525.Az

“Poçt qutusu” gürcü dilində


 

“Poçt qutusu” gürcü dilində<b style="color:red"></b>

Azərbaycan tənqidi realizminin yaradıcısı Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə Tbilisidə “Universal” nəşriyyatı tərəfindən gürcü dilində işıq üzü görüb.

Azərbaycan Milli Elmlər Akademiyasından AzərTAc-a bildiriblər ki, bu, görkəmli yazıçının tədqiqatçılarından biri - Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin layihəsi əsasında reallaşdırılıb. Akademik İ.Həbibbəyli uzun illərdir Cəlil Məmmədquluzadənin hekayələrini dünya xalqlarının dillərində nəşr etdirir və bununla da böyük klassikin əsərlərinin dünyada tanınmasına geniş imkan yaradır. Bu layihə əsasında Cəlil Məmmədquluzadənin hekayələri artıq Misir Ərəb Respublikasında, Macarıstanda və Pakistanda nəşr edilib. Yazıçının “Poçt qutusu” hekayələr kitabının İ.Həbibbəylinin ideya müəllifliyi və “Ön söz”ü ilə Tbiliisidə çapdan çıxmasını ədəbi mühitdə mühüm hadisə kimi dəyərləndirmək olar.

Həyatının böyük bir dövrünün Tiflisdə keçməsinə və “Poçt qutusu” hekayəsinin ilk dəfə burada “Şərqi-Rus” qəzetində çap edilməsinə baxmayaraq gürcü oxucuları onun hekayələri ilə tanış olmayıblar.

C.Məmmədquluzadənin hekayələr kitabı dünyanın bir neçə dilində işıq üzü görsə də, gürcü dilində ilk dəfədir ki, toplu halında nəşr olunur. Yazıçının “Poçt qutusu” hekayəsi ilk dəfə görkəmli ədəbiyyatşünas alim Əziz Şərif tərəfindən gürcü dilinə çevrilərək 1934-cü ildə “Türk ədəbiyyatı” toplusunda yer alıb. 1968-ci ildə Tbilisi Dövlət Universitetinin nəşr etdiyi, Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına C.Məmmədquluzadənin “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri salınıb.

“Poçt qutusu”nu Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya tərcümə ediblər. Kitaba Ə.Şərifin vaxtilə yazdığı “Ön söz”ün C.Məmmədquluzadəyə aid olan hissəsi də daxil edilib. Nəşrdə müəyyən sözlərin izahı da verilib. Kitab Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə işıq üzü görüb. Kitabda ədibin gürcü dilində 13 hekayəsi yer alıb. C.Məmmədquluzadənin Tbilisidə çıxan “Poçt qutusu” hekayələr kitabında görkəmli yazıçının “Poçt qutusu”, “Qurbanəli bəy”, “Nigarançılıq”, “İranda hürriyyət”, “Quzu”, “Konsulun arvadı”, “Rus qızı” və sair hekayələri toplanıb. Bundan başqa, kitabda görkəmli yazıçının həyat və yaradıcılığına, ailə üzvələrinə aid şəkillər vardır. Nəşrdə, həmçinin C.Məmmədquluzadənin tərcümeyi-halına, “Molla Nəsrəddin” jurnalına aid şəkillər, əsərlərinə çəkilmiş illüstrasiyalar və s. fotoşəkillər də verilib.

İllüstrasiyaların əsas müəllifi məşhur alman rəssamı Oskar İvanoviç Şmerlinqdir.

Kitabın redaktoru Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianidir. Nəşriyyat redaktorları məşhur gürcü yazıcı Nariman Yaşağaşvili (Naro Kolxeli) və Mirzə Məmmədoğludur. Hekayələri Gürcüstan və Azərbaycan mətbuatında əsərləri çap olunan Almaz Mirzəoğlu tərcümə edib.

C.Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabının Tbilisidə gürcü dilində nəşr edilməsi ölkələrimiz arasında ədəbi əlaqələrin parlaq hadisəsidir.

 





16.09.2016    çap et  çap et