525.Az

Meksika-Azərbaycan siyasi məsləhətləşmələr mexanizminin ikinci toplantısı


 

TƏRƏFLƏR İKİTƏRƏFLİ GÖRÜŞLƏRİN YALNIZ MEKSİKA İLƏ AZƏRBAYCANDA YOX, HƏMÇİNİN, ÜÇÜNCÜ ÖLKƏLƏRDƏ KEÇİRİLMƏSİLƏ BAĞLI RAZILIĞA GƏLİBLƏR

Meksika-Azərbaycan siyasi məsləhətləşmələr mexanizminin ikinci toplantısı <b style="color:red"></b>

Sentyabrın 21-də Meksika-Azərbaycan siyasi məsləhətləşmələr mexanizminin ikinci toplantısı keçirilib.

Meksika Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Fransisko del Rio ilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun iştiraki etdiyi tədbirdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.

Tərəflər ticarət və sərmayə qoyuluşu sahəsindəki əlaqələrin perspektivlərindən söz açıb, əməkdaşlığın mümkün sahələrinə toxunublar. Hər iki ölkənin bir sıra qurumları arasında əlaqələri möhkəmləndirmək üçün hüquqi bazanın genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin Meksika ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından danışılıb.Bundan əlavə, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə Fransisko del Rio ölkəsinin son illərdə qazandığı uğurlardan danışıb: "Meksika iqtisadiyyatı dünyada 14-cü yeri tutur. Ölkəmizin Şimali Amerika ilə Latın Amerikası arasında əlverişli coğrafi mövqedə yerləşməsi bizim üçün çoxsaylı imkan yaradır. Meksikanın azad ticarət sazişləri üzrə dünya lideri və beynəlxalq istehsalat və loqistika mərkəzi olması, müvafiq hüquqi baza və şəffaflığın mövcudluğu, rəqabət qabiliyyətli istehsalat qiymətləri, həyata keçirilən struktur islahatları və dünyanın 10 ən çox ziyarət olunan ölkəsindən biri olması Azərbaycanın investorları və iş adamları üçün əlverişli ola bilər".

Tədbirdən sonra Fransisko del Rio Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşüb. Müzakirələrdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu qeyd olunub. Bu xüsusda əməkdaşlığın müxtəlif sahələrində dinamikanı inkişaf etdirən müvafiq parlamentlərarası qrupların fəaliyyətindən danışılıb.

Görüşdə hər iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi və perspektivlərinə toxunulub. Tərəflər qarşılıqlı səfərlərin və yalnız Meksika ilə Azərbaycanda yox, həmçinin, hər iki dövlətin təmsil olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edən üçüncü ölkələrdə ikitərəfli görüşlərin keçirilməsinin vacibliyinə dair ümumi razılığa gəliblər.

Qeyd edək ki, hər iki tədbirdə Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini də iştirak edib.

Ceyhun ABASOV

 





23.09.2016    çap et  çap et