525.Az

Sona Vəliyevanın imza günü keçirildi


 

Sona Vəliyevanın imza günü keçirildi<b style="color:red"></b>

Bu gün Milli Kitabxanada yazıçı-publisist Sona Vəliyevanın “İşığa gedən yol” kitabının imza günü və təqdimat mərasimi təşkil edilib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, Sona Vəliyevanın böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabi haqqında yazdığı bu əsər haqda məlumat verib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tarixi şəxsiyyətlər haqqında əsər yazmağın önəmini vurğulayıb: “Kitab həm geniş oxucu auditoriyası üçün nəzərdə tutulub, həm də mütəxəssislər üçün dəyərli bir nəşrdir. Kitabın dili oxunaqlı və rəvandır, bu da hadisələrin rahatlıqla anlaşılmasına imkan yaradır. Hesab edirəm ki, tarixi şəxsiyyətlərimiz haqqında bu cür böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir”.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov romanın böyük zəhmət sayəsində ərsəyə gəldiyini qeyd edib: “Sona xanım öz istedadı və zəhməti ilə bu yaradıcılıq işinin öhdəsindən uğurla gəldi, nəticədə belə sanballı bir əsər ortaya çıxdı. Kitab mətbuat işçiləri üçün xüsusilə önəmlidir. Roman yalnız jurnalistlərin yox, hər kəsin stolüstü kitabına çevrilməlidir”.

Professor, millət vəkili Nizami Cəfərov əsərin bədii ustalıqla qələmə alındığını deyib: “Sona xanım bu əsərlə xüsusi bir yaradıcılıq metodu təqdim edir ki, tarixi şəxsiyyətlər haqda bu cür əsərləri necə yazmaq olar”.

Milli Məclisin deputatı Elmira Axundova romanın mahiyyəti və önəmindən söz açıb: “Əslində, bu kitab ümumilikdə Azərbaycan haqqındadır və ensiklopedik xarakter daşıyır. Bundan əlavə, müəllif çox gözəl bir üslub seçərək öz məxsusi düşüncələrini, müəllif fikirlərini qəhrəmanının dili ilə ifadə edib. E.Axundova əsərin xarici dillərdə də nəşrinin zəruriliyini dilə gətirib.

Xalq şairi Sabir Rüstəmxanlı əsəri bir tarixi roman kimi yüksək qiymətləndirib: “Son illərdə Azərbaycanda xeyli tarixi roman yazılıb. Ancaq bu tarixi romanların çoxunun ideyası məlum deyil. Sona xanımın romanı ideya və məzmununun aydınlığı baxımından nümunəvi əsərdir”.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid roman haqqında düşüncələrini bölüşərkən deyib: “Kitabın həcmi böyük olsa da, süjeti axarlı və dili oxunaqlıdır. Əsər təkcə Həsən bəy Zərdabinin həyatından bəhs etmir, Azərbaycan tarixinin XIX əsrin sonu - XX əsrin əvvəllərindəki dirçəliş dövrünü canlandırır. Romanın müsbət cəhətlərindən biri də strukturca sistemli, məzmunca kamil olmasıdır. Həmçinin bu əsərdə romançılıq baxımından kifayət qədər əhəmiyyətli məqamlar var”.

Tənqidçi Əsəd Cahangir əsərin bədii özəlliklərindən bəhs edib: “Tarixi roman yazmaq yalnız tarixi faktlar toplamaqdan ibarət deyil. Həmin məlumatlar müəllifin ruhuna hopmalı, şüuraltına keçməlidir. Bu mənada Sona xanımın əsərində, bütün xırda detallarına qədər, həmin yaşanmış tarixin izlərini görürük... Həsən bəy Zərdabi haqda ilk tarixi romanın müəllifi kimi Sona xanımın adı Azərbaycan ədəbiyyatı və ictimai fikrində həmişə xatırlanacaq”.

Akademik Teymur Kərimli, professorlar Cahangir Məmmədli, Rəna Mirzəzadə, yazıçı-publisist Yunus Oğuz, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Əməkdar jurnalist Flora Xəlilzadə,  yazıçı-publisist Akif Əli və başqaları da çıxış edərək romanın tarixi və ictimai əhəmiyyətindən danışıblar. Çıxışlarda “İşığa gedən yol” kitabının Azərbaycan tarixinin və böyük şəxsiyyətlərimizin ömür yolunun öyrənilməsi baxımından dəyərli mənbə olduğu, roman əsasında bədii film çəkilməsinin vacibliyi də vurğulanıb.

Sonda müəllif çıxış edərək iştirakçılara minnətdarlığını bildirib. Sona Vəliyeva bu romanı yazması üçün stimul verən məqamlardan danışarkən deyib: “O dövrün tarixini araşdırarkən, mənə elə gəldi ki, həmin tarixi şəxsiyyətlərin mənəvi övladıyam və onlara bir mənəvi borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki zənnnimcə, o, ilahi missiyası olan insan idi”. Sona Vəliyevanın fikrincə, o dövrün görkəmli şəxsiyyətlərinə mənəvi borcumuz olduğu üçün onların parlaq obrazları müasir yazıçılar tərəfindən bədiiləşdirilərək cəmiyyətə təqdim edilməlidir.

Müşfiq ŞÜKÜRLÜ

 





23.09.2016    çap et  çap et