525.Az

Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib


 

Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib<b style="color:red"></b>

Baş redaktor məhkəmə zalında Mirşahini hədələyib

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi başa çatıb.
 
APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən proses başlanmazdan əvvəl məhkəmə zalında Əvəz Zeynallı ilə ANS telekanalının müxbiri arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs ANS əməkdaşının zaldan çıxarılmasını, prosesin bundan sonra başlanmasını tələb edib: “İndiyə kimi hardaydınız? Ermənistan kanalının gəlib burda çəkiliş aparmasına razıyam, ANS-in yox. Vahid Mustafayev başda olmaqla, ANS-in şərəfli qələm əhlinin hamısı satılıb. Azadlığa çıxan kimi gedib Mirşahini döyəcəyəm”.
 
ANS əməkdaşı isə zaldan çıxmayacağını, işini görəcəyini deyib. Bundan sonra Ə. Zeynallının prosesdə iştirak edən qohumları da ANS əməkdaşlarının prosesdən kənarlaşdırılmasını istəyiblər. Məhkəmə nəzarətçiləri ANS əməkdaşlarını zaldan çıxarıblar.
 
Bundan sonra hökm elan olunub.
 
Hakim hökmü elan edərkən Ə. Zeynallının himayəsində iki azyaşlı uşağının olduğunu yüngülləşdirici hal kimi nəzərə alındığını  bildirilib. Məhkəmə Ə. Zeynalının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququnu məhdudlaşdırmaqla, 9 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.
 
Hökmə əsasən, ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödəniləcək.
 
Ə. Zeynalının cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi elan olunub.
 
Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən Əvəz Zeynallının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Xatırladaq ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.
 
O, sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

 





12.03.2013    çap et  çap et