

... Lakin ciddi desəm, çantadakılar onun oxuduqları, görüşləri, xaricə və Azərbaycanın rayonlarına, kəndlərinə səfərləridir. Bütün bunları o, son dərəcə səmimi və dürüst şəkildə yazıya alır. Və nəticədə “Azərbaycanın Ədəbiyyatı, İncəsənəti, Mədəniyyəti” üçcildliyi yaranır.

Birinci cildə Azərbaycan ədəbiyyatının klassiklərinə və müasirlərinə (bizim eranın VII əsrindən başlayaraq) aid müxtəlif illərin esseləri yer alıb. İkinci cildə – Azərbaycan musiqiçilərinə, rəssamlarına, heykəltəraşlarına, teatr və kino xadimlərinə həsr olunmuş esselər daxildir. Üçüncü cild... Həmin cild bu cümlələri oxuyan sizlərin masanız üstündədir. Ona görə də onun məzmunu haqqında geniş yazmıram. Bütövlükdə “Azərbaycanın Ədəbiyyatı, İncəsənəti, Mədəniyyəti” üçcildliyi “Dədə Qorqud” dövründən bu günümüzə qədərki əsas mərhələləri əks etdirir.

O, bü üçcildliyi bizim üçün, övladlarımız, nəvələrimiz üçün yazıb. Yazıb ki, onlar Vətənin mədəniyyət tarixini unutmasınlar... Həm də ona görə yazıb ki, bu kitablara adları daxil edilmiş adamlar onlar üçün mayak olsunlar və yaddaşlarında qalsınlar...

... Anarın “Gecə düşüncələri”ndən bir neçə sitat yaxşı yadımdadı. Siz də oxuyun, bu, məişətimiz haqqında düşünmək üçün gözəl bəhanə olar.

“...  Çantanızı daşımağa can atan adamlarla ehtiyatlı olun. Onlar öz lütfkarlıqlarını sizə heç vaxt bağışlamayacaqlar və nə vaxtsa öz könüllü yaltaqlıqlarına görə intiqam alacaqlar.

... Qəlblə ağıl yaşıd olmur.

... Puşkin haqlıdır, sənətkar ziyankar ola bilməz. Onun alibisini, təqsirsizliyini sübut edən istedadıdır.

... İstedad – tənhalıq deməkdir. Mütləq istedad mütləq tənhalıqdır”.

Məqaləmin əvvəlinə – səmimi, dürüst, ürəyiaçıq, təmiz adamlar Ordeninə aid edilən “altmışıncılar”a qayıdıram. Və əziz oxucular, nə sizi, nə də özümü aldatmamaq üçün Anara aid şaiyələrdən, alçaq və rəzil yazılardan danışmaya bilmərəm.  

Əfsus ki, paxıllıq dünyada hələ də hökmranlıq edir. Ona görə bu yerdə  “altmışıncılar”dan biri Andrey Voznesenskidən sitat gətirməli oluram: “Siz istedadsız və miskin olmanızı heç vaxt bağışlamayacaqsız...”

Çox sərt deyilib, amma nə qədər düzgün və dəqiqdir!

Anar, əsl ziyalı kimi, qəzəbini boğur, simasını qoruyur. O, emosiyalarını içində saxlayır, qəzəbini heç vaxt biruzə vermir, bunu mənliyinə sığışdırmır. Və bu məqamda mənim ağlıma belə bir fikir gəlir ki, o, bir çox yazıçılar, filosoflar, aqillər kimi  həyatının böyük hissəsini öz İÇİNDƏ yaşayıb.

Neynək, tarixlə mübahisə etməyək – cahillik, ədəbsizlik, paxıllıq həmişə olub. Daha bir “altmışıncı” Georgi Daneliyanın dediyinə görə insan təbiəti dəyişilməzdir.

Məni Anarı tərifləməkdə günahlandıra bilərlər. Nə etməli, Bulat Okucava  mənə vəkillik edər: “Gəlin bir-birimizə komplimentlər deyək...” Xüsusən də ona görə ki, yuxarıda yazdıqlarım hamısı həqiqətdir. Və mənim onun şəxsiyyətinə, istedadına heç nədən asılı olmayan, tamam səmimi hörmətim var.

Anarı 50 ildən çox tanıdığımdan və yaşca böyük olduğumdan onun haqqında düşüncələrimi belə sadə və azad şəkildə qələmə ala bildim və bununla da illər ərzində heç nəyin sarsıda bilmədiyi dostluğumuzu bir daha təsdiq etdim.

Onun haqqında çox bildiyimdən oxuculara 75 illik həyat, 60 illik yaradıcılıq yolu haqda xronoloji məlumat vermək istədim.  Bunun üçün Anarın həyat və yaradıcılıq yolunu gözəl şəkildə əks etdirən, E.Əfəndiyev və Z.Əliyevanın topladığı biblioqrafik məlumatdan istifadə etdim. Bu halda  oxucunun yorulmaz zəhmətkeşi və Azərbaycan ədəbiyyatının dərin bilicisini daha yaxından tanımaq imkanı olacaq.

Anar (Rzayev Anar Rəsul oğlu) – nasir, dramaturq, ssenarist, esseist, 14 mart 1938-ci ildə Bakıda yazıçı ailəsində anadan olub. Atası – Rəsul Rza, Azərbaycanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, anası – Nigar Rəfibəyli, Azərbaycanın Xalq şairidir.

Onillik musiqi məktəbini (1955-ci ildə), Azərbaycan Dövlət Universitetini (1955-1960), Ali Ssenari Kurslarını (1962-1964), Moskvada Rejissor emalatxanasını (1970-1972) bitirmişdir. Nizami adına ədəbiyyat muzeyində kiçik elmi işçi (1960-1961), Azərbaycan Radio və Televiziya Komitəsində redaktor (1961-1962), həmin Komitədə baş redaktor (1964-1967) işləmişdir. 1968-ci ildən 1987-ci ilə kimi, 19 il ərzində özünün təsis etdiyi “Qobustan” incəsənət almanaxının baş redaktoru olmuşdur. 1964-cü ildə Yazıçılar Birliyinin üzvü seçilib. 18 iyun 1987-ci ildən bu günə kimi Yazıçılar Birliyinin rəhbəridir. Azərbaycan SSRİ Ali Sovetinin deputatı (1987-1989), SSRİ Ali Məclisinin Şura üzvü və Xalq deputatı, Azərbaycan Respublikası Milli Məclisinin (1995-2000, 2000-2005) millət vəkili seçilmişdir. Milli Məclisin daimi Mədəniyyət Komitəsinin və Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun sədri olmuşdur.

Jurnalistlər İttifaqının, Kinematoqrafçılar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvüdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının  katibidir.

SSRİ Yazıçılar Birliyinin katibi və idarə heyətinin üzvü, Azərbaycanın Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinin sədri, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədr müavini, SSRİ Lenin və Dövlət Mükafatları Komitəsinin üzvü seçilmişdir. Azərbaycan Türkiyə dostluq Cəmiyyətinin sədridir. Azərbaycan Ensiklopediyasının baş redaktor müavinidir.

İstanbulda Dialoq Avrasiya Platformasının ilk sədri seçilmişdir, hal-hazırda həmin platformanın fəxri sədridir. Eyni zamanda “Sərhədsiz söz” beynəlxalq yazarlar forumunun sədri seçilmişdir.

Avropa, Asiya, Afrika və Amerikanın 48 ölkəsinə, keçmiş SSRİ-nin bütün dövlətlərinə (Moldaviyadan başqa) rəsmi heyətlərin tərkibində, həmçinin yaradıcılıq səfərləri olmuşdur.  Türkiyənin Memar Sinan Universitetində Azərbaycan ədəbiyyatı fənnindən dərs demişdir.

İlk əsərini 1952-ci ildə 14 yaşında Şuşada yazmışdır. 1960-cı ilin dekabr ayında “Ötən ilin son  gecəsi” və “Bayram həsrətində” hekayələri “Azərbaycan” jurnalında çap olunmuşdur.  1963-cü ildə “Bayram həsrətində” adlı ilk kitabı Bakıda işıq üzü görüb. Ötən əlli il ərzində Azərbaycanda, Türkiyədə, İranda, keçmiş SSRİ respublikalarında, bir sıra qərb və şərq ölkələrində romanları, povestləri, hekayələri, məqalə və esseləri, dram əsərləri  davamlı olaraq ayrı-ayrı kitablar şəklində çap olunmuşdur. Bakıda Anarın Azərbaycan və rus dillərində 50-dən çox kitabı, həmçinin azərbaycanca 6 cildlik, rusca 5 cildlik seçilmiş əsərləri işıq üzü görmüşdür.

Onun əsərləri 32 dilə tərcümə olunub. Moskvada (Məşhur “Oqonyok” və “Drujba narodov”  kitabxana seriyalarında) və keçmiş SSRİ-nin beş ölkəsində, 11 xarici ölkədə kitabları çap olunmuşdur, eyni zamanda 15 kitabı Türkiyədə, 10 kitabı Moskvada, beş kitabı İranda işıq üzü görmüşdür. Bundan əlavə Macarıstan, Özbəkistan, Estoniya, Polşa, Bolqarıstanda, Rumıniya, ADR, AFR, İsveçrə, İsveç, Kuba, Qazaxıstan, Tacikistan, Gürcüstan və başqa ölkələrdə də kitabları çap olunub. Bakıda iki kitabı ingiliscə nəşr olunmuşdur. ABŞ-da Anarın ikicildliyi nəşrə hazırlanır.

“Ötən ilin son gecəsi” hekayəsi rus, türk, alman, ingilis, ispan, polyak, macar, eston, belarus, tacik, tatar oxucularına tanışdır, onu fars və benqal dillərində də oxuyurlar. “Mən, Sən, O və telefon” hekayəsini isə polyak, macar, ingilis, fransız, alman, ispan, fin, yapon, çex, fars, ərəb, ukrayna, tacik, qazax, türkmən oxucuları öz doğma dillərində mütaliə edirlər. Bu hekayə ABŞ-da (“Nyu vorld revyu” jurnalında) və Kanadada çap olunmuşdur. Bundan daha öncə ruscaya tərcüməsi Moskvada “Nedelya” jurnalında dərc edilmişdir.

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı rus, alman, bolqar, çex, slovak, macar, eston, özbək dillərinə tərcümə olunmuş, iki dəfə böyük tirajla Moskvada, Türkiyədə (müxtəlif tərcümələrdə), həmçinin İsveçrədə və ADR, AFR-da (müxtəlif tərcümələrdə) işıq üzü görmüşdür. “Ağ liman” isə “Drujba narodov”, Polşada “Literatura na sveçe” jurnallarında və ayrıca kitab şəklində Moskvada, Macarıstanda, Bolqarıstanda, Estoniyada,  Türkiyədə, Qazaxıstanda, Özbəkistanda çap olunmuşdur. “Əlaqə” povesti “Drujba narodov” jurnalında, ayrıca kitab halında Moskvada, Türkiyədə, Macarıstanda, Estoniyada, Parisdə “Anka” jurnalında, ADR və Çexoslavakiyanın müxtəlif almanaxlarında çap olunmuşdur. “Ağ qoç, Qara qoç” povesti “Drujba narodov” jurnalında, Moskvada “Navajdeniye” kitabında, Türkiyədə ayrıca kitab kimi, həm də “Orta Doğu” qəzetinin bir neçə nömrəsində hissə-hissə, ayrıca kitab halında Rumıniyada (rumın və alban dillərində) çap edilmişdir. Həmin povest qazax və ingilis dillərində də işıq üzü görmüşdür. “Qırmızı limuzin” hekayəsi “Drujba narodov” jurnalında, Türkiyədə, ABŞ-da, Polşada, Avstriyada, Ukraynada, Litvada çap olunmuşdur. “Dədə Qorqud” Moskvada (üç dəfə, böyük tirajla) ayrıca kitab şəklində, Türkiyədə, İranda (ərəb əlifbasıyla Azərbaycan dilində və fars dilində), Qazaxıstanda, İsveçdə işıq üzü görmüşdür.  

Moskvada Anarın hekayaləri və esseləri “Drujba narodov” jurnalından başqa “Novıy mir”, “Sovetskaya literatura” (xarici dillərdə), “Voprosı literaturı”, “Literaturnı obozreniye”, “Literaturnaya uçoba”, “Sovetskaya muzıka”, “Muzıkalnaya akademiya” jurnallarında, “Pravda”, “Literaturnaya qazeta”, “Sovestkaya kultura”, “Komsomolskaya pravda”, “Literaturnaya Rossiya” və b. qəzetlərdə çap olunmuşlar. “Teatr” jurnalında isə Anarın ayrı-ayrı məqalələrindən başqa ümumittifaq komediya müsabiqəsinin mükafatına layiq görülmüş “Qaravəlli” (V.Korastılyovun tərcüməsində) pyesi, “Sovremennaya dramaturgiya” jurnalında isə “Yuxularıma gəlmə” pyesi (“Təhminə və Zaur”) (L.Juxovitskinin tərcüməsində) çap olunmuşdur.

Anarın pyesləri Azərbaycanın bütün teatrlarında, həmçinin Moskvada (R.Rudinin Miniatür teatrında), Türkiyədə (İstanbul Bələdiyyə Teatrında), Polşada, Bolqarıstanda, Moldaviyada, Tatarıstanda, Qırğızıstanda, Türkmənistanda, Ermənistanda, Dərbənddə tamaşaya qoyulmuşdur. Özbək bəstəkarı E.Kalantarov “Qaravəlli” pyesinin motivləri əsasında musiqili komediya yaratmışdır ki, bu da Daşkənddə Mukimi adına Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Anarın librettosuna bəstəkar Vasif Adıgözəlovun yazdığı səhnə əsəri Musiqili Komediya Teatrında oynanılmışdır. Anar Fikrət Əmirovun Dövlət Mükafatına layiq görülmüş birpərdəli “Nəsimi dastanı” baletinin librettosunu yazmışdır. “Öən ilin son gecəsi” (müxtəlif quruluşlarda iki dəfə. Baş rolda Dobrcanskaya və Fadeyeva), “Mən, Sən, O və telefon” hekayələri, “Səhra yuxuları” pyesi (Moldav Dövlət Teatrının quruluşunda) Moskva Mərkəzi televiziyasının Birinci kanalında nümayiş olunmuşdur.

Anarın ssenariləri əsasında “Azərbaycanfilm” kinostudiyasında 12 tammetrajlı bədii film (Azərbaycanda ilk ikiseriyalı “Dədə Qorqud” filmi), onlarla sənədli və televiziya filmləri çəkilmişdir. “Mən, Sən, O və telefon” hekayəsinin motivləri əsasında “Mosfilm” kinostudiyasında “Hər axşam 11-də” filmi çəkilmişdir. Türkiyədə Anarın əsərləri əsasında (“Dantenin yubileyi”, “Mən, Sən, O və telefon” əsərlərinin motivləri əsasında) iki film çəkilmişdir.  Anar rejissor kimi öz ssenariləri əsasında üç film çəkmişdir: “Dantenin yubileyi” (Gülbəniz Əlizadə ilə müştərək), “Üzeyir ömrü” və “Qəm pəncərəsi”. Rejissor Ramiz Həsənoğlu müxtəlif vaxtlarda Anara həsr olunmuş iki televiziya filmi çəkmişdir.

Rejissor Tofiq Kazımovun Dram Teatrında tamaşaya qoyduğu “Şəhərin yay günləri” pyesinə görə Anar 1980-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür. Həmçinin o, Əməkdar İncəsənət xadimi (1976-cı ildə), Xalq yazıçısı (1998-ci ildə) fəxri adlarına da layiq görülmüşdür. Nasirlərdən ilk dəfə ona “İstiqlal” ordeni (1988-ci ildə), həmçinin yazıçılar arasında ilk dəfə olaraq ona Heydər Əliyev mükafatı (2012-ci ildə) verilmişdir. Anar Türkiyənin nüfuzlu ictimai təşkilatlarının üç ali mükafatına, Balkan Yazıçılar Birliyinin mükafatına, Ukrayna və Qazaxıstan dövlətlərinin yüksək ödüllərinə layiq görülmüşdür. 2012-ci ildə Anar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mükafatını almış, həmin ildə Türkiyədə “Türk dünyasında ilin ədəbiyyat adamı” elan olunmuşdur.

Anarın iki bacısı var. Fidan Rzayeva – Bakı Dövlət Universitetində ərəb dili müəllimidir, Təranə Rzayeva – Azərbaycan Dövlət Pedaqoji Universitetində ingilis dili müəllimidir. Anarın həyat yoldaşı Səfərova Zemfira Yusif qızı – böyük alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür. Oğlu Tural Rzayev – diplomat, jurnalist, Azərbaycanın Küveytdəki Fövqəladə və səlahiyyətli səfiridir. Qızı Günel Rzayeva (Günel Anarqızı) – tanınmış Azərbaycan yazıçısıdır. Günel “El”, “Pəncərə”, “Ölkəm” jurnallarının təsisçisi və baş redaktorudur. Anarın dörd nəvəsi var.

Anar yaradıcılığına Bakıda və Türkiyədə çap olunmuş iyirmiyə yaxın kitab həsr olunmuşdur. (O cümlədən rus tənqidçisi Lyudmila Lavrovanın, türk tədqiqatçısı Ayşə Atayın kitabları.) Natavan Faiqin Anarla söhbətlər kitabı Bakıda və Rumıniyada işıq üzü görmüşdür.

Onun əsərlərinə aid yüzlərlə məqalələr, rəylər Azərbaycan, Rusiya (Moskva və Leninqradda), Türkiyə, İran, qərb ölkələri, MDB və ərəb ölkələri mətbuatında çap olunmuşdur.

“Azərbaycanın Ədəbiyyatı, İncəsənəti, Mədəniyyəti” üçcildliyinin müəllifi Anar haqqında  məqaləmi yekunlaşdırarkən oxucuma daha bir məqamı bildirmək istərdim... Ömrüm boyu çoxlu dostlarım olub. Onlardan bəziləri həyatdan köçüb, bəziləri uzun sürən dostluğa tab gətirməyib, bəziləri etibarsız çıxıb... Ona görə də indi dostlarım az qalıb... Çox sevinirəm ki, onların başında Anar dayanır. Bəli, biz hər ikimiz bu dəyəri qoruyub saxlamışıq. Çünki bu odur – Anar, bu da mənəm –

Nazim İbrahimov

 





11.03.2013    çap et  çap et