525.Az

Arxada qalan nisgil dolu bir il...


 

TANINMIŞ ALİM, FƏDAKAR İNSAN RAFİQ BABAYEVİ DƏRİN EHTİRAMLA ANIRIQ

Arxada qalan nisgil dolu bir il...<b style="color:red"></b>

Folklorşünaslığın aktual problemlərinin tədqiqində və folklor nümunələrinin toplanması və nəşrində mühüm xidmətləri olan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayev 15-dən çox kitab və monoqrafiyanın, 100-ə yaxın elmi məqalənin müəllifi kimi geniş tanınıb.

Bu göstəricilər onun uzunmüddətli, gərgin və səmərəli elmi fəaliyyətinin uğurlu nəticələridir. İnkarolunmaz faktdır ki, bəzi elmlər vardır ki, onu xalqın yaradıcılığından ayırmaq mümkün deyil. Məsələn, tarixi etnoqrafiyasız, dilçilik elmini dialektologiyasız, ədəbiyyatı isə folklor və folklorşünaslıqsız təsəvvür etmək mümkün deyil. Alim əsərlərində folklorşünaslığın aktuallığını və əhəmiyyətini tutarlı faktlarla gündəmə gətirir, yeni elmi baxışlar müstəvisində təhlil süzgəcindən keçirir və ümumiləşdirilmiş  nəticələr verirdi. Qədim Naxçıvanın hər yerini qarış-qarış gəzir, xalq yaddaşında itib-batmaqda olan folklor nümunələrini toplayır, ən əsası odur ki, ənənəvi folklorşünaslıqda mövcud olmayan yeni janrlar müəyyənləşdirir və elmlə xalq yaradıcılığının sintezini yaradaraq müvafiq adlar seçir və bu adların da elmi tərifini verərək  nümunələrlə əsaslandırırdı.

"Qobustan" jurnalında çap etdirdiyi "Ordubadda oxunan nəğmələr" adlı ilk elmi məqaləsini doğulub boya-başa çatdığı el-obasına həsr etməsi yurda bağlılığın ən parlaq nümunəsi idi. O, uzun illər elmi tədqiqatının obyekt və predmetini də Naxçıvan folklorundan seçərək "Azərbaycan folklorunun regional xüsusiyyətləri (Naxçıvan materialları əsasında)" mövzusunda müdafiə etdi. Bundan sonra bir-birinin ardınca monoqrafiyaları işıq üzü gördü və elmi ictimaiyyətin rəğbətini qazandı.

Ümumiyyətlə, bu sahənin ardıcıl tədqiqində və inkişafında, nəzəri problemlərinin təhlilində Rafiq Babayevin mühüm xidmətləri vardır. Onun  "Naxçıvan folkloru: bəşərilik, türklük, regionallıq" əsəri ümumtürk folklorunun əhəmiyyətli tərkib hissəsi olan Naxçıvan folklorunun özünəməxsusluqlarından və regional xüsusiyyətlərindən  bəhs edir. Həmçinin, kiçik bir bölgədə kultlar, inanclar sistemi ilə bağlı ziyarətgahların zənginliyi, arealı bu yurdun qədimliyini, bu qədimliyin bütövlükdə eyni etnosa məxsusluğunu göstərirdi. Ziyarətgahlarla bağlı görüşlər, əfsanələr tarixin dərin qatlarının əhvalını öz nüvəsində saxlamaqla xalqımızın zəngin bədii təxəyyülündən, yaradıcılıq potensialından soraq verməsi və digər məsələlər monoqrafiyanın əsas məqsədinin ümumiləşmiş nəticələridir.

Rafiq Babayev növbəti "Janrın iddiası və imkanları (Naxçıvandan toplanmış nağıllar əsasında)" əsərində qoyulan problemi konseptual şəkildə araşdırmışdır. Folklorşünaslığın müasir mərhələsində janrın rolu, inkişafı, yaranma mənbələri, mənşəyi və nəzəri məsələlərini özündə əks etdirən bir sıra problemlərin həllini adıkeçən monoqrafiyada böyük səriştə ilə verə bilmişdir. Əsərdə folklor janrlarının təşəkkülü və inkişaf mərhələləri dəqiqləşdirilmişdir.

Rafiq Babayev apardığı səmərəli axtarışların nəticələrindən olan "İnancların poetikası"   monoqrafiyasında folklor mətnlərinin poetikası məsələsini fundamental problemlərdən biri kimi mübahisə müstəvisinə gətirmiş və bədii mətnin elementlərini bədii düşüncə elementləri səviyyəsində araşdırmışdır. Müəllif doğru olaraq göstərirdi ki, qədim və orta əsrlərdə əlverişli tarixi şərait Azərbaycan folklorunun və şifahi ədəbiyyatın təşəkkülünə zəmin yaradıb.

Rafiq Babayev Naxçıvan folklorunun tərtibi və nəşri üzərində yorulmadan çalışırdı. "Naxçıvan folkloru"nun üçcildliyi, "Naxçıvan uşaq folkloru" və digər ümumiləşmiş əsərlər onun gərgin əməyinin bəhrələridir.

O, bütün şüurlu ömrünü elmə bağlamış, tükənməz enerji ilə bu sahədə fəaliyyət göstərmiş, həmçinin, elmi fəaliyyəti pedaqoji işlə uğurla əlaqələndirmişdir. Alimin "Naxçıvan" Universitetində və digər ali təhsil ocaqlarında oxuduğu mühazirələr gənc ədəbiyyatşünasların azərbaycançılıq ruhunda tərbiyə edilməsi işinə xidmət göstərmişdir.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Axtarışlar" jurnalının ərsəyə gəlməsində və elmin inkişaf istiqamətlərini düzgün müəyyənləşdirən məqalələrin çap olunmasında da onun böyük zəhməti var idi. Bu əsnada onu da vurğulamaq lazımdır ki, o, müdafiəyə hazırlaşan gənclərin də rəsmi şəkildə elmi rəhbəri olmasa da, dəyərli məsləhətlərini verir, tövsiyə və tapşırıqlarını əsirgəmirdi.

Elmi axtarışlarını əsl sənət yanğısı ilə davam etdirən R.Babayev fəaliyyətində təcrübə və nəzəriyyəni böyük səriştə ilə birləşdirməyi bacarırdı. Onun elmi uğurları ilə tanış olanda zəhmətkeşliyinə, məhsuldar fəaliyyətinə qibtə ilə yanaşmamaq mümkün deyil. Yaradıcılığı çoxşaxəli olduğu üçün elmi ictimaiyyət onu istedadlı qələm sahibi kimi tanıyırdı. O, hərtərəfli alim olmaqla yanaşı tanınmış yazıçı-publisist idi. Gənclik illərində uzun müddət "Yeni Ordubad" qəzetinin məsul katibi vəzifəsində çalışması jurnalistika sənətinin bütün sirlərini təcrübədə ona qazandırmışdı. Akademik İsa Həbibbəylinin söylədikləri isə bu alim, yazıçı-publisistin yaradıcı portretinin ştrixlərini daha mükəmməl yaratmaq baxımından qiymətlidir: "Nəsrdə yeni nəslin istedadlı nümayəndəsi Rafiq Babayevin "Yolçu daşı", "Zühür", "İlğım", "Təkbətək" povestləri və hekayələri lirik psixoloji nəsrin regiondakı inkişafına örnək sayıla bilər". Rafiq müəllimin elmi yaradıcılığının mühüm bir qismi də nəşr olunan əsərlərə resenziyalar, rəylər və neçə-neçə bədii təfəkkürün bəhrəsi olan kitablara yazdığı ön sözlər təşkil edir. Bunları onun yaradıcılığının və ədəbi proseslərin inkişafını əks etdirən salnamə hesab etmək olar.

Rafiq Babayev ictimai fəallığı ilə də seçilərək, respublikamızın həyatında baş verən mühüm sosial-mədəni hadisələrə münasibətdə həmişə yüksək vətəndaş-ziyalı mövqeyi nümayiş etdirmişdir.

Elinə, obasına, sarsılmaz özülə malik olan milli-mənəvi dəyərlərimizə, ümumxalq yaradıcılığına, şifahi xalq ədəbiyyatına olan sonsuz sevgi onun yaradıcılığının məhsulu olan bütün əsərlərində öz parlaq əksini tapmışdır. 40 ildən artıq müddətdə milli dəyərlərimizin qorunması, təbliği və tədqiqi naminə çalışmış, elmi məqalələri, bədii əsərləri, roman və povestləri, publisist yazıları onun qısa  ömrün silinməz və ən parlaq  səhifələrini yazmışdır.

Rafiq müəllim tədqiqatlarının nəticələrini elmi ictimaiyyətə çatdırmaq üçün respublikamızın hüdudlarından kənarda beynəlxalq səviyyəli konfrans, simpozium, forum və çalıştaylarda böyük həvəslə iştirak edir, müzakirə və diskussiyalarda elmi fikir və mülahizələrini müdafiə edərək Azərbaycan elmini layiqincə təmsil etməyə çalışırdı. Biz çox zaman bu mötəbər tədbirlərə bir yerdə qoşulurduq. El sözüdür: "Qardaşın necə adamdır? - Yoldaş olmamışam". Onun  çox səmimi yol yoldaşlığı var idi. Duzlu, məzəli söhbətləri, başına gələn gülməli əhvalatları nə o danışmaqdan doyar,  nə də biz dinləməkdən yorulardıq. Bu ovqat bizim bütun yol yorğunluğumuzu atar və uzun-uzadı yollar bizi yormaz və mənzil başına nə vaxt vardığımızı hiss etməzdik. Son tikəsini yoldaşla bölər, bütün heyət yerbəyer olmayana qədər öz otağına çəkilməzdi.

Yaxşılıq etmək, əldən tutmaq elə bil onun adına yazılmışdı. Heç tanımadığı, adını belə bilmədiyi insanlar bəzən ondan kömək istəyirdi. O isə sağ əlilə etdiyini hər zaman sol əlindən gizlədirdi. Bəlkə də, bu idi darda qalan insanın ağlına ilk Rafiq müəllimin adının və ünvanının gəlməyi. Mövqe sahibi olan hər kəs bilirdi ki, Rafiq Babayev özü üçün heç kimin qapısını döyməz və heç kimin qəbuluna getməz. Bəzən düşünürəm ki, bəlkə  onun heç öz "məqsəd"i yox idi... Əslində onun məqsədi: dostluq, sədaqət, vəfa borcu, mərdlik və s...  biz dostluğu, dosta sədaqəti, dünyasını dəyişən insanın ruhuna vəfa və s. hisslərin ən bariz nümunəsini Rafiq müəllimin timsalında daha qabarıq gördük. O, əsl dost idi. Və dostları çox olan adam idi desək, yanılmarıq.

Məqamı gəlmişkən  onun şahidi olduğumuz nümunəvi bir dostluğu haqqında: Rafiq müəllim bizim ağsaqqalımız, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Cəfərli ilə uzun illərdi ki, yaxın dost idi. Bəzən düşünürdüm ki, bu əvəzsiz hörmət və rəğbətin dostluğa çevrilmiş ifadəsidir. Onlar iş prosesində ciddi həmkar, həmfikir, tərəf müqabili eyni sahənin dəyərli mütəxəssisləri idilər, işdən kənarda isə səmimi dost və sirdaş. Rafiq müəllim həmişə ürək ağrısı ilə deyirdi ki, təəssüf ki, birgə başladığımız çox işi Məhərrəm müəllim yarımçıq qoydu. Bir sözlə, onun ölümünü qəbul edə bilmirdi. O, Məhərrəm müəllimin elmi fəaliyyətinin müxtəlif istiqamətlərini araşdırır, tədqiqatlarını, monoqrafiyalarını təhlil edir, həmçinin onunla bağlı xatirələrini yazaraq ədəbi yaddaşa köçürürdü. Memuar ədəbiyyata həvəs yox, vəfa borcu olaraq yanaşan Rafiq müəllim professor Məhərrəm Cəfərliyə həsr olunan "Ustadnamə" əsərinə professor Seyfəddin Rzasoy ilə birgə başladı. Təəssüf ki, bu da onun başladığı tamamlanmamış bir neçə əsərdən biri oldu...

Bir neçə söz də onun yoldaşlığı və taleyinin son akkordları  haqqında... Rafiq müəllim yaşından asılı olmayaraq  qarşıdakı insanın ona salam verməsini heç gözləməzdi. Çox səmimi və mehriban tərzdə hal-əhval tutur, xoş dillə danışdırır, həmin insanda xoş ovqat yaradırdı. Onun aurasında müsbət enerji var idi. İçindəki kədəri, dərd-səri heç ətrafına saçmırdı, büruzə vermirdi. Əslində, taleyi heç onun üzünə gülməmişdi. Bəlkə də, çox sərt davranmışdı. Üzünə vaxtsız qırışlar düşmüşdü... bəlkə də, bu qırışlar yaşadığı ömürdəki acıların izləri idi. O, sonbeşik övladı Orxanının nakam, vaxtsız və faciəli ölümü ilə barışa bilmirdi. Nə qədər danışıb-gülməyə çalışsa da, mərhəm dərdlərini gizlətməyə səy göstərsə də gözlərinin dərinliyindəki nisgil içindəki acıları büruzə verirdi. O heç vaxt taleyindən qaça bilmədi...

Bu mənim ilk yazımdır ki, Rafiq müəllim oxumadan çap olunacaq. O, bizim ilk oxucumuz idi. Nə qədər çətindir onun haqqında keçmiş zamanda danışmaq...  O, payızı çox sevirdi. Bəlkə elə ona görə də payızın ilk günlərində amansız əcəl onu bizdən ayırdı. Sentyabrın ayının 22-si səhər saat 10...  erkəndən işə gəlməsinə alışdığımız Rafiq müəllimi hər kəs axtarırdı. Axı dünən hamıyla deyə-gülə sağollaşmışdı. Heç kimin ağlına da gəlmirdi ki, o yıxıldığı yerdən bir daha qalxa bilməyəcək... o zamanın sərt sınaqlarından həmişə üzü ağ, mərdi-mərdanə çıxmışdı, heç bir acı fəlakət onu "yıxa" bilməmişdi. Beş gün onu son mənzilə yola salan xəstəxananın qarşısı insan selinə boğuldu. Bu qədər sevgini, hörməti, rəğbət və məhəbbəti o, bir günə qazanmamışdı. Sağlığında təmənnasız dəyər verdiyi dostları göz yaşlarına hakim ola bilmirdi. Hər kəs kədərə bürünmüşdü. Bura gələnlər xəstə ziyarətinə yox, dostluğa, insanlığa səcdəyə gəlirdilər. Həmin ayın 27-si... ürək sızladan təsəllisiz bir sonluq... amansız əcəl fürsəti fövtə vermədi... biz onu tez itirdik... nurlu, pak və təmiz qəlbli insan əbədiyyətə qovuşdu. Ölümündən az əvvəl, qələmə aldığı "Ölüm mələyi" romanında qəhrəmanının dili ilə belə demişdi: "Elə bilirsiz, belə etməyinən, məni burda yatırmağınan əzrayılın yolun kəsəcəksiniz? Məni yorursunuz, əldən salırsınız, ...ölməyinə bir az qalmış huş apardı, nə gözəl karvandı, - dedi, - dəvələri nə gözəl bəzəyiblər. Bilirdim ki, dalımca beləsini göndərəcəklər..." O, bu əcəl karvanına səssiz və sədasız qoşulub getdi...

...Ötən il ağlıma da gəlməzdi ki, bu il sizin haqqınızda xatirələrimi yazacağam... həyatın nə qəribə, ağrı-acı və nisgil dolu məqamları olurmuş...

Rafiq müəllim, Sizin cismani yoxluğunuz sizi dostlarınıza, sizə rəğbət bəsləyənlərə daha da yaxınlaşdırdı. Qəlblərdə yaşamağa əbədilik hüququ verdi. Siz haqq, bizsə nahaq dünyada ölümün cismən yox, ruhən var olduğunun fərqindəyik. İzaha ehtiyacı olmayan yəqinlikdir ki, yaxşı adamlar, fədakar insanlar, səmimi dostlar bu dünyadan köç edəndən sonra da yaddaşlarda, xatirələrdə Sizin kimi əbədilik qazanır.

Xeyirxah, alicənab, qayğıkeş, sadə və səmimi insan, istedadlı alim, milli ziyalı, yazıçı-publisist, ləyaqətli şəxsiyyət, gözəl müəllim Rafiq Babayevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Ruhu şad olsun!

Zülfiyyə İSMAYIL
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





22.09.2016    çap et  çap et