525.Az

Böyük yolun zəfər zəngləri - İkinci məqalə


 

MİLLİ RUHUMUZUN MÖHTƏŞƏM MƏKANI

Böyük yolun zəfər zəngləri - <b style="color:red">İkinci məqalə</b>

Azərbaycan Televiziyası haqqında ən böyük, tarixi sözü ulu öndər, ümummilli liderimiz Heydər Əliyev deyib: “Azərbaycan Milli Televiziyası Azərbaycan xalqının milli sərvətidir”. Bu cismən sadə, ruhən möhtəşəm cümlədə Azərbaycan Televiziyasının bütöv fəlsəfəsi, məqsəd və məram həqiqətləri, strateji dayaq, dirəniş və tale hədəfləri ehtiva olunub. 

Əvvəla, bu, Azərbaycan MİLLİ TELEVİZİYASIDIR, Sovet sisteminin “formaca milli, məzmunca sosialist” şüar-tələblərinə baxmayaraq, on illər boyu məhz daha çox milli həqiqətləri gündəmə gətirdi, unudulmağa qoymadı;  strateji hədəflər baxımından Azərbaycan dili ilə, milli-mənəvi dəyərlərlə qol-boyun, canbirqəlb olaraq, məhz ANTİ-ASSİMİLYASİYA gücü, dirənişi göstərdi, Sovet kütlələrinin Staxanovçu əzələ, sosial yarış meydanı yox, xalqın RUH EKRANI, milli mənəviyyat güzgüsü oldu.  Azərbaycan Televiziyası Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, poeziya və musiqimizin, rəssamlıq və heykəltəraşlığımızın... canlı tribunası, milli sənət və sənətkarlığımızın ümumxalq saxlanc xəzinəsi, mücadilə meydanı oldu. Azərbaycan Televiziyası məhz MİLLİ TELEVİZİYA olduğu üçün MİLLİ SƏRVƏT ola bildi.    Azərbaycan Televiziyasının ən yaxşı verilişləri, film və tamaşaları məhz Azərbaycan milli ruhunun tarixi-müasir səfərbərliyinə, canlı yaşam fəlsəfəsinə xidmət etdi.   Bu haqda bir qədər sonra, indilikdə isə hələ yolun əvvəli idi...

Azərbaycan televiziyası dövrün tələb və təkliflərinə uyğun olaraq, ildırım sürətiylə inkişaf edirdi.  Müntəzəm yayıma başladığı qısa müddətdə, tədqiqatçılar qeyd edirlər ki, (Yeri gəlmişkən deyim ki, Azərbaycan Teleradiosunun tarixindən yazan müxtəlif müəlliflərin tədqiqat əsərlərindən bu silsilə yazıda istifadə olunub və buna görə onların hamısına minnətdarlığımı bildirirəm. - S.E.) 1956-cı ilin avqustunadək təkcə Bakıda altı min televizor qeydə alınmışdı.   Bu, o dövr üçün çox böyük rəqəm idi.  Lakin texniki imkanlar hələ kütləvi tələbatdan geri qalırdı.   İlk dövrlərdə telemərkəzdə cəmi bir studiya kamerası işləyirdi.   Kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoverilişi zalında da kamera vardı.  Studiya cəmisi 30 kvadratmetrlik iki otaqdan ibarət idi.   Yarıya bölünmüş bu otaqların birində kinoaparatlar yerləşir, digərindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi.   İlk illərdə efirə çıxan “Azərbaycan bəstəkarlarının portretləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan ədəbiyyatının klassikləri”, “Görkəmli səhnə ustaları”, “Lenin mükafatı laureatları”, “Bizim qonaqlarımız” və başqa verilişlər daha populyar idi.

Bu məqamda Azərbaycan Televiziyasının ilk bünövrə daşlarını qoyanlardan, ilk yol açanlarından birini - böyük insan və jurnalist, fədakar ziyalı, milli mətbuat fədaisi Nəsir İmanquliyevi minnətdarlıqla yada salmağı özümə borc bilirəm. O, bir müddət Mərkəzi Komitədə şöbə müdiri, Radioinformasiya idarəsində rəis, Televiziya və Radio Verilişləri Komitəsində sədr müavini, daha sonra, özü yaratdığı “Bakı” və “Baku” qəzetlərində otuz ildən artıq baş redaktor olmuşdur.   Azərbaycan Televiziyasının və Radiosunun böyük uğurlar yolunda, əzəmətli ZƏFƏR ZƏNGLƏRİNDƏ unudulmaz Nəsir İmanquliyevin özünəməxsus rolu, tarixi xidmətləri vardır.  O, Azərbaycan Televiziyasının ilk illərindən elə bir forma seçdi, Azərbaycanın zəngin milli mədəniyyətinin elmi-publisistik tədqiqi, təbliği olduğu kimi təqdimi baxımından elə taktiki-strateji modellər, yollar müəyyənləşdirdi ki, bu, sonrakı on illər boyu bol bəhrəsini verdi.  O,cəsarətlə demək olar ki, Azərbaycan Televiziyasında qazanılan davamlı, çoxsaylı, silsilə uğurların ideya müəlliflərindən idi...

1957-ci ildə Azərbaycan televiziyasının həyatında taleyüklü hadisə baş verdi;  aprel ayından etibarən həftəlik proqramlar çap olunmağa başladı.   Bir neçə ay sonra - 1957-ci ilin oktyabrında isə Mədəniyyət Nazirliyinin tabeliyindən ayrılan televiziya studiyası Radioinformasiya idarəsi ilə birləşərək yeni qurumda təmsil olundu.  Respublika Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi adlanan bu yeni quruma istedadlı şair-publisist, görkəmli ictimai xadim Teymur Əliyevin sədr təyin edilməsi Azərbaycan televiziyası və radiosunun sonrakı taleyində həlledici rol oynadı. 

O, yüksək intellektual səviyyəsi, xalqımızın qədim mədəniyyətinə dərindən bələdçiliyi ilə seçilən, öz dövrünə görə müasir bədii-estetik zövqü, ciddi təşkilatçılıq qabiliyyəti olan işıqlı bir ziyalı, istedadlı şair idi.  Təsadüfi deyil ki, Azərbaycan Televiziyası və Radiosu tarixindən söz düşəndə ilkin xatırlananlardan, xatirəsi həmişə nurlu bir təbəssüm, könül xoşluğu doğuranlardan biri, adətən, Teymur Əliyev olur.

Şairliyi də vardı; Teymur Elçin imzasıyla yazdığı, xalqa təqdim etdiyi çoxsaylı şeir kitabları Azərbaycan uşaq ədəbiyyatının yeni bədii-estetik keyfiyyətlərlə zənginləşməsində mühüm rol oynayıb.  Onun təqdim etdiyi uşaq poeziyası milli-mənəvi müəyyənliyi, məqsəd,məqam aydınlığı, ciddi vətənpərvərlik mövqeyi, əsl vətəndaşlıq ruhu ilə seçilir.

Teymur Əliyev - Teymur Elçin Azərbaycan Televiziyası və Radiosu tarixində sanki sədrlik vəzifəsinin statusunu, miqyaslarını müəyyənləşdirdi, milli mədəniyyətimizə,bütövlükdə Azərbaycan xalqına həqiqi, halal xidmət nümunəsi göstərdi, sadəliyi, saflığı, münasibət adamı olmaması,prinsipial peşəkarlığı, ciddiliyi,eyni zamanda, yaradıcı humanizmi,bir sözlə, “Əsl sədr necə olmalıdır?”  sualına bütöv fəaliyyəti, CANLI CAVABI ilə özündən sonra gələnlərə layiqli ÖRNƏK OLDU.  O, necə işləməməyin yox, məhz necə işləməyin düz-doğru yollarını göstərdi. Və o yollardan on illər boyu ciddi yaradıcılıq uğurlarının, ZƏFƏR ZƏNGLƏRİNİN səsi gəldi...

1957-ci ildə Azərbaycan televiziyasının həyatında daha bir əlamətdar hadisə baş verdi:  səyyar televiziya stansiyası işə salındı. Bu, studiyadankənar verilişlər hazırlanmasına imkan yaratdı.  İlk sınaq verilişi 1957-ci il iyunun 9-da respublika stadionundan futbol oyununun translyasiya edilməsi oldu.  Azərbaycan teleməkanında bu ilk futbol reportajının rejissoru Kamil Rüstəmbəyov, operatorlar Pircan Cəbiyev, Aleksandr Çeçikov, aparıcı telejurnalist isə Valid Sənani idi.

İlk vaxtlar sınaq xarakteri daşıyan, həftədə iki dəfə, təxminən, iki saat ərzində efirə çıxan hazır verilişlər aylar ötdükcə əhatə dairəsini genişləndirirdi. 1956-cı ilin mart-aprel aylarından etibarən studiyadan canlı konsertlər, əmək qabaqcıllarının çıxışları təqdim olunmağa başladı.  Həmin ilin mayından ekranda ilk diktorların müntəzəm görünməsi televiziyanı tamaşaçılara daha da yaxınlaşdırdı. Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Cənizadə, Sara Manafova, Sima Xasıyeva, Nizami Məmmədov və başqalarından ibarət ilk diktorlar nəsli Azərbaycan televiziyasının tarixi yolunda həmişə hörmətlə xatırlanıb.

1956-cı il, iyun... Həmin isti yay günü Azərbaycan televiziyasında tarixi bir hadisə baş verdi. Nəriman Nərimanovun “Şamdan bəy” adlı əsəri əsasında rejissor Rauf Kazımovskinin quruluş verdiyi ilk teletamaşa canlı olaraq tamaşaçılara təqdim edildi. Tamaşanın quruluşçu operatoru Pircan Cəbiyev, quruluşçu rəssamı Habil Kazımov idi. Şamdan bəy rolunu görkəmli aktyor Həsənağa Salayev oynayırdı.  Milli televiziya tariximizə həsr olunan tədqiqatlar, çoxsaylı xatirələr təsdiq edir ki, bu ilk televiziya tamaşası geniş əks-sədaya səbəb olmuşdu. Bir qədər sonra ssenari müəllifi Məhərrəm Əlizadə, quruluşçu rejissoru Ağəli Dadaşov olan “Sən gözəlsən” adlı ikinci televiziya tamaşası göstərildi. Beləliklə, Azərbaycan televiziya məkanında sonralar böyük uğurlar qazanacaq teleteatr məktəbinin əsası qoyuldu.

1926-cı ilin 6 noyabrında yaranan Azərbaycan radiosu, otuz il sonra, 1956-cı ilin 14 fevralında dünyaya göz açan Azərbaycan televiziyası daim bir yerdə oldu, qoşa addımladı. Bəzən qara küləklər də əsdi, təzyiq, repressiya burulğanlarına da düşdü, bəzən yad qüvvələr əlində təbliğat, təşviqat vasitəsinə də döndü;  lakin bütövlükdə həmişə xalqın, vətənin mövqeyində dayandı, xalqın, vətənin xoşbəxtliyi naminə çalışdı, Azərbaycana şərəflə xidmət etdi Azərbaycan televiziyası və radiosu.

Bu yerdə yenə tarixi ekskursa ehtiyac duyuram.

“Tele” yunanca uzaq, “viziya” latınca görmə deməkdir, yəni “televiziya” uzaqgörmə mənasına gəlir.  Televiziyanın mənəvi sələfi olan, ondan xeyli əvvəl dünyaya gələn radio isə latınca “radis” sözündən götürülüb, şüalandırıram, şüa buraxıram deməkdir. Uzaqgörənlik və şüa-şüa işıqlandırma - bunlar televiziya və radionun tale qismətləridir.  1878-ci ildə Portuqaliya alimi Rayva təsviri elementlərin ardıcıl elektrik sıqnallarına çevrilərək ötürülməsi prinsipini təklif edəndə necə böyük, dünyəvi bir işin əsasını qoyduğunu bəlkə də düşünmürdü.  1895-ci ildə rus alimi Popov radionu ixtira edəndə də yəqin düşünmürdü ki, vaxt gələcək bütün Yer planeti çeşid-çeşid radiodalğaların toruna düşəcək.

Bu gün radio və televiziya dünyanın ən kütləvi informasiya vasitələri sistemidir.

Azərbaycan televiziyasının tarixində 1960-80-ci illər xüsusi bir dövr kimi qiymətləndirilir. Teletexnologiyanın inkişafı, televiziya strukturunun və telepublisistikanın formalaşması, forma və məzmunca müxtəlif verilişlərin say və sanbalının artması, idarəetmə işinin təkmilləşməsi bu dövrün əsas xarakterik cəhətləri idi.   Həqiqət naminə demək lazımdır ki, “Sovet televiziyasını daha da inkişaf etdirmək haqqında” 29 yanvar 1960-cı il tarixli qərar bütün SSRİ-də olduğu kimi Azərbaycanda da televiziyanın inkişafına real təsir göstərmiş, səfərbəredici rol oynamışdır. Həmin tarixi sənəddə deyilirdi ki, televiziya “ölkədə və xaricdə baş verənlər haqqında, sənayenin, kənd təsərrüfatının, elm, texnika, incəsənət, ədəbiyyat və idmanın nailiyyətləri haqqında əhaliyə məlumat verməyin başlıca üsullarından birinə çevrilmişdir”.

Beləliklə, 1960-cı ildən Azərbaycan televiziyasında ciddi kəmiyyət və keyfiyyət yüksəlişi hiss olunmağa başladı. Daimi aparıcıları olan ictimai-siyasi, bədii-publisistik verilişlər, xəbər bülletenləri sabit efir vaxtı qazanır, rejissor və telejurnalistlər müxtəlif sahələr üzrə ixtisaslaşırdılar.   Azərbaycan televiziyası “Günün yenilikləri” adlı ilk xəbərlər buraxılışını 1960-cı ildə reallaşdırdı. Həmin ilin aprelindən başlayaraq bu informasiya buraxılışı “Son xəbərlər” adı ilə, həftədə beş dəfə efirə çıxırdı. 1962-ci ildə Azərbaycan televiziyasının gündəlik efir həcmi 7 saata çatmışdı.

1962-ci ilin ilk ayında Naxçıvan Muxtar Respublikasında televiziya stansiyası istifadəyə verildi. Bu stansiya həm Bakıdan yayımlanan proqramları, həm də 1963-cü il martın 12-də müntəzəm verilişlərə başlayan Naxçıvan studiyasının proqramlarını yerli əhaliyə çatdırmaqda mühüm rol oynadı.  Bir qədər sonra - 1964-cü il yanvarın 31-də Bakı-Moskva teleradio xəttinin işə düşməsi ilə Azərbaycanda Mərkəzi televiziya proqramlarına kütləvi şəkildə baxmaq imkanı reallaşdı.   Eyni zamanda bu xətt Mərkəzi televiziya vasitəsi ilə “İntervidenie” və “Evrovidenie”nin verilişlərinə baxmağa şərait yaratdı.  Bütün bunlar isə Azərbaycan teleməkanında rəqabət ovqatı yaradır, maddi-texniki, mənəvi-intellektual təkmilləşməyə, yeni-yeni yaradıcılıq axtarışlarına,  keyfiyyət yüksəlişinə təkan verirdi.

Ötən əsrin 60-cı illərindən Azərbaycan teleradiosu ictimai-siyasi ovqat, eləcə də maddi-texniki, mənəvi-intellektual baxımdan yeni bir dövrə qədəm qoymuşdu. Sovet cəmiyyətində soyuq, qarlı qışdan sonra buzun əriməsini xatırladan bir boşalma, nisbi yumşalma hiss olunurdu.  Bu, Azərbaycan televiziyasının həyatına, yaradıcılıq axtarışlarına da təsirsiz qalmamışdı. Mədəniyyətin, ədəbiyyat və incəsənətin əksər sahələrində milli-mənəvi dəyərlərə söykənən yenilikçi, novator meyllər baş qaldırır, xalqın keçmişinə, adət-ənənələrinə cəsarətli bir qayıdış başlayırdı.  Ötən əsrin 60-cı illərində Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsində başlayan təmizlənmə, milli saflaşma siyasəti “Gülüstan” poemasını yazan Bəxtiyar Vahabzadənin, “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram” deyən Xəlil Rzanın, neçə-neçə başqalarının milli ruhlu yaradıcılığının təbliğinə şərait yaradırdı.  1967-ci ildə Bakıda keçirilən, Azərbaycan televiziyası vasitəsilə bütün xalqa göstərilən Novruz şənlikləri də əslində, DTK-nın, onun milli mövqeli rəhbəri general Heydər Əliyevin yaratdığı həmin münbit şəraitin, aşkar-gizli dəstəyin, qoruyucu himayədarlığın nəticəsi idi.

Azərbaycan televiziyası xalqın ruhi, milli-mənəvi səfərbərliyində misilsiz rol oynayan Novruz şənliklərinin, eləcə də istiqlalçı təfəkkürlə yoğrulan bir sıra uğurlu sənət əsərlərinin təqdim və təbliğində cəsarətli söz deyirdi.  “Odlar diyarı”, “Zaman və biz”, “Yaddaş”, “Tarixin səsi” kimi yeni ruhlu daimi televerilişlər, “Arı”, “Bulaq”, “Ulduz”, “Axşam görüşləri”, “Natəvan: qızlar klubu” kimi yaddaqalan radio proqramları, “Bakı qalası”, “Üzeyir Hacıbəyov”, “Xalq nəğməkarı”, “Toy”, “Aktrisanın təbəssümü”, “Müşfiq” kimi milli mövqeli, çoxsaylı sənədli filmlər, indii qızıl fondumuzu bəzəyən, bütöv silsilə təşkil edən uğurlu televiziya tamaşaları həmin dövrdə Azərbaycan televiziyasının məqsədyönlü, fədakar fəaliyyətindən, əsl sənət zirvələri fəth etməsindən xəbər verir.

“Topal Teymur”, “Günahsız Abdulla”, “Astana”, “Mehmanxana sahibəsi”, “Atayevlər ailəsi”, “Məhəbbət macərası”, “Səni axtarıram”, “Ağ atlar üçün vals”, “Köhnə dəbli komediya”, “Ordan-burdan”, “Anamın kitabı”, “Qatarda”, “Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, “Nigarançılıq”, “Yaşıl eynəkli adam”,  “Kökdən düşmüş piano”, “Fatehlərin divanı”,  “Dədə Qorqud oğuznamələri”, “Yarımştat”, “Sən həmişə mənimləsən”, “Gəl qohum olaq”, “Gəlinlər”, “Gülüş sanatoriyası”, “Bala - başa bəla”, “Sabiqlər”, “Tənha durna uçuşu”...

Bunlar Azərbaycan televiziyasında hazırlanan və indi qızıl fondda qorunub saxlanan teletamaşaların kiçik bir hissəsidir.  Milli radiomuzda hazırlanan, on illər boyu nəsil-nəsil insanları sevindirən, düşündürən, heyrətləndirən radiotamaşaların sayı bundan da çoxdur.  Yüzlərlə, minlərlə sənədli və bədii televiziya filmlərini, teleradionun əsas fondlarında saxlanan minlərlə, on minlərlə uğurlu verilişləri də bura əlavə etsək əzəmətli, möhtəşəm bir mənzərə yaranar.  Bu, Azərbaycan teleradiosunun Azərbaycan xalqına bəxş etdiyi misilsiz mənəviyyat, mədəniyyət xəzinəsidir...

 





26.09.2016    çap et  çap et