525.Az

“Ermənistan “İsgəndər” raketlərindən istifadə etsə...”


 

MOSKVANIN ERMƏNİSTANA QİYMƏTİ MİLYARDLARLA DOLLARLA ÖLÇÜLƏN ƏN MÜASİR OPERATİV-TAKTİKİ SİLAHLAR BAĞIŞLAMASI BU DÖVLƏTİN OBYEKTİV VASİTƏÇİ İMİCİNƏ LƏKƏ SALIR

“Ermənistan “İsgəndər” raketlərindən istifadə etsə...”<b style="color:red"></b>

Son dövrlər Ermənistanın Azərbaycana qarşı aqresiyası açıq şəkildə hiss olunmaqdadır.
 
Ekspertlər bunu işğalçı ölkənin cari ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə uğradığı ağır məğlubiyyətlə əlaqələndirirlər. Çünki Dağlıq Qarabağ münaqişə ilə bağlı aparılan müzakirələr və əldə oluna razılıqlara məhəl qoymayan işğalçı ölkə hələ də sarsıntı içindədir. Bunu erməni əhalisinin Serj Sarkisyan hakimiyyətinə qarşı narazılıqları və hökumətdaxili parçalanmalarda görmək mümkündür. Belə bir vəziyyətdə Ermənistan prezidenti hökuməti buraxmaqla baş verən hadisələrdə özünün deyil, məhz Nazirlər Kabinetini günahkar olduğunu göstərməyə çalışıb.

Sentyabrın 21-də isə işğalçı ölkədə hərbi parad keçirilib. Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla ölkə rəhbərliyinin, həmçinin işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın qatıldığı paradda “İskəndər” operativ-taktiki raket kompleksi, “Toçka U” və “Elbrus” (R-17 ballistik raketləri ilə) taktiki raket kompleksləri, başqa silah və texnika nümayiş olunub. Sarkisyan bununla ölkəsinin hər an hərbi toqquşmalara hazır olduğunu və qorxuya düşməyə heç bir əsasın olmadığını göstərmək istəyir. Təbiidir ki, bu imkanı ona Moskva verib. Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsü öz əlinə alan Rusiyanın növbəti dəfə Ermənistana əvəzsiz olaraq qiyməti milyardlarla dollarla ölçülən ən müasir operativ-taktiki silahlar bağışlaması bu dövlətin obyektiv və ədalətli vasitəçi imicinə ləkə salır, Rusiyanın özünün də daxil olduğu postsovet məkanında, xüsusən Qafqazda regional təhlükəsizliyi təhdid edir. Qərəzsiz vasitəçilik missiyası işğalın nəticələrini aradan qaldırmaq istiqamətində səyləri artırmağı tələb etdiyi halda, biz bunun əksinə olaraq işğalçının ən müasir silahlarla silahlandırılmasının şahidi oluruq. Sonuncu dəfə Ermənistana ötürülən silahların dəyəri Ermənistanın dövlət büdcəsindən dəfələrlə böyükdür. Rusiya iqtisadi sanksiyalardan əziyyət çəkdiyi, Rusiya vətəndaşları vətənpərvərcəsinə “kəmər sıxma siyasəti”nə razılaşdığı bir zamanda nəyə görə sadə vergiödəyicilərinin pulları onsuz da həddən artıq militaristləşmiş işğalçı xuntanın daha da azğınlaşmasına sərf olunur?

Sirr deyil ki, Azərbaycan Rusiyanın hərbi ixracatında ən mühüm tərəfdaş ölkələrdən biridir. Belə bir məntiq hasil olur ki, Rusiyaya Azərbaycana silah satışından əldə etdiyi qazancı eyni silahları Ermənistana ötürməklə ianə edir.

Ermənistanın nə qədər silahlandırılmasından asılı olmayaraq Azərbaycanda ordu quruculuğu uğurla davam etdirilir. Azərbaycan ən müasir silah, texnika alır, Ermənistan tərəfdən gələn istənilən təhdidi dəf etmək iqtidarındadır və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Heç bir qüvvə ərazi bütövlüyümüzün bərpasına mane ola bilməz, Azərbaycan ordusu gücü ölkəmizin maraqlarını təmin etmək qüdrətindədir.

Azərbaycan artıq sadəcə müasir texnikalar almır, eyni zamanda özü ən müasir silahlar istehsal və ixrac edən ölkəyə çevrilib. Gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaq.

Ermənistanın Rusiya istehsalı olan “İsgəndər” raketlərinə malik olması xəbərinə ilk reaksiya Müdafiə Nazirliyindən gəlib. Nazir Zakir Həsənovun sentyabrın 21-də prezidentin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə əsas cümləsi bu olub: “Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa, onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq”.

Bu barədə fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, söhbət konkret Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən getmir, “düşmənin bütün ərazisi” fikri işlədilir: “Yəni, bu o deməkdir ki, cəbhə bölgəsində gələcək toquşmada Ermənistan “İsgəndər” raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq və bu zaman rəsmi Bakı İrəvanın istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “ortaq müdafiə” prinsipinə məhəl qoymayacaq. Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə prezident İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan “Zərbə” pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın “İsgəndər” raketlərinin nümayişinə verilən cavablar idi”.

Siyasi şərhçi Arzu Nağıyev isə “Yeni Müsavat”a bildirib ki ki, ermənilərin Rusiyadan aldıqları və ya həmin silahların özlərininki kimi nümayişi ilk növbədə Rusiya ilə olan münasibəti göstərməkdən ibarətdir: “Digər tərəfdən, Rusiya Ermənistana bu silahları gətirməklə özünün NATO ilə olan sərhədini möhkəmləndirir. Fakt budur ki, Rusiya Azərbaycana da yetərincə silah satır. Son vaxtlar Rusiyadan T-72 tankları, BTR -80 A, Ka-32 və Mİ-17B-5 helikopterləri alınıb. Yəni, Azərbaycan da öz arsenalını yeniləşdirməkdə davam edir və əlavə müqavilələr, o cümlədən, “Kornet- E” raket əleyhinə kompleks və dörd ədəd Ka-32 PS helikopteri ilə bağlı da müqavilələr imzalanıb”.

Düşmən tərəfdən gələn təhlükələri real qiymətləndirməyi vacib sayan A.Nağıyev qeyd edib ki, Azərbaycan heç də münaqişənin həlli barədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin deklorativ bəyanatlarına ümid edərək düşünmür: “Biz regionda baş verə biləcək hər hansı proseslərə hazır olmalıyıq və bu istiqamətdə də işimizi qururuq. Bundan başqa, bizim İsrail, Cənubi Afrika Respublikası, Ukrayna və Türkiyə ilə də müvafiq müqavilələrimiz var.  Bu, heç də Rusiya-Ermənistan hərbi əməkdaşlığına cavab addımı deyil, Azərbaycanın hərbi doktrinasına uyğun şəkildə həyata keçirilir. Türkiyəyə gəldikdə isə “Roketsan” kompanityası ilə Azərbaycanın müqaviləsi var və müqaviləyə əsasən Azərbaycana T-300 “Qasırğa” (“Hurricane”), reaktiv raket sisteminin alınması nəzərdə tutulub. Müqavilənin ümumi məbləği təxminən 244 milyon dollardır. Ümumiyyətlə, Türkiyə hazırda dünyada silah satan dövlətlər arasında 17-cidir və ixraca görə onun alıcıları arasında Səudiyyə Ərəbistanından sonra Azərbaycan ikincidir”.

Ceyhun ABASOV

 





26.09.2016    çap et  çap et