525.Az

II Gənc Ədiblər Məktəbinin növbəti toplantısı olub (Fotolar)


 

II Gənc Ədiblər Məktəbinin növbəti toplantısı olub <b style="color:red">(Fotolar)</b>

TƏNQİDÇİ ƏSƏD CAHANGİR GƏNC ƏDİBLƏRİN ŞEİRLƏRİNİ OXUYANDA SEVİNDİYİNİ, ONLARDA YENİ NƏFƏS GÖRDÜYÜNÜ BİLDİRİB 

Bu gün Yazıçılar Birliyində II Gənc Ədiblər Məktəbinin növbəti toplantısı keçirilib. Tədbirin aparıcısı, «Ulduz» jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli çıxış edərək gənc yazarları salamlayıb. E. Hüseynbəyli GƏM-in rəhbəri Rəşad Məcidin üzrlü səbəbdən toplantıda iştirak edə bilmədiyini deyərək, budəfəki yığıncağa tənqidçi Əsəd Cahangirin qonaq qismində dəvət edildiyini söyləyib:

«İndi siz elə yaşdasınız ki, kiməsə nəsihət, öyüd verməyin yeri yoxdur, çünki hamı bilir ki, indi ədəbiyyat həm ədəbi mühit, həm də yaradıcılıq imkanları, şəraiti, potensialı, janr müxtəlifliyi baxımından 30-50 il bundan əvvəlin ədəbiyyatı deyil. Ədəbiyyatda o adamlar yerini tuta bilir ki, onlar ardıcıl, dinamik şəkildə zəhmət çəkməklə yazırlar, yollarına davam edirlər. Təbii ki, ədəbiyyata marağı olan siz gənclərin arasından elələri çıxacaq ki, onlar öz imzalarını sözləri ilə təsdiq edəcəklər. Ancaq ola bilsin ki, sizin içinizdən də elə yazarlar yetişsin ki, dövlətimizdə, iqtisadi qurumlarda, siyasi partiyalarda hər hansı bir mövqe qazansınlar. Gənc Ədiblər Məktəbinin sizə qazancı o olacaq ki, ədəbiyyata sevgisi olan insanlar hansı vəzifəni tutmalarından asılı olmayaraq daha humanist olacaqlar, ədəbiyyata və mədəniyyətə daha çox diqqət göstərəcəklər. Bu, bizim qazancımız olacaq. Dinindən, dilindən, irqindən və milliyətindən asılı olmayaraq hər kəs Gənc Ədiblər Məktəbinin toplantısında iştirak edə bilər. Şübhəsiz ki, Əsəd Cahangirin sizin haqqınızda dediyi hər bir söz sizin gələcək yaradıcılığınızda həm istiqamətverici rol oynaya bilər, həm də sizin özünüzü dəyərləndirmənizə yenidən baxmanıza imkan yaradar. Əsəd Cahangir bu gün buraya toplaşan gənclərin ona təqdim olunmuş yaradıcılığına aid qısa icmal şəklində çıxış edəcək. Onların bəzilərinin əsərlərini biz «Ulduz» jurnalında da çap etmişik».

Əsəd Cahangir bu görüşün II GƏM-in məsul katibi Emin Pirinin təşəbbüsü əsasında həyata keçdiyini deyib: «Sizin hamınızı bir yerdə və hər birinizin ayrılıqda xeyli şeirini oxuyanda bir-birinizlə müqayisədə bu sistemdə hansı yeri tutduğunuz aydın görünür. Təqdim olunmuş əsərlər içərisində poeziya həmişə olduğu kimi üstünlük təşkil edir, şeirə maraq daha çoxdur. Sizin nəsil üçün bunu məntiqi sayıram. Çünki poeziya gənclik, nəsr yaşlılıq, fəlsəfə artıq ahıllıq, qocalıq deməkdir. Bu sahələr və janrlar  insan düşüncəsinə uyğundur. Məsələn, Puşkin deyirdi ki, 26 yaşına qədər hamı şeir yaza bilər. Amma o kəslər ki, içlərində öz uşaqlıqlarını qoruyub saxlaya bilirlər, onlar ömürlərinin axırınacan şeir yaza bilərlər. Bunun həm müsbət, həm də mənfi tərəfi var. Ömrü boyu uşaq kimi  qalmaq mənfi rakursdan yanaşdıqda, əlbəttə, yaxşı deyil. İkinci bir tərəfdən, ömrünün axırına kimi uşaq saflığını qoruyub saxlamağın nəyi pisdir? Ümumiyyətlə, mənə elə gəlir ki, yaradıcı adamların içərisində müdrik bir uşaq var. Məşhur bir türk mahnısında deyilir: "İçindəki çocuq sənə həyatı anladır". Yəni bütün yaradıcı adamlar da içindəki uşaqla ixtilata, söhbətə girən adamlardır. Təsadüfi deyil ki, mən bu şairlərin şeirlərində dönə-dönə uşaq obrazı ilə rastlaşdım. Emin Pirinin, Günay Umudun, Pərviz Axundovun şeirlərində bunu gördüm. Bu şairlərin əsas xüsusiyyətləri uşaqlığa dönüşdür. Bu şeirlər daha çox virtual şeirlərdir. Virtual poeziya insanın daxili dünyasını təsvir edir, orada məkan virtualdır, zaman subyektivdir. Çünki bu, insanın iç dünyası ilə bağlıdır. Məsələn, Günel Eyvazlının, Aygül Qurbanovanın zamanı virtual zamandır. Bu, bizim yaşadığımız zaman deyil, sırf subyektiv başlanğıca köklənən bir zamandır.  Amma Emin Pirinin zamanında subyektivliklə obyektivlik birləşir. Pərviz Axundovun epik şeirlərində obyektiv zamana köklənmək olur. Hansı zamana söykənərək yazılmasından asılı olmayaraq əsas odur ki, yaxşı şeir yazasan, orijinallıq edəsən».

Ümumi qeydlərdən sonra Əsəd Cahangir bir arzusunu da dilə gətirib: «Bir arzum var, bəlkə də bu, birbaşa ədəbiyyata dəxli olmayan arzudur, bəlkə də dəxli olan arzudur. Biz bütün hallarda yaddan çıxarmamalıyıq ki, azərbaycanlıyıq. Şeir yazanda da, müsahibə verəndə də».

Tənqidçi, gənclərin yaradıcılığından danışanda, konkret adlar çəkəndə bunun hələ icmal şəklində olduğunu, gələcəkdə bu qeydləri ümumiləşdirərək sistem halında qələmə alacağını və çap etdirəcəyini bildirib: «Mən sizin şeirlərinizi oxuyanda sevindim, onlarda yeni nəfəs, orijinal fikir gördüm. Düzdür, aralarında şeirə dəxli olmayan, vəznlənmiş, qafiyələnmiş nəzm parçalarını da gördüm. Amma burada eyni zamanda orijinal obrazlar, ifadələrə də rast gəldim. Düzdür, bunlar hələ tam cilalanmayıb, istedad hələ tam açılmayıb, yol keçməlidir, savad, təcrübə artmalıdır, hisslər zənginləşməlidir, dərinləşməlidir. Təxminən 5-6 gəncin yaradıcılığı mənim ümidlərimi artırdı, sevindirdi. Mənim indi bu gənclər haqqında qeydlərimi öz sevincimi sizinlə bölüşmə kimi qəbul edin».

Emin Pirinin şeirlərindən danışmaqla məruzəsinə başlayan Ə. Cahangir onun şeirlərində diqqət çəkən məqamlardan söz açıb: «Demirəm, Eminin bütün şeirləri yaxşıdır, amma o, haqlı tənqidi qəbul etməyi bacarır. Bu şeirlərin içərisində təxminən 5-10 elə şeir var ki, onun haqqında artıq bir obraz yaradır. Ümumiyyətlə, götürəndə fəlsəfi mənada yanaşsaq, ədəbiyyat qadın cinsindədir. Çünki ədəbiyyat törəmədir, ikincidir. Həyat kişi cinsindədir. Ədəbiyyat həyatdan törəyib. Həvva Adəmdən törədiyi kimi. Ona görə də hətta bəzən kişilərin yazdığı şeirlərdə də bir incəlik, emosionallıq olur. Amma Emin Pirinin şeirləri fizioloji mənada yox, fəlsəfi mənada kişi poeziyasıdır. Eminin intonasiyası kişi intonasiyasıdır. Mən bununla qətiyyən demək istəmirəm ki, qadın intonasiyası pisdir. Sadəcə, Eminin özünə məxsus intonasiyası var. Belə intonasiyanın olması çox vacibdir. O ağlamır, sızlamır, amma onun bəzi şeirləri bəlkə də oxucunu ağlada bilər. Yaxşı şair də odur ki, oxucunu ağlada bilsin. Onun «Mələklərə atılan mərmilər» şeirini bu baxımdan çox bəyəndim. Pərviz Axundovun yaradıcılığı isə sentimentallıqdan uzaq, sakit və dərin kədəri ilə seçilir. Onun şeirləri ən yüksək intonasiyaya çatanda da bu, süni pafosa çevrilmir». Məruzəçi daha sonra Cavid Sabiroğlu, Ramil Əhməd, Ramilə Qardaşxanqızı, Ruslan Mollayev, Aygül Qurbanova, Günay Ümid, Elçin Aslangil, Sadiq Babazadə, Vəlixan Abdullayev, Gülbala Dadaş, Günel İmran, Vasif Əlihüseyn, Aytən Nəsibbəyli, Vüsal Həsənoğlu, Nuray Nur, Məhbus Münzəvi və Ruslan Dost Əlinin yaradıcılığı haqqında fikir və düşüncələrini bölüşüb. Məruzənin sonunda  Ə.Cahangir gənclərə bolluca mütaliə etməyi, dil öyrənməyi tövsiyə edib.

Sonda tədbirdə iştirak edən gənc ədiblər fikir və mülahizələrini bölüşüblər.

Sevinc MÜRVƏTQIZI

 





13.03.2013    çap et  çap et