525.Az

“Problemlərin içində çabalayan Qərb hər yerə başını soxur”


 

“BU ÖLKƏLƏRDƏ İCTİMAİ RƏYİ AZƏRBAYCANA YÖNƏLTMƏK QEYRİ-MÜMKÜNDÜR”

“Problemlərin içində çabalayan Qərb hər yerə başını soxur”<b style="color:red"></b>

Azərbaycanın davamlı inkişafı, beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitliyin hökm sürməsi ABŞ və Qərbin ermənipərəst və islamofob dairələrini narahat edir.
 
Belə dairələr daim ölkəmizdə vəziyyəti gərginləşdirməyə, sabitliyi pozmağa, bununla da öz planlarını həyata keçirməyə fürsət axtarırlar. Öz qara niyyətlərini isə hər dəfə Azərbaycanda mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində reallaşdırmağa çalışırlar. Biz həm “Avroviziya” mahnı yarışı, həm Avropa Oyunları, “Formula1” Qran-prisi və digər böyük təbirlər ərəfəsində bu cür anti-Azərbaycan dairələrinin fəallaşdığını, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil etdiklərini müşahidə etmişik.

Bu gün ABŞ və onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir. Müxtəlif ölkələrdə həyata keçirilən hakimiyyət çevrilişi və hərbi müdaxilə ssenariləri qanlı müharibələrə,  on minlərlə insanların ölümünə, sosial-iqtisadi infrastrukturun dağılmasına səbəb olub.  ABŞ və onun partnyorları bu gün Misir, İraq, Liviya, Suriya  və digər ölkələrdə baş verən qanlı olaylara görə birbaşa cavabdehlik daşıyırlar.

Təəssüf ki, ABŞ və Qərb ölkələri daxildəki insan hüquqlarının pozulması, korrupsiya, ksenofobiya və faşizmin geniş vüsət almasına göz yumaraq, digər ölkələrin işlərinə müdaxilə etmək yolunu seçiblər. ABŞ-da qara dərililərə qarşı olan münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir. ABŞ bununla bütün dünyaya mesaj verir ki, həqiqət güclünün tərəfindədir. Vaşinqtonun imper siyasəti göstərir ki, bu gün beynəlxalq hüquq işləmir, diktat siyasəti bütün dünyaya hakim kəsilib.

Mövzu ilə bağlı fikirlərini bildirən ekspertlər, millət vəkilləri hesab edirlər ki, anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət heç bir nəticə verməyəcək. Bunun başlıca səbəbi isə ölkəmizin mövqeyinin güclənməsi, xalqın öz prezidentinin, dövlətinin yanında olmasıdır.

 Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, ABŞ və Qərbin Azərbaycana qarşı bu dəfə həyata keçirməyə çalışdığı kampaniyanın heç bir nəticəsi olmadı. Çünki Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Ölkəmizin mövqeləri kifayət qədər möhkəmlənib.

O bildirib ki, həmin dairələrin bu dəfə ölkəmizin əleyhinə aparmağa çalışdığı qaragüruhçuluq kampaniya şəklini də almadı:

“Biz əvvəllər bundan daha sərt şəkildə kampaniyalarla qarşılaşmışdıq. Avropa Oyunları, “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində daha fəal üzərimizə yeridlilər. İndi hansısa qəzetdə çıxan iki məqalə, heç bir diqqət cəlb etməyən dinləmə Azərbaycan hökumətini seçdiyi yoldan döndərə bilməz”.

R.Musabəyov hesab edir ki, indi Azərbaycanın mövqeyinin güclənməsi ilə bərabər, həm də həmin ölkələrin özündə kifayət qədər problemlər var:

“İndi Amerikanın başı öz seçkilərinə qarışıb, Avropa Brexit, miqrant, maliyyə məsələləri ilə daha çox məşğuldur. Digər tərəfdən, Qərb, ABŞ özü xirtdəyə qədər problemlərin içində çabalayır. Ona görə də bu ölkələrdə ictimai rəyi Azərbaycana yönəltmək qeyri-mümkündür. ABŞ-da iki qara dərilinin öldürülməsi ilə bağlı baxın, nələr baş verir. İndi bunun fonunda durub Azərbaycanda insan haqları ilə bağlı məsələ qaldırıb buna diqqəti cəlb etməyə çalışmaq mümkün deyil. İnsanlar deyər ki, “başınız xarab olub, gözünüzün önündə o qədər problemlər olduğu halda, Azərbaycanı hansısa məsələlərə görə tənqid edirsiniz. Heç medianın bu məsələlərə diqqətini cəlb etmək mümkün olmadı, o ki qaldı ictimai rəy olsun”.  

Politoloq Cümşüd Nuriyev isə deyib ki, bu gün ABŞ və onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir. Ümumiyyətlə ABŞ ancaq bu cür işlərlə məşğul olur.

Onun sözlərinə görə, 1970-ci ildə ABŞ-da dollar çökəndən sonra 1976-cı ildən etibarən bu fəaliyyətlə birmənalı məşğul olmağa başlayıb: “ABŞ-ın əsas məqsədi o olub ki, dünyada hegemon statusunu qazansın və bu statusla da öz fəaliyyətini davam etdirsin. Burada ABŞ-ın tək məqsədi dollar saxlamaq deyil, bir qrup adamın iqtisadi maraqlarını qorumaq və həmin iqtisadi maraqlara xidmət etməkdir. Əslində rəsmi Amerikada dövlət hakimiyyət tərəfindən idarə olunmur. Bu, ancaq “5-ci kolon” tərəfindən idarə olunur. SSRİ dağılandan sonra ABŞ dünyada hegemonluq statusunu qazanıb. Son 10 ildə Rusiya-Çin dueti artıq onların hegemonluğunu ikinci sıraya keçirmək üzrədir. Dünyada 7 qütbləşmə əmələ gəlib. Yəni onlar Avropa Birliyini yaratmışdılar ki, özlərinin oyuncağına çevirsinlər. Amma indi Rusiya ilə Çinin yürütdüyü siyasət onların bu arzusunu gözündə qoyub”.

C. Nuriyev əlavə edib ki, bu gün ABŞ, İngiltərə və Norveçin səfirlikləri sanki Azərbaycanda yeni yaradılacaq vitse-prezident statusunda çıxış edirlər: “Onlar hər yerə başlarını soxurlar. Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də hüquqi, iqtisadi müstəvidə sərbəst siyasət yeridir”.

Millət vəkili Azər Badamov da ABŞ və Qərbin anti-Azərbaycan dairələrinin  həmişə ölkəmizə qarşı qərəzli mövqedə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölkəmizdə keçirilən hər bir siyasi kampaniya ərəfəsində özlərinin əlaltısı olan olan QHT-dən və digər bütün imkanlardan istifadə etməklə Azərbaycandakı sabitliyi pozmağa, ölkəmizi zəiflətməyə cəhd göstərirlər: “Məhz ona görə də bu dairələr daim vəsait ödəməklə Azərbaycanda özlərinin xidmətçilərini saxlayırlar. Bu xidmətçilər də Azərbaycan haqqında reallığı əks etdirməyən müəyyən məlumatları onlara ötürür, ölkə daxilində mitinq adıyla yığıncaqlar keçirərək öz havadarların xoşuna gələn hərəkətlər etməklə məşğul olurlar. Təbii ki, ölkəmizə qarşı belə yanaşmanın olmasını çox pis dəyərləndirirəm və qeyd etmək istəyirəm ki, xalqın istək və iradəsinə qarşı heç bir xarici qüvvə dayana bilməz. Onların işi isə uzaqda dayanaraq suyu bulandırmaq arzusunda olmaqlarını nümayiş etdirmək istəyindən başqa bir şey olmayacaqdır”.

Millət vəkili hesab edir ki, Venesiya Komissiyasının rəyi də bu məqsədə xidmət edir: “Əgər bir ölkədə tam konstitusion əsaslarla ümumxalq səsvermə keçirilərək xalqın istəyi müəyyənləşdirilirsə, burda pis nə var? Konstitusiyaya təklif olunan 29 məsələ ayrı-ayrılıqda vətəndaşların seçiminə verilir və tam demokratik seçki keçiriləcəkdir. Çox təəsüflər olsun ki, ölkəmizin uğurlarını görmək istəməyən belə qurumlar öz rəy və hesabatlarını seçki keçirilməmiş yazıb hazırlayıblar və belə açıqlamalar verirlər. Bizim üçün maraqlısı və ən əsası bizə olan qərəzli münasibət yox, xalqın marağı və istəyidir. Azərbaycan xalqı dövlət siyasətini yüksək səviyyədə həmişə dəstəkləmiş və dəstəkləyəcəkdir. Çünki biz yaşayırıq bu ölkədə , qazandığımız uğurlardan biz yararlanırıq və istəyimiz də daha güclü demokratik Azərbaycan görməkdir. Belə olan halda bizə qərəzli münasibət bildirənlər üçün isə boş boşuna rəylər və hesabatlar tərtib etməklə özlərini yormaq qalacaqdır”.

PƏRVANƏ

 





26.09.2016    çap et  çap et