525.Az

"Siyasətə din elementlərinin gətirilməsi dövlətin mövcudluğuna qəsddir"


 

"ONUN SOSİAL BAZASININ DEMƏK OLAR Kİ, SIFIRA BƏRABƏR OLMASI HƏR KƏSİN ÇOXDAN ALIŞDIĞI REALLIQDIR"

"Siyasətə din elementlərinin gətirilməsi dövlətin mövcudluğuna qəsddir"<b style="color:red"></b>

Ötən həftə Milli Şura və Müsavat Partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış ayrı-ayrı mitinqi keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, sentyabrın 17-də özünü Milli Şura adıandıran qurumun toplantısında həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı səkkiz yüz nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Lakın tədbirdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib,  xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər.

Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb.

Sentyabrın 18-də isə Müsavat Partiyasının mitinqi keçirilib.  Saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı beş yüz nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Mitinqlərlə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini - İcra katibi Əli Əhmədov fikrini bildirib.

O, "Trend" agentliyinin bununla bağlı suallarını cavablandırıb. 

- Əli müəllim, müxalifətin referendum əleyhinə mitinqi növbəti dəfə uğursuz keçdi. Özünü "Milli Şura" adlandıran müxalifətin indiki "mitinq taktikası" barədə nə deyə bilərsiniz?

- Əsl həqiqət ondan ibarətdir ki, obrazlı şəkildə ifadə etsək, müxalifət barıtsız patron kimidir. Onun sosial bazasının demək olar ki, sıfıra bərabər olması hər kəsin çoxdan alışdığı reallıqdır. Ona görə də, müxalifətin istənilən cəhdinin uğursuz alınması təəccüblü görünməməlidir. Müxalifətin bəzi dairələrinin referenduma qarşı çıxmasını isə mən onların axına qarşı üzmək cəhdi adlandırardım. Ölkədə Prezidentin referendum təşəbbüsünə böyük etimadın müşahidəsi fonunda antireferendum təbliğatı cəhdlərinə başqa ad vermək mümkün deyil. Xüsusilə də bunu sosial dayağını bütünlüklə itirmiş müxalifət qruplaşması etdikdə, uğursuzluqdan yan qaçmaq mümkün deyil. Bir şey də demək istəyirəm. Nəinki insanlar, təbiət də onlardan bezib. Neçə dəfədir onlar mitinq keçirəndə hava şəraiti kəskin dəyişir. Hava proqnozları sentyabrın 17-ə yağış göstərmirdi. Ancaq gördünüz ki, günün böyük hissəsi necə yağmurlu oldu. Hazırkı müxalifət bütün siyasi resurslarını və perspektivlərini itirmiş kiçik, təsirsiz qrupdan başqa bir şey deyil.

- "Milli Şura"nın mitinqində referendumdan, Konstitusiyaya dəyişikliklərindən daha çox digər məsələlərdən, iqtisadi və sosial xarakterli problemlərdən bəhs edildi. Bu necə qiymətləndirilə bilər: taktiki gediş, yoxsa Konstitusiyaya dəyişikliklər ilə bağlı sözün olmaması?

- Çox ehtimal ki, "Milli Şura"nın təhlilçiləri referenduma etiraz adı altında iqtisadi və sosial problemlərin qabardılmasını özləri üçün perspektivlər vəd edən taktiki gediş sayıblar. Mitinqin uğursuzluğa düçar olması onların bu düşüncələrinin həmişəki kimi səhv olduğunu göstərdi. Məlum oldu ki, müxalifətin hətta azsaylı tərəfdarları mitinqə bir əyləncə kimi yanaşır. Hava yaxşı olanda gəlirlər, necə deyərlər, təmiz hava alırlar. Hava şəraiti pis olduqda isə, özlərinə əziyyət vermək istəmirlər. Bu cür təfəkkür və əqidə sahiblərindən insanlar nə gözləsin.

Məsələnin mahiyyətinə gəldikdə isə söhbət ondan gedir ki, insanlar iqtisadi və sosial sahədə mövcüd olan problemlərin həllini müxalifətdən deyil iqtidardan gözləyir. Prezidentin yeni iqtisadi və sosial islahatlar strategiyası özünün aktiv fazasına daxil olub. Nəticənin yaxın zamanlarda özünü göstərəcəyinə heç kəs şübhə etmir. Əhəmiyyətli siyasi islahatlar aparılmasını nəzərdə tutan referendum bütünlükdə Prezident İlham Əliyevin islahatlar proqramını tamamlamaq məqsədini güdür. İnsanlar bu islahatların müsbət nəticələrə səbəb olacağına inanır. Bu mənada müxalifətin ifasında iqtisadi və sosial problemlər haqqında çıxışlar səmimilikdən məhrumdur və ona kimsə qulaq asmaq istəmir.

- Əli müəllim, "Milli Şura" adlandırılan bir qurumun mitinqlərində din elementi açıq şəkildə müşahidə olunurdu. Nə baş verir: müxalifət, yaxud onun bir qanadı dini radikalizmlə birləşir?

- İqtidar olaraq bizi özünü "Milli Şura" kimi təqdim edən qurumun, yaxud müxalifətin digər qanadlarının təşkil etdiyi mitinqlər qətiyyən narahat etmir. Çünki hər dəfə bu mitinqlər hamıya məlum olan bir həqiqətin növbəti təsdiqinə çevrilir - müxalifət hər hansı ciddi sosial dayaqdan məhrumdur, iqtidarın sosial bazası isə yetərincə genişdir və bu, xalqla iqtidarın birliyində özünün ifadəsini tapır.

"Milli Şura"nın son həftələrdə təşkil etdiyi mitinqlərdə həqiqətən narahatlıq doğuran siyasi müxalifətin dini radikalizmlə birləşməsi, siyasətə din elementlərinin gətirilməsidir. Əvvəla, bu qanuna ziddir. Siyasi partiyaların din elementlərindən, dindarlardan öz fəaliyyətlərində və aksiyalarında istifadə etməsi qanunla qadağan olunub. İkincisi, siyasətə din elementlərinin gətirilməsi dünyəvi dövlət anlayışı ilə bir araya sığmır. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikası dünyəvi dövlət elan edilib və bu mənada siyasətə din elementlərinin gətirilməsi ölkənin konstitusion əsaslarına təhlükə kimi qiymətləndirilməlidir. Üçüncüsü isə, bunu mən xüsusilə vurğulamaq istəyirəm, biz ətrafımızda baş verən fəlakətlərdən ibrət dərsi götürməyə məcburuq. Yaxın və Orta Şərqi qana bürümüş hadisələrin ətrafdakı istənilən ölkəyə keçmə ehtimalı böyükdür. Dini radikalizm isə bu işdə ən təhlükəli vasitə ola bilər.

Azərbaycandakı davamlı, dayanaqlı sabitlik indiki halda malik olduğumuz ən böyük nemətdir. Prezidentin həyata keçirdiyi unikal uğurlu siyasət sayəsində qərar tapmış sabitliyi qorumaq təkcə iqtidarın deyil, bütün siyasi qüvvələrin, qrupların, hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır. Əks halda, hər şey əldən gedə bilər. Nümunə isə göz qabağındadır. Bizim ölkəmizdən çox da uzaq olmayan coğrafiyalarda qan ürpədən insan faciələri, həlak olan on minlərlə insan, dağılan ailələr, yerlə-yeksan olan şəhərlər, məhv olan ölkələr, çöllərə düşən, sığınacaq diləyən bütöv millət.

Belə bir şəraitdə siyasətə din elementlərinin gətirilməsini, partiyaların dini radikalizmlə birləşməsini nəinki sabitliyə, əmin-amanlığa, həm də ölkənin birliyinə, dövlətin mövcudluğuna, millətin təhlükəsizliyinə qəsd hesab edirəm. Həyəcan təbili çalınmalıdır. Bütün xalq öz etiraz səsini ucaltmalıdır. Siyasi müxalifətin dini radikalizmə yuvarlanmasının qarşısı qətiyyətlə alınmalıdır. Sonra gec ola bilər.

 





20.09.2016    çap et  çap et