525.Az

SAĞLIĞINA QİSMƏT...


 

Qismətin 27-ci dogum gününə

SAĞLIĞINA QİSMƏT...<b style="color:red"></b>

Yusif RZAYEV

Əzizim Qismət!
Burnunun üstündəki o əməkdar eynək dünyanı necə göstərir?
Göy üzünü təmiz göstərə bilirmi?
Agaclar yarpaqlayırmı?
Çicəklər qönçə baglayırmı?
Ulduzlar bulaşıq görünmür ki?
Mən o eynəyin arxasından baxan o bir cüt gözün çox fərqli şəkillərini görmüşəm:
Sən xaricdən müalicədən təzəcə qayıdan dostunun – Zərdüştün telefonda gümrah səsini eşidib uşaq kimi şadlananda o bir cüt göz sevincdən par-par yanırdı...
Çox yox, bir neçə ay sonra dostunu – Zərdüştü itirəmək xəbərini eşidib keyimiş vücudunla nə baş verdiyini hələ tam qavramayanda o gözlər yaş içində az qalırdı hədəqəsindən çıxsın...

***
Bəs ürəyin nə deyir?
Göy üzünün təmizliyinə inanırmı hələ?
O ürəkdən boylananda -
Agaclar yarpaqlayırmı?
Çicəklər qönçə baglayırmı?
Ulduzlar bulaşıq görünmür ki?
... Mən o ürəyin də çox fərqli şəkillərini görmüşəm:
Neçə vaxtdan bəri yazmaq istədiyin, gecə-gündüz havasına yaşadığın yazını bitirib nöqtəsini qoyanda da, gözəl bir kitabı oxuyub qutrarandan sonra aldığın zövqü bölüşəndə də, tay-tuşlarından kimdəsə bir istedadlı cümlə, misra tapanda da o ürəyin qocamancasına necə sevindiyini görmüşəm.
İstedadına və intellektinə inandığın cavan bir əhli-qələmin dünən dediyi sözə bu gün naxələf cıxdığını görəndə də, yazısına görə qocaman bir yazıçıya olmazın təhqirləri yağdırılanda da o ürəyin hansı təlatümlər yaşadığını hiss eləmişəm...

***
Sənin hələ nə yaşın var ki?
Amma yazan adam üçün bu yaşda bu dəyişkən olacaqlara şahidlik eləmək təkcə ŞAHİDLİK ELƏMƏKlə bitmir ki: bu təlatümlər adamın içındə dərin izlər qoyur, zədələr buraxır... Di gəl bundan sonra yaz görüm, necə yazırsan, o dupduru sözləri ovundur görüm, necə ovundurursan?
Bilirəm, bilirəm ki, bunları sən özün də bilirsən və həm də hamıdan yaxşı bilirsən. Ona görə deyirəm ki, bunları bilsən də yorulmayasan, usanmayasan – yazasan...
Yazasan! Heç nəyə, heç kimə baxmadan yazasan!
Bir də o əməkdar eynəyin arxasındakı o gözləri və o ürəyi qoruyasan!...
Sağlığına qismət!...

 





13.03.2013    çap et  çap et