525.Az

“Mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm veririk”


 

“Mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm veririk”<b style="color:red"></b> “Din və etiqadla bağlı qeyri-tolerantlıq, ayrıseçkilik və zorakılığın artdığı müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq tolerantlıq, davamlı sülh, sabitlik və inkişafı təşviq edən ən önəmli vasitələrdən birinə çevrilib. Bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər və sivilizasiyalar boyu tolerantlıq, sülh və daha yaxşı anlaşmanın təşviqi üçün qlobal dialoq və əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayır”.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin “İnkluziv dialoqun təşviqi ilə ksenofobiyaya qarşı mübarizə” mövzusunda görüşdə çıxış edərkən deyib.
 
Nazir qeyd edib ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir: “Multikulturalizm və tolerantlıq mənim ölkəmdə cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan Respublikasının prezidenti tərəfindən “Azərbaycanda multikulturalizm ili” elan edilib. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanıb. 25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış”mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrıseçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınayıb və üzv dövlətləri zorakı ektremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırıb”.
 
Elmar Məmmədyarov bildirib ki, gələn ilin aprel ayında Azərbaycan Bakı Prosesi çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq üzrə 4-cü Dünya Forumuna ev sahibliyi edəcək: "Mən  əvvəlki natiqlərin fikirlərinə şərik çıxaraq bildirmək istərdim ki, qaçqın və miqrantların kütləvi şəkildə yerdəyişməsi kontekstində mədəniyyətlərarası dialoq, dözümlülüyün təşviq edilməsi və zorakı ekstremizmin qarşısının alınması daha artan əhəmiyyət qazanıb. Etnik təmizləmə nəticəsində öz evindən didərgin düşmüş bir milyondan artıq məcburi köçkün və qaçqınlara malik olan Azərbaycan bu problemi daha yaxından başa düşür. Qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasının təmin olunması beynəlxalq səylərin mərkəzində olmalıdır".
 





24.09.2016    çap et  çap et