525.Az

“Azərbaycanın müstəqilliyinə zərbə vurmaq istəyən xarici qüvvələr var”


 

“HƏMİN QÜVVƏLƏR AZƏRBAYCANDAKI RADİKAL MÜXALİFƏTDƏN İSTİFADƏ EDİR”

“Azərbaycanın müstəqilliyinə zərbə vurmaq istəyən xarici qüvvələr var”<b style="color:red"></b>

Azərbaycanın davamlı inkişafını, ölkəmizdə mövcud sabitliyi istəməyən bəzi xarici dairələr milli dövlətçiliyimizi yeni keyfiyyət mərhələsinə daşıyacaq ümumxalq səsverməsi ərəfəsində vəziyyəti gərginləşdirmək üçün birgə fəaliyyətə keçiblər.

Onlar radikal müxalifətlə əlbir olaraq ölkəmizidə sabitliyi pozmağa yönəlmiş planlarını reallaşdırmağa çalışırlar. Radikal müxalifət başçılarının Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırıldıqdan sonra Milli Şura və Müsavatın mitinq keçirmək haqda qərar verməsi də deyilənlərin sübutudur.

Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də Qərb dairələrinin ölkəmizdə sabitliyi pozmağa istiqamətlənmiş planlarının tərkib hissəsidir. Paralel olaraq qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal “Müsəlman Birliyi”nin sədri Taleh Bağırov və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11 və 17 sentyabr mitinqlərinə qoşulması, Müsavatın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. FETÖ Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti nəzarətdən çıxarmaq niyyətindədir. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Azadlıq” radiosu, “Amerikanın səsi”, BBC və “5-ci kolon”un əsas tribunalarından olan “Meydan TV” müasir jurnalistikasının ən elementar şərtlərini, media ilə bağlı qanunvericilik tələblərin, hətta öz nizamnaməsini belə kobud şəkildə pozaraq müxalifətə açıq dəstək verib, onların aksiyaların həm təbliğatçısı, həm də təşkilatçısı kimi çıxış edir.

Qeyd edilən məsələlərlə bağlı fikirlərini açıqlayan siyasətçilər, millət vəkilləri radikal müxalifətin mitinq keçirməsinin xarici qüvvələrin sifarişi olduğunu deyiblər. Onların sözlərinə görə, mitinqlərdə çox az insanın iştirak etməsi bir daha müxalifətin sosial dayaqlarını itirdiyini, xalqın onlardan çoxdan üz çevirdiyini göstərdi.

Millət vəkili Rövşən Rzayev bildirib ki, əslində müxalifətin bu cür addımları gözləniləndir: “Azərbaycan xalqı artıq müxalifəti və onların niyyətini başa düşür, anlayır. Ona görə də xalq iqtidarın siyasətini dəstəkləyir və ətrafında birləşir. Müxalifət başa düşür ki, Azərbaycan xalqı arxaya addım atmayacaq”. Millət vəkili deyib ki, xalq ölkədə gedən sürətli inkişafı görür və kənar qüvvələrin fikirlərinə inanmır: “Xalq Azərbaycanın iqtisadi inkişafını görür. Bilir ki, bu yol Azərbaycanın gələcək taleyini həll edən yeganə yoldur. Müxalifətdə əvvəllər olduğu kimi indi də kürsü uğrunda mübarizə aparılır, Azərbaycanın müstəqilliyinin əleyhinə olan, ölkəmizi zəiflətmək istəyən qüvvələrdən istifadə edilir. Bu da heç vaxt onlara uğur gətirə bilməz. Müxalifət həmişə Azərbaycanda böyük bir siyasi kampaniyalar ərəfəsində xaricdən sifariş alaraq ölkədə belə addımlar atır. Bəzi xarici qüvvələr var ki, onlar Azərbaycanın müstəqilliyinə zərbə vurmaq istəyirlər. Həmin qüvvələr də bu ərəfələrdə Azərbaycandakı bu müxalif qüvvələrdən istifadə edirlər”.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, bu gün müxalifət düşərgəsində böhran daha da dərinləşib. Onun sözlərinə görə, mitinqlərdəki bəzi nüanslar təhlükəli addımlar sayıla bilər. Mitinqlərdən öncə müxalifət liderlərinin səfirliklərdə olmasına toxunan politoloq deyib ki, əslində müxalifət partiyaları rəhbərlərinin Azərbaycanda olan bəzi səfirliklərdə tez-tez görüşlər keçirməsi halları əvvəllər də olub: “Bu görüşlərin mahiyyətinin nədən ibarət olması isə çox vaxt müəmmalı idi. Sadəcə olaraq bu tip görüşlər son zamanlar daha çox reallaşdı. Ümumiyyətlə, xaricdən müxalifətə dəstək həmişə göz qabağında olub. Görünür, indi də bu qüvvələr Azərbaycan üçün hansısa planlar hazırlayıblar və nələrisə reallaşdırmaq fikrindədirlər. Düzdür, başqa ölkələrin səfirliklərinin, siyasi təşkilatlarının müxalifət partiyalarına dəstək verməsi bir çox ölkələrdə baş verir. Amma bu hallar çox vaxt mənfi nəticələrə gətirib çıxarır. İndiki halda Azərbaycan böyük siyasi bir hadisənin astanasındadır deyə, görünür xaricdən əhalinin referendumla bağlı fikirlərinə təsir etməyə çalışırlar. Bu nöqteyi-nəzərdən müxalifətin mitinqlərə başlaması ilə onların bəzi səfirliklərdə peyda olmalarında əlaqə axtarmaq mümkündür. Yəni bu təsadüfdən yaranmadı”.

Dindarların mitinqdə iştirakına toxunan Q. Hüseynli vurğulayıb ki, din siyasətə qatılanda radikal dindarlar önə çıxır: “Azərbaycana bu arzuolunmaz ənənəni gətirmək istəyənlər isə bunun acı sonluğunu düşünmürlər. Dindarların mitinqlərə cəlb edilməsi yaxşı hal deyil. Müxalifətin əvvəlki aksiyalarında onları belə təşkilatlanmış halda görməmişdik. Çox təəssüf edirəm ki, Müsavat Partiyasının da, Milli Şuranın da mitinqlərində səsləndirilən şüarlar içərisində məlum Nardaran olayları ilə bağlı həbs edilənlər haqqında çoxlu çağırışlar edildi. Bir sözlə, belə görünür ki, Nardaran hadisələrinin mahiyyətini ya müxalifət düzgün dəyərləndirə bilməyib, yaxud da Nardaranda baş verən siyasi proseslər-başqa bir ölkəyə meyllənmə hallarının dövlətçiliyimiz üçün təhlükəli olduğunu axıra qədər dərk etmək istəmirlər. Bəlkə də, təhlükəni görürlər. Sadəcə, öz mitinqləri xatirinə bu şüarlara, belə meyllərə icazə verirlər. İndiki halda müxalifətin dini sferaya yönləndirilməsi təhlükəli haldır. Hər halda, siyasi partiya öz mübarizəsini dindarlara qucaq açmaqla deyil, dürüst elektoral baza axtarıb tapmaqla, onlara söykənməklə aparmalıdır. Hər bir cəmiyyətdə, ölkədə olduğu kimi, bizdə də narazı elektorat var. Bunu tapmaq, seçmək özünə tərəf çəkmək çətin bir iş deyil. Bu gün bu narazı elektorat müxalifətə doğru getmirsə, deməli, müxalifətin fəaliyyətində bir çatışmazlıq var. Bu siyasətçilərin əməllərində demək ki, narazı elektoratı razı salmayan bir fəaliyyət var”.

O, müxalifətin son addımlarının Azərbaycan dövlətçiliyinin maraqlarına uyğun gəlmədiyini, digər siyasi qüvvələrin onları bu səbəbdən dəstəkləmədiklərini əlavə edib. Politoloqun fikrincə, mitinqlərin belə təşkili vətənpərvərlik və azərbaycançılıq mövqelərinə sığmır: Bütün bunlar onu göstərir ki, müxalifət dərin siyasi böhran keçirir və bu siyasi böhrandan çıxmaq üçün də, heç bir yol axtarıb tapmaq potensialına malik deyil. Onlar nəinki geniş kütlədən dəstək almırlar, heç müxalifət partiyalarına öz düşərgələrindən də dəstək gəlmir”.

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli  isə deyib ki, Milli Şuranın mitinqində radikal dindarların da iştirak etməsi əslində mitinqin vahid ideologiyasının olmamasından xəbər verirdi: “Bu sübut edir ki, Milli Şura radikal dindarları da mitinqdə istifadə edirdi. Bu, mitinq iştirakçılarının parçalanması deməkdir, yəni ideoloji cəhətdən tamamilə bir-birinə zidd qüvvələr toplanmışdı. Deməli, bunları da xaricdən təhrik edən, idarə edən qüvvələr var”.

O vurğulayıb ki, mitinqə referendumla bağlı icazə alınsa da, referendum məsələsi çox az yer tutdu: “Kim nədən istəyirdi onu deyirdi, fikirlər səsləndirirdi. Əslində mitinqdə referendumla bağlı arqumentlər ortaya qoyulmalı idi, tutaq ki, referendumda bu məsələ düz deyil, başqa nə cür olmalıdır və s. Ancaq belə şeylər yox idi. Ona görə də referendumla bağlı olan bu mitinq öz mahiyyətindən kənara çıxan bir mitinq idi. Hakimiyyət onlara istənilən şəraiti yaratmışdı ki, toplansınlar, öz sözlərin desinlər. Hətta özləri deyirdi ki, mitinqə ən ucqar rayonlardan da gəliblər. Deməli, sizin toplayıb ortaya qoya bildiyiniz kütlə bu qədərdir, onlar da pərakəndə, ideoloji cəhətdən bir-birinə zidd insanlar. Bu mitinq xarici qüvvələrin Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün istifadə etdiyi bir metoddur, burada mitinqçilər də bu rolu yerinə yetirirdi”.

PƏRVANƏ

 





26.09.2016    çap et  çap et