525.Az

Cavanlaşan Ana Radio - Azərbaycan Radiosu-90


 

Cavanlaşan Ana Radio - <b style="color:red">Azərbaycan Radiosu-90</b>

Bu il Azərbaycan Radiosunun yubileyidir. 1926-cı il noyabrın 6-dan fəaliyyətə başlayan radioda “Danışır Bakı” sözləri paytaxtla yanaşı qısa müddətdən sonra ölkənin bütün ərazilərində eşidilməyə başlayır. Daha sonra Azərbaycan Radiosunun səsi uzaq-uzaq ellərə yayılır...

O dövrdə dünyada radionun meydana gəlməsi  dövrün böyük inqilabi hadisəsi hesab edilirdi. Ölkəmizdə isə hansı şəraitdə yaranmasına baxmayaraq ziyalılar ona millətin nicatı üçün bir ümid qığılcımı kimi baxırdılar.   Ona görə də ətrafına cəm olan böyük şəxsiyyətlər radionun nələrə qadir olduğunu ciddi dərk edərək onu xalqın, millətin maariflənməsində, inkişafında ən lazımi vasitə hesab edir və fəaliyyətini şüurlu şəkildə tənzimləməyə səy göstərirdilər. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev və sair ünlü musiqi xadimləri milli musiqinin sərhədləri aşmasında texniki nailiyyətlərin xidmətindən bəhrələnməyə  çalışırdı. 1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail olur. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərir. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoyurlar...

1933-cü il martın 8-i axşam saat 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunur. Konsertdə xanəndələr Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, artistlər Hüseynqulu Sarabski, Zülfi Adıgözəlov, Yavər Kələntərli, Zülfüqar Sarıyev, tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov, kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və başqaları iştirak edirlər. İki saata qədər davam edən konsertdə “Çahargah”ın “Bəstənigar”, “Hisar”, “Müxalif”, “Mənsuriyyə”, “Hüzzal” şöbələri və onlara uyğun təsniflər ifa edilir...

Ədəbiyyatın təbliği istiqamətində Məmməd Səid Ordubadi kimi yazarlar söz xiridarlarını başına toplayıb  ədəbi nümunələrin xalqa təqdimatı ilə məşğul olurdular.  Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənilməsinə çalışırdı. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə-biri bədii verilişlərdən ibarət idi....

Sənət adamları radioteatrların hazırlanması, səslənməsi ilə  ölkədə incəsənətin qüdrətini nümayiş etdirir,  aktyorlarımızın potensial imkanları üzə çıxarmağa cəhd edirdilər. Belə ki, 1931-ci ildə Azərbaycan Radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi “Radioteatr” yaradılır. Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb olur. İstedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi...

Radionun texniki imkanları genişləndikcə radio sənəti də təşəkkül tapır və incəsənətinin bir qolu kimi püxtələşməyə başlayırdı.

Radiojurnalistikanın genişlənməsi, “radioincəsənət”in meydana gəlməsi və təşəkkülü nadir fond nümunələrinin, zəngin səs irsinin - “Qızıl Fond”un  meydana gəlməsi ilə nəticələndi. Radionun “Qızıl fond”unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. 100 minə yaxın səs yazısı - xalqın səs səlnaməsi  gələcəyə ötürülən  ən qiymətli varidatımız hesab edilir...

Ana radiomuz əvvəl gündən ədəbi dilin mühafizəsinin keşiyində dayanıb. Çünki başlanğıcdan təməli belə qoyulub. Sovetlər birliyinin bir bayraq altında birləşdiyi bir dövrdə yaranmasına, rus dilinin hökmran olduğu dövrlərdə saatlarla özgə dillərdə də  verilişlərin  hazırlanmasına baxmayaraq,  ta mövcud olduğu vaxtdan  bugünə kimi ənənəyə sadiq qalaraq  radioya ana dilində səlis və məntiqli danışmağı bacaran, ədəbi dilin  normalarına mükəmməl səviyyədə cavab verən şəxslər işə qəbul olunublar.

...Bu gün Azərbaycanda radioyayım genişlənib, özəl və internet radioları çoxalıb. Ancaq dalğaların arasında “Ana radio” öz danışıq üslubundan, rəvan nitqindən, yəni nəfəsindən tanınır. Yüksək səviyyəli danışığı ilə onunla rəqabətə girən ikinci bir dalğa hələ ki yoxdur. Ədəbi məktəb hesab edilən doğma radionun kollektivi efirdəki danışıq  mədəniyyətinə görə aparılan monitorinqlər zamanı həmişə birinciliyə layiq görülüb.

İndi də milli radioda dil məsələsinə həssas yanaşılır. Keçmiş diktorların bacarığından, efir təcrübəsindən,  danışıq mədənyyətindən yararlanmaq üçün onların ustad dərsləri təşkil edilir. Özünü radioda Aydın Qaradağlının tələbəsi hesab edən Əli Məhəmmədoğlu rəhbərliyin istəyi və öz şəxsi insani keyfiyyətləri ilə efirə gələn hər bir gəncin yüksək səviyyədə hazırlanması üçün saatlarla vaxt ayırır ki, bildiklərini onlara əxz edə bilsin.

Bu gün radionun qapıları diktorlar məktəbinin layiqli nümayəndələrindən biri olan əməkdar artist Sevil Hüseynlinin, Sevda Salehin, xüsusi ilə bədii mətnlərin oxunuşunda mahir ifaçılıq qabiliyyəti ilə hər zaman diqqətdə olan Eldost Bayramın, cazibəli və rəvan danışan İradə Ələkbərqızının və başqa diktorların üzünə açıqdır.

Hazırda diktorlarla yanaşı, illərlə  efir təcrübəsi olan jurnalistlərin əməyindən də  geniş istifadə edilir. İlyas Adıgözəlli, Yasin Qaraməmmədli və s. qocaman jurnalistlərin istədikləri vaxt doğma ocağa təşrif buyurduğu, mikrofon önündə əyləşdiyi hamıya məlumdur.

Bir neçə ildir ki, radioda fəaliyyət göstərən xüsusi komissiya efirdən öncə verilişlərə qulaq asır, ssenariləri oxuyur, səslənmə prosesinin keyfiyyətinə nəzarət edir, ifa ilə mətn arasındakı uyğunluğu yoxlayır  və dil sarıdan baş verən nöqsanları vaxtında aşkarlayır. Hər hansı nöqsan olarsa, veriliş yenidən işlənməsi üçün müəllifə qaytarılır.

Azərbaycan Radiosunun bir özəlliyi də ondadır ki, 50 ilə yaxındır sinəsində “Bulaq” çağlayır.  Dinləyici yaddaşında əbədilən “Bulağ”ın zaman-zaman müxtəlif müəllifləri olsa da, fərdi və fərqli yaradıcılıq üslubu ilə araya-ərsəyə gələn rəngarəng verilişlərin hər bir sayı Qızıl Fond nümunəsi hesab edilir. Biri digərindən seçilən “Bulaq”ların qayəsi odur ki, folklor nümunələrinin, elat dilinin, şirin ləhcəyə sahib olan yurd yerlərimizin coğrafi dil məkanlarını üzə çıxartmaqla elin sazlı-sözlü boxçasını açmağa qadir  olsun.   Məhz buna görə də alimlərimiz radionun “Bulaq” verilişinə həmişə yüksək qiymət verərək, onun hər bir sayını etnoqrafik tədqiqat obyekti hesab edirlər.

Radionun əvəzedilməz verilişlərindən biri də “Axşam görüşləri”dir. Akademik Rafael Hüseynovun hazırladığı bu veriliş müasir dövrdə digər dalğalardakı oxşar layihələrdən onunla fərqlənir ki, burada haqqında söhbət açılan sənətkarlardan müəllifin özünün aldığı müsahibələri, şəxsi arxivindəki unikal səs yazıları   proqramın daha dolğun olmasnı təmin edir.  Rafael Hüseynov millət vəkili olmasına, uzun illər  AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin tərkibində çalışmasına, eyni zamanda elmi fəaliyyətinin gərginliyinə, rəhbər vəzifələrdə işləməsinə baxmayaraq həmişə radioya sadiqlik nümayiş etdirib. Hələ bugünə kimi bir dəfə də olsun “Axşam görüşləri”nin təkrar buraxılışını efirə verməyib. Hər dəfə orijinal sənət əsəri təqdim etməklə radioya olan sonsuz sevgisini nümayiş etdirib, gənc radio əməkdaşlarına örnək olub. Müəllif öz dinləyicisini heç vaxt intizarda qoymayıb. Öz dinləyicisini məxsusi onun üçün deyirəm ki, professorun özünün təqdimatında bu veriliş xüsusi reytinq qazanıb.

Azərbaycan Radiosu cəfakeş insanların sayəsində ucalıb. Radioya doğma evi qədər ehtiram göstərən əməkdaşlarının gərgin əməyi nəticəsində  yüksəlib, sənət məbədinə, xalqın  səs yaddaşına çevrilib.

Ana televiziya yaranana qədər öz radiofilmləri ilə “görüntü” yaradan bu yaradıcılıq ocağı maarifçilik, təbliğat funksiyasını yerinə yetirməklə bahəm elmin, mədəniyyətin, incəsənətin inkişafında da müstəsna rol oynayıb.  Ən əsası xalqın informasiya təminatçısı rolunda çıxış edib.

İkinci dünya müharibəsi illərində, milli azadlıq mübarizəsinin vüsət götürdüyü dövrlərdə, qanlı  yanvar hadisələri zamanı, eləcə də müstəqillik illərində xalqın  məlumat əldə etməsində radio yeganə informasiya vasitəsi olub.

Bircə faktı xatırlatmaq istəyirəm. 1990-cı ilin yanvarında Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan Radiosunu susdurmağa cəhd edir. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, Azərbaycan Radiosunun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatları ötürülürdü. Lakin həmin faciəli günlərdə Azərbaycan Radiosunun “Xaricə yayım” redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdırmağı bacarır. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSRİ Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış edir. O, tökülən günahsız qanlar üçün bütün məsuliyyətin SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşdüyünü, Azərbaycan xalqının öz oğul və qızlarının faciəli surətdə həlak olmasını heç kimə bağışlamayacağını bəyan edir. Texniki işçilər çıxışı lentə yazırlar və gün ərzində bir neçə dəfə səsləndirməyə müvəffəq olurlar. “Xaricə yayım” redaksiyası bu bəyanatı ərəb ölkələrinin, İranın Tehran, Təbriz və Türkiyənin Ankara radioları vasitəsilə bütün dünyaya çatdırır. Studiyanın qapısında dayanan əli avtomatlı hərbçilər, Beynəlxalq radionun dalğalara malik olmasını tamam unudan hərbi rejim ayılınca radio vasitəsilə  dünya Bakıda törədilən qırğından xəbərdar olmuşdur.

...90 yaşlı Ana Radiomuz get-gedə gəncləşir. Milli radioda  proqram tərtibatında yeniləşmə, yeni gəncliyin ab-havasına köklənən verilişlərin araya-ərsəyə gəlməsi,  müxtəlif format dəyişikləri dövrün tələbi olduğundan bu istiqamətdə həyata keçirilən işlər planlı şəkildə aparıldığından 90 yaşlı radionun fəaliyyətdə bir cavanlaşma, daha dəqiq desək canlanma hiss olunur. Gənc kadrlara isə xüsusi üstünlük verilir... İnformasiya xidmətinin fəaliyyəti daha da təkmilləşir. Musiqi+informasiya formatına mili radionun dalğalarında da tez-tez müraciət edilir. Hər saatın tamamında  “Xəbərlər”in xüsusi buraxılışı səslənir. “Xəbərlər” redaksiyanın texniki təminatında  baş verən dəyişikliklər, əməkdaşların son model kompüter texnologiyaları ilə təmin olunması, bir sözlə yaradılan şərait imkan verir ki, redaksiya operativ şəkildə xəbəri auditoriyaya anındaca ötürə bilsin.

Mərhələlərlə inkişaf etmiş radio yayımı hazırkı şəraitdə HD FM radio yayımınadək müasirləşmişdir. Belə ki, 2012-ci il aprelin 13-də Bakı Teleqüllə kompleksinin 200 metr hündürlüyündə quraşdırılmış, İtaliyanın RVR Elektronika şirkətinin istehsalı olan  5 kVt gücündə HD radiovericisi vasitəsilə, Bakı şəhərində ilk dəfə olaraq 105 MHs tezliyində “Azərbaycan” radiosunun HD formatlı yayımı həyata keçirilir. Radionun studiyaları, yaradıcı heyətin çalışdığı otaqlar da tamamilə yenidən qurulub, rəqəmsal yayım üçün zəruri olan avadanlıqla təchiz olunub. “Qızıl Fond”da olan səs yazılarının lentlərdən elektron disklərə köçürülməsi, əməkdaşların efir materiallarını hazırlayarkən fonddan rahatlıqla istifadə etməsi prosesi də tam qaydada elektronlaşdırılıb...

Radio insanın yol yoldaşı, qulaq dostu, duyğulu anlarında könül sirdaşıdır. Günün istənilən anında Ana Radionun efirindən zövq almaq mümkündür. Çünki daha çox musiqi verilişləri ilə zəngin olan Azərbaycan Radiosunda milli və klassik musiqilərdən ibarət konsert proqramları, zəngin fond səsləri  və yüksək səviyyəli danışıq, bir sözlə mükəmməl təqdim edilən radio  sənətkarlığı dinləyici rəğbəti qazanmaq, “Ana Radio”nun ucalardan uca olduğunu göstərmək, onun şan-şöhrətini qorumaq üçündür.

Azərbaycan Radiosu xalqın döyünən ürəyi, danışan səsi, eşidən qulağı, çalınan musiqisi, sənət beşiyi, səs yaddaşı, söz dünyasıdır. 90 yaşını zəfərlə qeyd edəcək xalqımızın milli mənəviyyat ocağıdır.  Deməli, noyabrın 6-sı radio işçilərinin peşə bayramı günü xalqımızın, Azərbaycanımızın  bayramıdır.

 





12.09.2016    çap et  çap et