525.Az

Azərbaycanda 263 ömürlük məhbus var - “Amma bu, hələ tam statistika deyil”


 

Azərbaycanda 263 ömürlük məhbus var - “Amma bu, hələ tam statistika deyil”<b style="color:red"></b>

Qeyri-rəsmi rəqəmlərə görə, bu gün Azərbaycanda 263 ömürlük məhbus var. Son iki ildə də ömürlük cəzaya məhkum olunanların olduğunu nəzərə alsaq, onda bu rəqəmin daha çox olduğunu söyləmək olar.

Modern.az Azərbaycanda ömürlük məhbusların sayı ilə bağlı araşdırma aparıb.

Ömürlük məhbuslar arasında 24 ildir cəza çəkənlər, hətta yaşı 70-i keçənlər də var. Bu arada qeyd edək ki, ömürlük məhbuslardan ən yaşlısı 82 yaşında bu il dünyasını dəyişib.

Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanovanın dediyinə görə, vaxtilə 19 yaşlı bir məhbusa güllələnmə hökmü verilib. Ölüm cəzası ləğv olunandan sonra həmin şəxsin cəzası ömürlük həbslə əvəzlənib:

“Ömürlük məhbuslar arasında qocalar da var. Elə insanlar var ki, 70 yaşını keçib. Gülağa adlı məhbus var ki, 75 yaşı var. 60-dan çox yaşı olan Vaqif Hüseynov da infarkt keçirmiş məhbusdur. Həbs olunan vaxt məhbusların çoxunun 19 yaşı olub. Onlar haqqında informasiya əldə etmək üçün müraciət etsək də, heç bir məlumat verilmir. Güllələnmə hökmünə düşənlərdən 128 nəfər əfv olundu. Amma indi həmin 128 nəfərdən 77 nəfər sağ qalıb. Onlara 1998-ci ildə mövcud olmayan ömürlük həbs cəzası verilib. Halbuki, ömürlük həbs cəzası 2001-ci ildə təsdiq olunub”.  

Yeri gəlmişkən, 1998-ci ilin fevralında Azərbaycanda ölüm hökmü ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəllər güllələnməyə məhkum olunanların hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişdirilib. Hazırda Azərbaycanda güllələnmə cəzası ömürlük həbslə dəyişdirilmiş 85 məhbus var. Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, bu məhbusların bir qisminin cəzası müddətli həbslə əvəz olunmalıdır, çünki onların məhkum olunduqları dövrdə ömürlük həbs kimi bir cəza növü olmayıb. 2000-ci il sentyabrın 1-də yeni Cinayət Məcəlləsi qüvvəyə mindi və bu sənəddə ən ağır sanksiya kimi ömürlük həbs cəzası nəzərdə tutuldu.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyir  ki, ömürlük məhbuslar arasında elə insanlar var ki, 1993-cü ildə onlara güllələnmə hökmü oxunub. Amma 1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə ölüm hökmü ləğv olunduğundan həmin şəxslər ömürlük cəzaya məhkum olunublar. Şöbə rəisinin sözlərinə görə, ömürlük həbs cəzası çəkənlərin əksəriyyəti ağırlaşdırıcı halda qəsdən adamöldürmə maddəsi ilə ittiham olunurlar:
“Ömürlük həbs olunanlar arasında vətənə xəyanət etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunanlar da var. Sovet dövründə barələrində güllələnmə hökmü verilənlər də ağır cinayət törədənlərdir. Onların sayı çox deyil. Həmin məhkumlar arasında cavanlar da, yaşlılar da var”.

 





13.03.2013    çap et  çap et