525.Az

Təhlükəsizlik strategiyasına aid dəyərli əsər


 

Təhlükəsizlik strategiyasına aid dəyərli əsər<b style="color:red"></b>

Dünya siyasətinin əsas prinsiplərindən birini təşkil edən milli mənafe və təhlükəsizlik məsələləri Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşıda duran prioritet istiqamətlərindən biri olmuşdur. Çünki dövlətin və xalqın mənafe və maraqlarının özü bunu tələb edir.

Azərbaycan da mürəkkəb geosiyasi bir coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə yönəlik bir milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Müstəqilliyini qazanan Azərbaycanın bu istiqamətdə hazırladığı davamlı və dayanıqlı konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini qorumağa yönəldilmişdir. Lakin milli təhlükəsizlik və mənafelərin qorunması həm də bir vətəndaşlıq borcudur, peşədir. Çünki milli təhlükəsizlik fərdlərin bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə bağlı biliklər sistemində, dünyagörüşündə bu problem başlıca yer tutmalıdır. Bunu ali məktəblərdə biliklər sisteminə çevirib tədris etmək əlaqədar qurumların əsas vəzifələrindən biridir. Ali məktəblərin, universitet və akademiyaların uyğun bölümlərində bu vəzifə həyata keçirilsə də, əsas məsələ bu istiqamətdə yeni proqramların, dərsliklərin və dərs vəsaitlərinin yazılmasıdır.

Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cəlil Xəlilovun bu günlərdə dərc edilmiş “Milli təhlükəsizlik strategiyası” (Bakı, 2016, 456 səh.) dərsliyi olduqca böyük əhəmiyyət daşıyır. İndiyədək C.Xəlilovun milli təhlükəsizlik problemi ilə bağlı bir çox məqalələri ilə tanış olsam da, tədqiqatın monumentallığı, aktuallığı və əhəmiyyəti əsər haqqında fikir demək imkanı verir. Əslində bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqatın da tələblərinə tamamilə cavab verir və ona görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq mümkündür.
 
Kitabın elmi redaktoru və rəyçiləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının müdiri, professor Nigar Ələkbərova, Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Məcid Əfəndiyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev, Heydər Əliyev adına Ali hərbi məktəbin rəisi Füzuli Salahov, Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının akademiki, YUNESKO-nun eksperti Nizami Məmmədov və tarix elmləri doktoru Musa Qasımlı kimi alim və hərbi strukturda çalışan hərbçilərin olması əsərin nəzəri və praktik vəhdətini təmin etmiş olur.

Elmi, ictimai mühitimiz üçün son dərəcə gərəkli iki bölüm, doqquz fəsildən ibarət olan dərslikdə  milli təhlükəsizlik strategiyası və onun nəzəri əsasları, formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də prioritetləri konseptual şəkildə təhlil edilir. “Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemlərinin müqayisəli təhlili” fəslində müəllif problemi daha çox nəzəri istiqamətdə araşdıraraq təhlükəsizliyin təmin edilməsi məsələsində beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsini diqqət mərkəzinə çəkərək N.Makiavelli, T.Hobs, F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi görkəmli geopolitika nəzəriyyəçilərinin əsərlərində formalaşan siyasi realizm məsələlərinə nəzər yetirir. Müasir dünyada milli təhlükəsizlik strategiyasına baxışda müxtəlif yanaşmalar, konsepsiyaların təhlili ümumi yanaşma üçün zəngin mənbə olur. İkinci fəsildə Avropa təhlüksizlik strategiyasının əsaslarının araşdırılması ona görə yerinə düşür ki, onun özünəməxsus təhlükəsizlik strategiyasında bu regionda olan qlobal münaqişələrə də yer verilir. Bu zaman belə bir fikir vurğulanır ki: “BMT-nin, habelə onun təhlükəsizlik Şurasının iki daimi üzvünü birləşdirən əsas tərəfdaşı kimi Aİ-nin kolleltiv təhlükəsizlik sistemi yalnız hər bir ölkənin təhlükəsizliyinə olan təhdidlərə qarşı yönəldikdə legitim ola bilər, ifrat seçim bu sistemin əsaslarını sarsıdır”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca bir fəsil ayırması problemin aktuallığından irəli gəlmişdir. Belə ki, indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin sülhə təhdidin aradan qaldırılması, təcavüz aktlarının qarşısının alınması, yaxud yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsini şərtləndirən əsas amillərdəndir. Beynəlxalq təhlükəsizlik sisteminin universal və regional məsələləri ilə bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti yeni dünya təhlükəsizik sisteminin formalaşması istiqamətində dəyərləndirilir. Dərslikdə dünyada milli təhlükəsizliyin mürəkkəb, çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin, dövlətin  təhlükəsizlik məsələləri və onların tərkib hissələri, eləcə də prioritet istiqamətlərinin başlıca yer tutması çoxsaylı nümunələr və nəzəri fikirlər əsasında təhlil edilir.

Dosent Cəlil Xəlilovun “Milli təhlükəsizlik strategiyası” dərsliyinin böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif çox doğru olaraq, müasir geosiyasətdə Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsizliyin təmin edilməsinin formalaşması üçün verilən qərarların, görülən işlərin təkmilləşdirildiyi və sistemli bir fəaliyyət halına gəldiyini qeyd edir: “Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ən mürəkkəb problemlərdən biri sayılan regional səviyyədə dövlətin xarici münasibətlərinin ziddiyyətli, qeyri-sabit xarakteri və dünya xarici siyasət səhnəsində qeyri-müəyyən perspektivlərlə üzləşdi”. Buna baxmayaraq Azərbaycanın xarici siyasət prioritetləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin işlənib hazırlanması və reallaşdırılması, iki qitə arasında nəqliyyat dəhlizi rolunun yerinə yetirilməsində mühüm rol oynaması onun strategiyasını müəyyənləşdirmişdir. Bütün bunlar ölkənin sabit və davamlı inkişafını şərtləndirdiyini, ictimai həyatın bütün sahələrini əhatə edən dinamik dəyişikliklər prosesinə mühüm təsir göstərmişdir.

Dərslikdə milli təhlükəsizliyin təmin edilməsinin hüquqi əsasları, mexanizmləri və xüsusiyyətləri məsələlərinə ayrıca bir fəsil həsr edilməsi də yerinə düşür. Məlumdur ki, informasiya təhlükəsizliyi, dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, konstitusiya quruluşunun, demokratik, hüquqi, dünyəvi dövlətin qorunması, vətəndaş cəmiyyətinin formalaşdırılması, ictimai-siyasi sabitliyin təmin edilməsi, dünya azərbaycanlılarının həmrəyliyi və s. normativ hüquqi aktlarla tənzimlənmiş və inkişaf etdirilmişdir. Bu məsələlərin hər biri üzərində geniş dayanan müəllif milli təhlükəsizliyin reallaşması mexanizmləri, milli təhlükəsizliyə təminatın xüsusiyyətləri və fəaliyyət rejimləri və s. kimi məsələləri spesifik funksiyaları yerinə yetirən mürəkkəb struktura malik  bir sistem olaraq təhlil edir.

“Milli təhlükəsizliyin fəaliyyət sferaları” fəslində onun strukturu, məsələyə aksioloji yanaşma, fəaliyyətin subyekti, hərbi təhlükəsizlik, sərhəd təhlükəsizliyi, ekoloji, demoqrafik və enerji təhlükəsizliyi, informasiya təhlükəsizliyi, etnik təhlükəsizlik problemləri qoyulur və nəzəri, təcrübi istiqamətdə konseptual araşdırmalar aparılır. ABŞ-da 11 sentyabr terror aktlarını və regionda gedən terrorizm meyllərini önə çəkən müəllif belə bir nəticəyə gəlir: “Müasir terrorizmin qlobal miqyasını nəzərə alaraq ehtimal etmək olar ki, bu, uzunmüddətli təhdiddir. O, yeni beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılmasının müxtəlif aspektlərinə ən ciddi təsir göstərir və göstərməkdə davam edəcəkdir”.  “Azərbaycan Respublikasının milli təhlükəsizlik sisteminin inkişaf prioritetləri” fəsli kitabın əhəmiyyətini daha da artırmış olur. Burada Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, milli təhlükəsizliyin təmin edilməsində yeri və rolu, milli maraqlar və mənafelərinin prioritet istiqamətləri və s. elmi-nəzəri cəhətdən təhlilini tapır.  Milli təhlükəsizliyin formalaşmasında milli dəyərlər, milli mənafelər və milli məqsədlərin həlledici roluna diqqət çəkən müəllif bu məsələlərin hər birinin komponentləri üzərində geniş dayanaraq belə bir doğru nəticəyə gəlir ki: “Yalnız milli mənafelər nəzərə alınmaqla dövlətin uzunmüddətli siyasi xəttini formalaşdırmaq, onun siyasətini müəyyənləşdirmək olar”.

Dərsliyin sonuncu “Aparıcı ölkələrin milli təhlükəsizlik siyasəti” fəslində Amerika, Fransa, Yaponiya, Almaniya, Çin, Rusiya, Ukrayna, Türkiyə kimi ölkələrin milli təhlükəsizlik konsepsiyaları və onların mahiyyəti təhlil edilir. Bu ölkələrin milli təhlükəsizlik konsepsiyalarının kompleks təhlili oxucuya imkan verir ki, müasir dövrdə onların xüsusiyyətlərini, oxşar və fərqli cəhətlərini müqayisə etsin, dünyada gedən proseslərdə problemə yanaşma doktrinasının müxtəlifliyini dəyərləndirə bilsin.

Dosent Cəlil Xəlilovun “Milli təhlükəsizlik strategiyası” dərsliyinə “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nın əlavə edilməsi oxucuya konsepsiyanın bütün istiqamətləri, prioritetləri ilə tanış olmaq imkanı verir. Konsepsiyada Azərbaycan Respublikasının təhlükəsizlik mühiti, milli maraqları, milli təhlükəsizliyinə təhdidlər, onun müstəqilliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi, demokratiyanın möhkəmləndirilməsi, milli və dini tolerantlıq mühitinin qorunması, elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması, iqtisadi və sosial inkişaf, informasiya təhlükəsizliyi siyasəti  və s. məsələlərlə bağlı normativlər də yer alır.

Ümumiyyətlə, deyə bilərik ki, dosent C.Xəlilovun “Milli təhlükəsizlik strategiyası” kitabı həm dərslik, həm də bir araşdırma olmaq etibarilə bu sahədə olan boşluğu tamamilə doldurur. Vaxtilə milli təhlükəsizlik strukturlarında çalışmış siyasi elmlər üzrə fəlsəfə doktorunun bu əsərində zəngin təcrübəsi ilə nəzəri biliyinin vəhdəti aydın görünür.   Müqayisəli təhlil, elmi ümumiləşdirmələrlə zəngin olan, müəyyən elmi struktura və məzmuna malik dərslik-monoqrafiyada dünyanın aparıcı dövlətlərinin, eləcə də Azərbaycanın milli təhlükəsizlik siyasətinin və beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemlərinin müqayisəli təhlilinin verilməsi tədqiqatçılar üçün də böyük maraq doğurur. Araşdırma zamanı zəngin nəzəri ədəbiyyatlardan istifadə olunması müəllifin problemi beynəlxalq standartlara uyğun olaraq tədqiq etməsini şərtləndirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilovun “Milli təhlükəsizlik starategiyası” dərslik-monoqrafiyası onu deməyə əsas verir ki, müstəqillik dövründə Azərbaycanın milli strategiyası gündən-günə formalaşdığı kimi, onun haqqında da dəyərli tədqiqatlar, əsərlər və dərsliklər yazılmaqdadır. Müasir dövlət təhsil standartlarına uyğun olaraq yazılmış bu dərslik-monoqrafiya inanırıq ki, ali məktəblərin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri, magistrləri və doktorantları, eləcə də tədqiqatçılar üçün də zəngin mənbə olacaq.

 





26.09.2016    çap et  çap et