525.Az

"Dərbənd xalçaçılığı" nəşr olundu


 

"Dərbənd xalçaçılığı" nəşr olundu<b style="color:red"></b>

Azərbaycan mədəniyyəti ilə bağlı mühüm tədqiqat işi olan monoqrafiya işıq üzü görüb.

AZƏRTAC-ın məlumatına görə, "Dərbənd xalçaçılığı" monoqrafiyasının müəllifləri tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov və Rusiya Elmlər Akademiyasının (REA) Dağıstan Elmi Mərkəzinin əməkdaşı, tarix elmləri doktoru, professor Məhəmmədxan Məhəmmədxanovdur.

UNESCO-nun mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar kafedrası tərəfindən dəstəklənən əsərin redaksiya heyətinə Azərbaycanın və Dağıstanın görkəmli alimləri daxildir. Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi təsdiq olunub.

Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası, "Azər-İlmə" Xalçaçılıq Mərkəzi və REA-nın Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi "Dərbənd xalçaçılığı" fundamental elmi layihəsinin nəticələri əsasında işıq üzü görüb. Əsər Dərbənd şəhəri haqqında müxtəsər tarixi-etnoqrafik oçerk, şəhərin və ətraf bölgələrin etno-mədəni mənzərəsi, burada yaşayan əhalinin əsas məşğuliyyət sahələri haqqında oçerklərlə başlayır. Tədqiqatda əsas yeri Dərbənd xalçaçılığının tarixinin və müasir vəziyyətinin, onun yayılma arealının, toxunma texnologiyasının, bədii və ornamental-semantik xüsusiyyətlərinin öyrənilməsi tutur.

Monoqrafiyanın xüsusi bölməsində Dərbənd xalçalarını yaradan və realizə edən boyaqçılar, toxucular, xalça tacirləri haqqında illüstrativ materiallar təqdim olunub. Dərbənd xalçaları haqqında ətraflı təsəvvür yaratmaq məqsədilə dünya muzeylərində, o cümlədən, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, Dağıstanın P.S.Qamzatova adına Təsviri Sənətlər Muzeyində, "Azər-İlmə"nin "Sehrli ilmələr" qalereyasında, Chiristies, Sotheby's, Rippon Boswell kimi hərracların fondunda, şəxsi kolleksiyalarda mühafizə olunan nadir xalçaların fotoşəkillərinə və onlar haqqında məlumatlara geniş yer ayrılıb. Tədqiqata beynəlxalq qiymətləndirmə standartlarına müvafiq olaraq qədim Dərbənd xalçalarının indeksasiyası da daxil edilib.

Kitab Dərbənd xalçaçılığına, Azərbaycan-Dağıstan tarixi-mədəni əlaqələrinə maraq göstərənlər, xalçaçılıq və digər tətbiqi-sənət sahələri üzrə ixtisaslaşan ali və orta ixtisas məktəblərinin şagirdləri, tələbələri, ümumiyyətlə xalçaçılığa dair məlumat almaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 





20.09.2016    çap et  çap et