525.Az

Qərbin anti-Azərbaycan kampaniyası yenidən fəaliyyətdə


 

ABŞ VƏ ONUN AVROPADAKI MÜTTƏFİQLƏRİ MÜXTƏLİF BƏHANƏLƏRLƏ MÜSTƏQİL ÖLKƏLƏRİN DAXİLİ İŞLƏRİNƏ QARIŞIR, SABİT CƏMİYYƏTLƏRDƏ XAOS YARADIR, HAKİMİYYƏT ÇEVRİLİŞLƏRİ SSENARİLƏRİ HƏYATA KEÇİRİR

Qərbin anti-Azərbaycan kampaniyası yenidən fəaliyyətdə<b style="color:red"></b>

Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik ABŞ və Qərbin ermənipərəst və islamofob dairələrini narahat edir.
 
ABŞ və Qərbin anti-Azərbaycan dairələri hər dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər.

Hazırda da Azərbaycanın Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə hazırlaşdığı bir zamanda anti-Azərbaycan mərkəzləri yenidən məkrli fəaliyyətlərini davam etdirmək qərarı veriblər.

Ekspertlər hesab edir ki, müxtəlif beynəlxalq təsisatlar vasitəsilə gah Azərbaycanla bağlı dinləmələr keçirmək, gah referendumla bağlı rəy hazırlamaq, bəyanat yaymaqla ölkəmizə qarşı mənfi fikir formalaşdırmağa, onun nüfuzuna ləkə salmağa çalışan ABŞ və onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir. Müxtəlif ölkələrdə həyata keçirilən hakimiyyət çevrilişi və hərbi müdaxilə ssenariləri qanlı müharibələrə, on minlərlə insanların ölümünə, sosial-iqtisadi infrastrukturun dağılmasına səbəb olub. Ona görə də, ABŞ və onun partnyorları bu gün Misir, İraq, Liviya, Suriya və digər ölkələrdə baş verən qanlı olaylara, milyonlarla insanın öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmasına görə birbaşa cavabdehlik daşıyırlar.

2011-ci ildə Vaşinqtonun Liviyada başladığı hərbi əməliyyatlara qoşulan Böyük Britaniya ölkənin bombalanmasına 320 milyon funt sterlinq xərclədiyi halda, Müəmmər Qəddafi hakimiyyəti devrildikdən sonra bərpa işlərinə bundan 13 dəfə az - cəmi 25 milyon funt sterlinq ayırıb. "The Morning Star" nəşrinə müsahibəsində "Müharibəni dayandırın" koalisiyasının zabiti Kris Naynhem bildirib ki, bu rəqəmlər 2011-ci ildəki təcavüzün heç vaxt situasiyanın Liviya xalqı üçün inkişaf etdirilməsi məqsədi daşımadığını göstərir: "Söhbət regionda Qərbin maraqlarının təmin olunmasından gedir".

Bu o deməkdir ki, Qərb öz keçmişi ilə vidalaşmaq fikrində deyil. Sadəcə olaraq, insan hüquqları, dini və irqi bərabərlik - tolerantlıq kimi ali və humanist dəyərləri sözdə qoruduğunu göstərməklə qara və qanlı keçmişini, əsl iç üzünü gizlətməyə çalışır. Çünki Yaxın Şərq və digər regionlarda həyata keçirilən qanlı çevrilişlərin əsas səbəbi də Qərb dövlətlərinin, xüsusən ABŞ-ın apardığı neomüstəmləkəçi siyasətdir.

Diqqət yetirsək, demokratiya, insan hüquqlarını siyasi alətə çevirən ABŞ və Qərb ölkələrinin özündə də bu sarıdan vəziyyət ürəkaçan deyil. Bu dövlətlərdə ksenofobiya və faşizm geniş vüsət alıb. ABŞ-da qara dərililərə qarşı olan münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir. ABŞ bununla bütün dünyaya mesaj verir ki, həqiqət güclünün tərəfindədir.

Vaşinqtonun imperiya siyasəti göstərir ki, bu gün beynəlxalq hüquq işləmir, diktat siyasəti bütün dünyaya hakim kəsilib. Bütün bunlara baxmayaraq, anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət heç bir nəticə verməyəcək.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, ABŞ Konqresində Azərbaycanda insan haqları və demokratiyanın durumuyla bağlı dinləmələrin "Azərbaycan naminə" olduğuna şübhə edir: "Əgər dinləməni təşkil edənlərin içərisində erməni lobbisinin təsiri altında olan şəxslər çoxluq təşkil edirsə, belələrinin dinləmələri Azərbaycanda insan haqları və demokratiya naminə həyata keçirdiklərinə inanmıram. Onların əsl məqsədi Azərbaycanda insan haqları və demokratiyanın bərqərarı deyil, Azərbaycanın tamamını - iqtidarlı və müxalifətli zəif durumda saxlamaq, ölkəmizin Ermənistan üzərindəki üstünlüyünü artırmasına, Dağlıq Qarabağı nəzarətə götürməsinə mane olmaqdır.

Əgər həmin konqresmenlər bu qədər ədalətlidirlərsə, onda Əbülfəz Elçibəyin prezidentliyi dövründə niyə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq edirdilər, axı o zaman insan haqları və demokratiya ilə bağlı Vaşinqtonun Bakıya hər hansı iradı yox idi? Çünki həmin konqresmenləri Azərbaycanda insan haqları və demokratiya yox, Ermənistanın işğalçı siyasətini müdafiə etmək düşündürürdü. Bu müddətdə dəyişən bir şey yoxdur".

E.Şahinoğlunun sözlərinə görə, amerikalı konqresmenlərin əksəriyyətinin Azərbaycanı tənqid etmələrində səmimiyyət azdır: "Azərbaycanda nə dəyişiklik baş verəcəksə, bu daxildəki qüvvələrin siyasi iradəsinin hesabına mümkün olacaq. Həmin dəyişikliklər - siyasi və iqtisadi islahatların sürətləndirilməsi bizə lazımdır, amerikalı konqresmenlərə yox".

Politoloq qeyd edib ki, rəsmi Vaşinqtonun Azərbaycanda inqilaba maraqlı olduğuna inanmıram: "Çünki Azərbaycanda inqilab bizi həm daxildən parçalayacaq, həm də qonşuluğumuzdakı qüvvələrin maraqlarına cavab verəcək. Həmin qüvvələr isə anti-Amerika mahiyyətlidir. Buna görə də Vaşinqton Azərbaycanı içəridən qarışdırmaqda niyə maraqlı olsun ki? Ancaq amerikalı bir qrup konqresmenin Dövlət Departamenti və Ağ Ev rəsmiləri kimi düşündüyünü zənn etmirəm. Onlar "Azərbaycan üçün nə qədər pisdirsə, bizim üçün (erməni lobbisi) və Ermənistan üçün bir o qədər yaxşıdır" prinsipindən çıxış edirlər".

Ceyhun ABASOV

 





23.09.2016    çap et  çap et