525.Az

Xoreoqrafiya Akademiyasinda yeni tədris ili


 

Xoreoqrafiya Akademiyasinda yeni tədris ili<b style="color:red"></b>

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Xoreoqrafiya Akademiyasında, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin, eləcə də digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə, Akademiyanın bakalavriat və magistratura pillələrinə daxil olmuş tələbələrlə görüş, həmçinin tələbə biletlərinin təntənəli təqdimetmə mərasimi keçirilib.

Akademiyadan 525.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Timuçin Əfəndiyev tələbə və magistrant adını qazanmış gəncləri təbrik edərək, onlara həm təhsildə, həm də yaradıcılıqda uğur və müvəffəqiyyətlər arzuladı.

Rektor çıxışında vurğuladı ki, 2016-2017-ci tədris ili Bakı Xoreoqrafiya Akademiyasının tarixində əlamətdar ildir, çünki əsaslı və xoreoqrafiya sənətinin inkişafı üçün çoxpilləli təhsilin səmərə verməsinə xidmət edəcək struktur islahatları aparılıb.

T.Əfəndiyev xoreoqrafiya təhsilində innovasiyaların tətbiqi və islahatların, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi yolunda görüləcək işlərin bundan sonra da davam etdiriləcəyini qeyd etdi.

Rektor bildirdi ki, Akademiyanın və ümumiyyətlə milli xoreoqrafiya tarixində əlamətdar haldır ki, qısa vaxt ərzində Akademiyanın “Sənət Akademiyası” adlı elmi-nəzəri jurnalı təsis edilib və artıq 2-ci nömrəsi işıq üzü görüb.

Jurnalda təhsilin bütün pillələri üzrə aktual pedaqoji və psixoloji məsələlərə, eləcə də xoreoqrafiya və musiqi sənəti, sənətşünaslıq və kulturologiya sahələrini əhatə edən mövzulara həsr olunmuş elmi məqalələr, tədrisin aktual məsələlərinə və təhsilin metodikasına dair qabaqcıl müəllimlərin iş təcrübəsini əks etdirən materiallar dərc edilir.

Bakı Xoreoqrafiya Akademiyası özündə bədii-yaradıcılığı və elmi düşüncələri cəmləşdirən bir təhsil və sənət ocağıdır.

Sənətlər arasında nəcib incəsənət növü kimi tanınan xoreoqrafiya sənəti və onunla bağlı bütün fəaliyyətlərlə məşğul olmaq nəinki maraqlı, eyni dərəcədə məsuliyyətlidir. Çünki 90 illik tarixi olan Azərbaycan xoreoqrafiya məktəbinin zəngin ənənələri, yüksək professionallığı və miqyaslı fəaliyyəti artıq çoxdan dünyaya bəllidir. Bu gün Akademiyada orta təhsildən tutmuş, kollec, bakalavriat, magistratura və doktorantura – zəncirvari təhsil kompleksi fəaliyyət göstərir.

Son zamanlar Akademiyada təsilin maddi-texniki bazası möhkəmləndirilib, təmir işləri geniş vüsət alıb.

Tədrisin səmərəliyini gücləndirmək üçün xarici ölkələrin ali təhsil müəssisələrindən akademiyaya istedadlı mütəxəssislər dəvət olunub və bu proses davam etməkdədir. Bu gün bizim məzunlarımız öz sənətləri ilə dünya miqyasında tanınır.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətini, eləcə də tələbə və magistrantları Akademiyaya daxil olmaları münasibəti ilə təbrik etdi.

Nazir bildirdi ki, bu il Akademiyanın bakalavr səviyyəsinə 53, magistr səviyyəsinə 12 nəfərin qəbul olunması çox yaxşı göstəricidir və hər il bu sayın daha da artacağına əminlik var. Ə.Qarayev vurğuladı ki, hazırda Akademiya qarşısında duran ən vacib məsələ ilk növbədə xoreoqrafiya sənətinin beynəlxalq səviyyəyə qaldırılması, bunun üçün həm təhsil, həm də sənət baxımından, eləcə də maddi-texniki bazanın gücləndirilməsi və təmir-bərpa işlərinin aparılması üçün təxirəsalınmaz tədbirlərin görülməsidir. Bu istiqamətdə nazirlik öz tərəfindən imkanları çərçivəsində müvafiq tədbirlər görür.

Ə.Qarayev qeyd etdi ki, Akademiyanın müəllim və tələbələri imkan olduqca müasir rəqs cərəyanlarını öyrənmək üçün xaricdə olan xoreoqrafiya akademiyalarına uzun müddətə ezam edilsin, əcnəbi teatrlarda səhnə fəaliyyəti ilə məşğul olsunlar, çünki bu da Azərbaycan mədəniyyətinin təbliği deməkdir.

Tədbirin davamında Bakı Xoreoqrafiya Akademiyasının bakalavr pilləsinin 1-ci kurs tələbəsi, Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin 1-ci yer laureatı Fatimə Əlimova tələbə-magistrant heyəti adından çıxış edərək, Akademiyada yaradılmış şərait və fasiləsiz təhsil imkanlarının genişləndirilməsinə görə Ə.Qarayevə və T.Əfəndiyevə təşəkkürünü bildirdi.

Sonra nazir Akademiyanın magistrantlarına vəsiqə və müvəffəqiyyət kitabçalarını təqdim etdi.

 





19.09.2016    çap et  çap et