525.Az

Səs


 

Səs <b style="color:red"></b>

Kiminsə sözüdür: “O qədər şeir yazan var ki, şair tapmaq müşkülə dönüb”.

Eyni sözləri muğam, təsnif və mahnı ifaçıları haqqında da demək olar. Həm də məsələni qəlizləşdirən odur ki,  səsinə güvənib meydana çıxanların içində həqiqi istedad, qeyri-adi səs sahibləri demək olar ki, yox dərəcəsindədir. Mərhum Mikayıl Müşfiq belələrini nəzərdə tutaraq  yazırdı:

Anasız uşağa dayə gərəkdir,
Şairə ilhamdan maya gərəkdir.
Şairəm söyləyir yerindən duran
Adamın üzündə həya gərəkdir.

Amma hardadı o həya? Sinəsinə döyüb özünü xanəndə, müğənni, el sənətkarı adlandıran, ekran və efirləri yağır eyləyən, getdiyi toyların sayı ilə öyünənlərdə  ismət, həya axtarmaq çox mənasız işdir. Televiziya verilişlərinin birində salonda oturan  bütün iştirakçıların üzünə duraraq “siz deyirsiniz ki, mənim səsim  yoxdur, əgər səsim yoxdursa, onda hansı səslə danışıram?”  deyə danışıq səsi ilə oxumaq səsini ayırd edə bilməyənə nə izah etmək olar? 

Kəndimizdə ömrü boyu çərgöv, öküz arabası sürən, camış saxlayan Bayram kişinin çox qeyri-adi səsi var imiş. Qəzəl, söz bilmədiyinə görə elə aradabir bir ağız oxuyarmış, özü də camaat içində, adam yanında oxumağa utanarmış. Kimsəsizliyə düşəndə, çölü-biyabanda yol gedəndə əlini qulağının dibinə qoyub bir-iki zəngulə vurarmış. Adətən qəbiristanlığın içindən kəndə qalxan yolda onun oxumaq həvəsinin gəldiyini müşahidə edən cavanlar Bayram kişi araba ilə həmin yoldan keçərkən  köhnə, uçuq məzarların arasında gizlənirmişlər ki, onun zənguləsini eşidə bilsinlər. Bayram kişi həmişə oxumazmış, amma  cavanlar hər dəfə onun  həmin yoldan keçəcəyini öyrənən kimi ilahi səsi eşitmək həsrəti ilə gəlib orda gizlənərmişlər...

Şuşada imkanlı bəylərdən birinin oğlunun gözəl səsi olsa da, onun oxumağını istəməzmiş. Lakin möcüzəli səs həvəskarları uşağı dinləmək arzusu ilə alışıb-yanırmışlar. Bir dəfə bəy həyətində səliqə-sahman yaratmaq  üçün iki fəhlə dəvət edir. Fəhlələr bütün təmizlik işini görəndən sonra həyətdə olan iri dəyirman daşlarını da  götürməyə söz verirlər və bunun müqabilində heç bir zəhmət haqqı istəmirlər.  Ancaq yeganə bir şərtləri var: bəyin oğlu onlar üçün bir ağız muğam parçası oxusun. Səxavət kisəsi o qədər də açıq olmayan bəyin razılaşmaqdan başqa carəsi qalmır...

1941-ci ildə Horadiz dəmiryol stansiyasından əsgərləri müharibəyə yola salırlar. Cəbhəyə gedənlər arasında gənc xanəndə Ağabala Abdullayev də olub. Vağzala yığışınlar, cəbhəyə yola düşənlər ayrılıq məqamında ondan “Zabul-segah” muğamı oxumağı xahiş edirlər. Ağabalanın kövrək, sinə dağlayan yanıqlı səsi pərdə-pərdə ətrafa yayılır. Ağlayan kim, hönkürən kim, düşmənə nifrət hissi ilə yumruğunu düyünləyən kim... Elə ordaca cəbhəyə yola düşən əsgərlər də, onları yola salmağa gələnlər də hərbi komissardan bu səsin sahibini çağırışdan azad etməyi xahiş edirlər. Onların tələbi ilə Ağabalanı cəbhəyə aparmırlar.

Keçən əsrin 30-cu illərində Mürşüd Haşımlı, Hüseynqulu Sarabski və Bülbül Yevlax stansiyasında qatardan düşüb Xonaşın yolu ilə Qaryaginə gedərkən təpədən dırnağa qədər yaraqlı qaçaqlar dəstəsi onların qarşısını kəsir. Dəstənin başçısı Berlin universitetində fəlsəfə fakültəsini bitirmiş və sonralar qaçaq düşmüş Əsədulla bəy onları sorğu-suala tutur. Üçlük Qaryaginə teatr yaratmaq üçün getdiklərini söyləsələr də, qaçaqlar inanmırlar. Əlləri hər yerdən üzüləndə onlar  canlarını qurtarmaq üçün  öz istedadlarını nümayiş etdirməli olur.  Boz qayaların arasında Bülbül şikəstə oxumağa başlayır, Mürşüd Haşımlı ilə Hüseynqulu Sarabski də ağızlarında ona dəm tutur. Bülbülün şirin səsi qayalara dəyib əks-səda verir, qaçaqların əllərindəki tüfəng ona  qulaq kəsildikcə  yanlarına düşür. Əsədulla bəy əlindəki mauzeri qoburuna qoyaraq üzünü Bülbülə tutub deyir:

- Bu qızıl səsin qədrini bilmək lazımdır. Səni səsinə bağışlayıram...

Çoxlu belə misallar var və bu misalların çoxunda səs öz sahibinin xilaskarı olub. Ancaq həmin səsin sahibləri heç vaxt onlara bəxş olunan ilahi nemətə görə öyünməyiblər, özlərini yuxarıdan aparmayıblar və  xalqa xidmət etməyi özlərinin başlıca vəzifəsi hesab ediblər.

Əlbəttə, gözəl və məlahətli səsi heç nə ilə  qarışdırmaq olmaz. Əgər o səs varsa...

Süleyman QARADAĞLI

 





26.09.2016    çap et  çap et