525.Az

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin yeni filialı - Fotoreportaj


 

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin yeni filialı - <b style="color:red">Fotoreportaj</b>

Ötən şənbə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin yeni filialı açılıb.

Tədbiri giriş sözü ilə açan "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova bildirib ki, rəhbərlik etdiyi mərkəz iki ildən artıqdır fəaliyyət göstərir: "2014-cü ilin mart ayında Bakının Nərimanov rayonunda fəaliyyətə başlayan mərkəz ilk mərhələdə nitqində qüsur olan uşaqlara xidmət göstərirdi. İndi isə biz üç istiqamətdə çalışırıq. Psixoloji, loqopedik və maarifləndirmə  istiqamətində gördüyümüz işlər artıq öz real nəticələrini göstərir. Kiçik bir kollektivlə az vaxtda müsbət nəticələr qazandıqca, doğru yolda olduğumuza daha çox inanırıq. Hazırda "Loqos"un Bakıda üç, Gəncədə bir filialı əhaliyə psixoloji və loqopedik xidmət göstərir".

T.Məmmədova mərkəzdə kifayət qədər iş təcrübəsinə malik peşəkar mütəxəssislərin çalışdığını bildirib: "Mərkəzimiz bütün yaş qrupları üzrə yüksək səviyyədə xidmət göstərmək üçün müasir texnologiyadan faydalanır, dünya təcrübəsinin ən etibarlı nümunələrini tətbiq etməklə yanaşı, həm də təcrübə bazası kimi formalaşır. Geniş miqyaslı psixoloji maarifləndirmə işi mərkəzin əsas prioritetlərindəndir. Kimliyindən asılı olmayaraq qapımızı ümidlə döyən və bizdən sevinə-sevinə ayrılan hər kəs bizim uğurumuzdur".

Daha sonra  söz alan yazıçı-publisist Rəhilə Gülgün mərkəz haqqında öz fikirlərini bölüşüb: "Bu gün insanlar bir çox problemlərlə rastlaşır. Dünyada baş verən müharibələr , terror aktları, iqtisadi böhranlar, təbii fəlakətlər, informasiya yükü yer kürəsinin hər yerində insanlarda psixoloji gərginliklər yaradır. Artıq bir çox xəstəliklərin kökündə psixoloji amillərin dayandığı elmi cəhətdən də sübut olunub. Psixologiya Azərbaycanda yeni sahədir. Əhalinin çox hissəsi psixoloji müdaxilənin təsirindən xəbərsizdir. Bu istiqamətdə geniş maarifləndirmə işləri aparılmalıdır. Bakıda və böyük şəhərlərdə psixoloji və loqoped xidməti göstərən mərkəzlərin açılması müsbət haldır. "Loqos" da belə mərkəzlərdəndir. Mərkəzin uğurları hər kəsə məlumdur. Əməkdaşlarımız bir ailə kimi toplanaraq bizə müraciət edən insanlara lazımi yardımı göstərib onları burdan sevinclə yola salırıq".

Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva "Loqos"un fəaliyyəti haqqında danışarkən bildirdi ki,  mərkəzin əsas prioritetlərindən biri maarifləndirmədir. Bu istiqamətdə bir çox layihələr həyata keçirilir: "Bölgələrdə maarifləndirici konfrans, seminar və treninqlər keçirilir, yerlərdə insanlara təmənnasız psixoloji xidmət göstərilir. "Loqos"un Gəncə filialı həm şəhər əhalisinə, həm də ətraf bölgələrdən müraciət edənlərə yüksək səviyyədə xidmət göstərir".

Tədbir zamanı o da qeyd edilib ki, yeni filialda əhaliyə bütün yaş qrupları üzrə psixoloji, psixopedoqoji, loqopedik xidmətlər göstərilməklə yanaşı, maarifləndirici layihələr də həyata keçiriləcək, psixoloji müayinələr peşəkar mütəxəssislər tərəfindən aparılacaq. Bundan əlavə, “Autizm” idman klubu öz işini burada da davam etdirəcək, müalicəvi idman və massaj xidməti göstəriləcək, sağlam uşaqlarla bərabər psixoloji problemləri olan uşaqlar üçün də məktəbə hazırlıq kursu təşkil olunacaq. "Loqos" un məqsədi insanların sağlamlığına və vətəndaş cəmiyyətinin inkişafına xidmətdir.

Samirə QULİYEVA

 





26.09.2016    çap et  çap et