525.Az

"Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri" nəşr edildi


 

"Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri" nəşr edildi<b style="color:red"></b>

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dəstəyi ilə "Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri" kitabı çapdan çıxıb.
 
Kitabın müəllifi tarix elmləri doktoru, "Dərbənd"  xeyriyyə ictimai birliyinin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix üzrə professoru Nurulla Əliyevdir.

Kitabda  Dərbəndin yaranma tarixi, onun hərbi-strateji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Nəşrdə, həmçinin Böyük Vətən müharibəsi illərinin də bu qədim şəhərin sakinlərinin və hərbçilərinin xidmətləri haqqında ətraflı söhbət açılıb.

Kitabda yer alan bütün mövzular hərb tariximizin zəngin arxiv materialları və mənbələri əsasında ətraflı təhlil olunub.

Nəşr Dərbəndin görkəmli və tanınmış hərbçiləri, şəhərin qədim tarixi və strateji önəmi ilə maraqlanan geniş oxucu kütləsi üçün sanballı elmi mənbədir. Bu vəsait, həmçinin hərbi məktəblərin kursant və zabitləri, habelə Azərbaycanın hərb tarixini araşdıran tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayır.

Kitabın hərbi məsləhətçisi Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Rüfət Əmirov, elmi redaktoru, filologiya elmləri doktoru, dosent Sədi Nuriyev, elmi məsləhətçisi isə tarix elmləri doktoru, professor Pərvin Darabadidir.

Qeyd edək ki, müəllif, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev 1962-ci ildə Dərbənddə doğulub. O, 1979-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1983-cü ildə isə Kiyev Ali Hərbi Dənizçilik Siyasi Məktəbini bitirib. N.Əliyev 1990-1993-cü illərdə Moskvada Silahlı Qüvvələrin Humanitar Akademiyasında təhsil alıb. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət edən N.Əliyev 1997-2010-cu illərdə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin rəisi, 2010-2015-ci illərdə isə ölkəmizin Çindəki səfirliyinin hərbi attaşesi vəzifələrində çalışıb. 2016-cı ilin yanvarından Silahlı Qüvvələrin Hərbi Akademiyasında adyunktura və elm şöbəsinin hərbi tarix üzrə professorudur. Bu ilin aprelindən isə "Dərbənd" Xeyriyyə ictimai birliyinin sədridir.

N.Əliyev 1998-ci ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda "Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri üçün kadr hazırlığı (1917-1997-ci illər)" mövzusunda namizədlik, 2007-ci ilin fevralında isə "Azərbaycanın hərbi dənizçilik tarixi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Müharibə və Silahlı Qüvvələr veteranı olan N.Əliyev 37 kitabın, 178 elmi və elmi-publisistik məqalənin müəllifidir.

CEYHUN

 





23.09.2016    çap et  çap et