525.Az

“Milli Məclisdəki ittihamlar “Topaz”a yox, “qara bazar”a aiddir”


 

“Milli Məclisdəki ittihamlar “Topaz”a yox, “qara bazar”a aiddir”<b style="color:red"></b> “İndiyədək “Topaz”la bağlı heç bir problem yaranmayıb. Milli Məclisdə səslənən ittihamlar “Topaz”a yox, “qara bazar”a aiddir”. Lent.az-ın məlumatına görə, bunu “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov deyib.
 
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, Topazın dövriyyəsinin 4,2 faizi “Azəridmanservis”in hesabına gəlir. Bu vəsaitin 30 faizi AFFA-ya, 70 faizi klublara verilir. Amma “qara bazar”da yığılan pulların hara getdiyi məlum deyil: “Məhz həmin pullarla kriminal olaylar, qətllər və digər cinayətlər törədilə bilər. “Topaz” idmana yardım etmək və marağı artırmaq üçün fəaliyyətə başlayıb. “Qara bazar”la bağlı problemi çözmək isə Gənclər və İdman Nazirliyinin işi deyil”.
 
Məhərrəmovun sözlərinə görə, “Topaz” Peşəkar Futbol Liqası ilə müqavilə bağlamaqla, 3 il müddətinə Premyer Liqanın baş sponsoru olub: “Bundan sonra Premyer Liqada əksər oyunların canlı yayımının təşkili gerçəkləşib. İstəyimizə addım-addım yaxınlaşırıq”.
 
Amma “Topaz” Premyer Liqasının XXI turunda “Simurq” və “Bakı” komandaları arasındakı görüşə heç bir bukmeyker kontoru pul qoyuluşu qəbul etməyib. “Azəridmanservis” rəsmisi bunu belə izah edib: “Azərbaycanda mərc oyunları operatoru fəaliyyətə başlayarkən, etik normalar haqqında akt imzalanıb. Buna əsasən, müəyyən oyunlarla bağlı tərəflər bir-birinə məlumatlar ötürürlər. Risklərin idarəetmə şöbəsi ilə bu məlumatları araşdırır və həmin oyuna pul qoyuluşunun edilib-edilməməsinə dair qərar qəbul olunur. Avropada danışılmış oyunlara qarşı çox ciddi mübarizə aparılır. Məsələn, Skandinaviya ölkəsinin I divizionunda hansısa oyuna 50 min avroluq pul qoyuluşu edilməlidirsə, 200 min avro ödəniş edildikdə, həmin oyun müəyyən şübhələr yaradır. Araşdırma aparılır və pul qoyuluşu dayandırılır. Belə bir hal təkcə “Simurq” – “Bakı” matçında deyil, gələcəkdə də ola bilər. Ümidvarıq ki, az olacaq”. 
 





11.03.2013    çap et  çap et