525.Az

"Dövlət-din münasibətləri Konstitusiya və qanunla tənzimlənir"


 

"Dövlət-din münasibətləri Konstitusiya və qanunla tənzimlənir"<b style="color:red"></b> Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzmanı qəbul edib.

Komitədən 525.az-a verilən məlumata görə, M.Qurbanlı Dövlət Komitəsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır.

Ölkə əhalisinin 96%-nin İslam dininə mənsub olduğunu diqqətə çatdıran komitə sədri milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu vurğulayıb.

O, ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini dözümlülüyə və tolerantlığa hörmət göstərilməsinə, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.
 
M.Qurbanlı Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradıldığını, “Yehovanın şahidləri”nin də Azərbaycanda icmasının olduğunu, lakin yenidən dövlət qeydiyyatından keçmədiyini onların diqqətinə çatdırıb.

Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.

Sonda qonaqlar səmimi qəbula görə M.Qurbanlıya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, qəbulda komitə sədrinin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov da iştirak ediblər.

Cavid QƏDİR
 





14.09.2016    çap et  çap et