525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

I cild (noyabr 1918 - aprel 1920)

(Əvvəli ötən şənbə sayımızda)

Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas 

Səşənbə günü şubatın 4-də Azərbaycan Məclisi-Məbusanının 10-cu iclası təyin edilmişdi.

Saat bir tamamda doktor Ağayev iclası açaraq ruznameyi-müzakiratı bu qərar ilə təzkar ediyor:

1- Daxil olan kağızlar

2- Məsai nazirinə sorğu

3- Xariciyyə nazirinə sorğu

4- Topraq və sorğu komisyonları intixabı.

5- Dəmir yol qulluqçularının halını yaxşılaşdırmaq üçün qanun layihəsi

6- Ticarət nazirinə, bez, neft və buğda barəsində sorğu.

Ruznameyi-müzakirat qəbul olunur. 

Dağıstan parlamanının cavabı 

Sədr - Azərbaycan Məclisi-Məbusanı tərəfindən Dağıstan parlamanına göndərmiş olduğumuz teleqrafa böylə bir cavabı teleqraf alınmışdır:

“Qafqasiya Cəbaliyyun İttihadı” Cümhuriyyətinin müttəhid şurası qardaşımız azərbaycanlılar parlamanının təbrikini gurultulu alqışla qarşılayaraq, bənə tapşırmışdır dağıstanlıların tarixi bir günü, yaxın zamanda xülya kibi görülüb də şimdi arzularının həqiqət olaraq meydana gəlməsinə nail olmaları münasibətilə təbrikinizə qarşı dərin və ən səmimülqəlb təşəkkür edəyim. Dağıstanlılar inanıyorlar ki, ruh, din, mədəniyyət və tarix saiqələri mərbut olan bu iki millət ən yaxın bir zamanda ən gözəl və xeyirxahanə əsaslar üzərinə birləşər və ümumi qüvvə və kəndi həyatlarını inqilab fütuhatı olan hürriyyət və Azərbaycan və dağıstanlılar cəmiyyəti istiqlallarının möhkəmləşməsi yoluna sövq edərlər. Allah bu işdə bizə kömək eləsin.

Qafqasiya Cəbəliyyun İttihadı Şurası sədri Teymurxanov 

Xırda kağızlar 

Sonra sədr diyor:

Ukrayna Radası tərəfindən Vasili Mixayloviç məbus seçilmişdir. Etiraz yoxsa, etibarnamə komisyonuna verək.

Bundan əlavə seminariya müdiri Firudin bəy Köçərli və ədliyyə naziri müaivini Teymur bəy Makinski öz xidmətlərində baqi qalaraq məbusluqdan istefa veriyorlar. Rus-slav cəmiyyəti məbusu polkovnik Ollinfron, Abdulla Qəbulzadə, Bəhram bəy Vəzirov, Bayram Niyazi Kiçikxanov, Əli bəy Zizikski, Hacı Hüseyn Əfəndizadə və Rəşid bəy Axundzadə hökumət qulluğundan istefa verərək məbusluğu qəbul ediyorlar. Bir neçələri də var ki, hələ xəbər verməmişlərdir. O cümlədən, Gəncə qubernatoru İbrahim ağa Vəkilov, Bakı qubernatoru Müseyib Axicanov, doktor Cəmil bəy Lənbəranski, Əli ağa Həsənov, Sadiq bəy Ağabəyov, Məhəmməd Yusif Cəfərov, Həmid bəy Şaxtaxtinski, bunlar ədəmi-ictima qanununa görə parlamandan xaric ədd olunurlar.

Əhməd Cövdət bəy və Cəmo bəy Hacınski təklif ediyorlar ki, Məhəmməd Yusif Cəfərov ilə İbrahim ağa Vəkilovun möhlətləri qurtarmamış olduğundan onlar xaric hesab edilməsinlər, yerdə qalanları xaric olsunlar.

Təklif qəbula keçiyor.

Sədr - Bundan maəda Ağazeynal Tağıyev bir ay və Qara bəy Əliverdiyev üç həftə məzuniyyət istiyorlar.

Əhməd Cövdət - Əgər bunların getməsi parlaman fəaliyyətinə xələl vermiyəcəginə sədr cənabları söz versələr ərizələri qəbul olunar. İsbati-vücud etməyənlər parlamana qayıdanadək məzuniyyət verilməsin.

Şəfi bəy - Qabaqca məzuniyyət alanlar hələ qayıtmamışlardır. Fraksiyamızın zənnincə onlar qayıdanadək heç kəsə məzuniyyət verməməlidir. Bir də bəzi məbusların etibarnaməsi düz olmadığından islahı üçün üç həftə möhlət verilmişdi. Şimdi möhlət bitmək üzrədir, amma etibarnamələr islah edilməmişlərdir. Binaənileyh bu dəxi nəzərə alınarsa qorxuram məzuniyyət qəbul edilsə kvorum olmasın. Ona görə təklif ediyoram məzuniyyət verilməsin.

Səsə qonulduqda ərizələr qəbul edilmiyor. 

Sorğular

Katib - Tağıyev fabrikasından qovulmuş müsəlman fəhlələri həqqində sosialistlər fraksiyonu tərəfindən məsai nazirinə xitabən verilmiş sorğuyu oxuyur:

Əhməd Cövdət - Bu sorğu keçən iclasda oxunmuşdu, müdafiə də edilmişdi. Şimdi isə sorğu gücdən düşmüşdür. Çünki qovulan əmələ geri qəbul edilmişlərdir.

Bundan sonra Azərbaycan ilə Ermənistan arasında siyasi əlaqə peydası və siyasi nümayəndə təyini həqqində yenə sosialistlər tərəfindən xariciyyə nazirinə xitabən verilmiş sorğu elam ediliyor.

Əhməd Cövdət - Bu sorğu da gücdən düşmüşdür. Çünki artıq Ermənistana siyasi nümayəndə təyin edilmişdir.

Ədil xan Ziyadxanov - (Xariciyyə naziri müavini) türkcə yaxşı danışa bilmədigindən üzv istəyərək diyor ki:

Xariciyyə nəzarəti həmişə Ermənistan ilə siyasi münasibat peyda etmək fikrində olmuşdur. Müsəlmanlar ilə ermənilər miyanındakı bunca nalayiq işlər və kəşməkeşlər bizi vadar ediyordu hamıdan əvvəl Ermənistan ilə münasibati-siyasiyyə peydasına çalışaq. Hökumət bu əmrə böyük əhəmiyyət veriyor. Çünki burada Ermənistanın və Ermənistanda Azərbaycanın siyasi nümayəndəsi olsa böylə fənalıqlar rəf edilər. Bir də Ermənistan ilə bizim aramızda ixtilaflı ərazi məsələsi var. Əlaqə peydası ərazi məsələsinin də hüsni-həllinə bais olar. Buna görədir ki, əlaqeyi-siyasiyyə məsələsində hökumət bir an qafil olmamışdır. Fəqət bəzi məsələlər var ki, sizə məlum degildir.

Bu barədə bən sizə bir qədər məlumat vermək istiyorum.

1918 sənəsi oktyabrının 9-da 84 nömrəli teleqraf ilə xariciyyə nəzarəti Gürcüstan hökuməti nəzdindəki siyasi nümayəndəmiz Cəfərova təklif etmişdi ki, Ermənistan hökuməti nəzdində siyasi nümayəndəlik vəzifəsini qəbul etmək həqqində Məhəmmədrza ağa Vəkilov cənabları ilə müzakiratda bulunsun. İkinci dəfə oktyabrın 22-də Cəfərova teleqraf çəkilmişdir ki, bu xüsusda Vəkilov ilə təkrar müzakirata girişsin. Cəfərov cavab vermişdir ki, Məhəmmədrza ağa Tiflisdə olmadığından razılığını ala bilməmişdir. Noyabrın 5-də 243 nömrəli məktub ilə yenə Cəfərova təklif edilmişdi Ermənistan hökumətinə müraciətlə Məhəmməd xan Təkinskinin Azərbaycan siyasi nümayəndəliginə erməni hökumətinin razı olub-olmadığını sual etsin. Yanvarın 29-da 178 nömrəli məktub ilə cavab aldıq ki, Təkinski cənablarının təyin edilməsinə erməni hökumətinin tərəfindən heç bir məmaniət görülmüyor. Haman gün hökumət Məhəmməd xanı təyin etmiş, lazım olan vəsiqələri hazırlamış və orada dəstgahını qurmaq üçün 30 min manat pul təxsis etmişdir. Münasibat peydasının təxirə düşməsinin bir səbəbi də bu olubdur ki, Ermənistan hökuməti Azərbaycan nümayəndəliginə bəzi namizədlər göstərmiş, amma biz qəbul etməmişik.

Qarabəyli Qara bəy - Xariciyyə nəzarətinin bəyanatından qənaət hasil olmuyor. Hamıya məlumdur ki, hökumət ilə bizim aramızda bir çox müşkül məsələlər var, iki teleqraf ilə həll edilməzlər. Ona görə böylə böyük məsələdə iki teleqrafa qənaət edib oturmaq olmaz. Böyük məsələlərdə böylə təşəbbüslər azdır. Aramızda olan fəna halların önü bununla alınmaz. Ermənistan ilə siyasi münasibatı çoxdan təmin etməli idi. Fəqət şimdi yenə də edilməmişdir. Nazir əfəndinin bəyanatından da burası aşkarən görülüyor. Bən nəzarətin bu bəyanatını kafi ədd etmiyoram.

Fətəli xan Xoyski - Hər sözü höccələsən biməna olar. Hərçənd biz türkcə yaxşı bilmiyoruq, amma burada türkcə denildi ki, biz Ermənistana nümayəndə təyin etmək istəmişik, amma o hökumət cavab verməmişdir. Təkrar noyabr ayında müraciət edilmiş, yenə cavab çıxmamışdır. Bir də həzarat bunu bilməlisiniz ki, əcnəbi məmləkətlərə nümayəndə təyin etmək məmləkət daxilində bir məmur təyini kibi degil ki, bir adam göndərəsən qurtara gedə. Hökumətlər arasında qayda böylədir ki, bir məmləkətə siyasi nümayəndə təyin etmək istədikdə, haman məmləkətin hökuməti o şəxsə razı olması lazımdır. Ona görədir ki, bir zatı Ermənistana siyasi nümayəndə təyin qıldıqda erməni hökumətinin rizasını hasil etməli idi. Dəfaətlə müraciət etdik. Daha gedib onların başının üstünə bir adam da qoya bilməzdik ki, tez olun bizə cavab verin. Əlavə bir sözün üstündə durub yüz dəfə təkrar edilə bilməz. Bu hökumətə layiq bir iş degildir.

Bu barədə hökumət heç bir nöqsan buraxmamışdır. Böylə də olmaz ki, biz müqəssirlər kibi əyləşək siz də mümkün olan, olmayan hər məsələ barədə bizə niyə böylə oldu ki, nə üçün öylə olmadı deyə bizi töhmətləndirəsiniz. Hər işdə qüsur mümkündür; amma bu barədə hökumət əsla nöqsan qoymamışdır. Yenə təkrar ediyoram lazımi təşəbbüslər olunmuş, nəyahət yanvarın 29-da müsbət cavab alınaraq hər dürlü tədbirlər görülmüşdür. Bu barədə iki söz ola bilməz.

Dəmiryol qulluqçuları həqqində 

Dəmiryol xidmətçi və əmələlərinin maaşlarının artırılması həqqində hökumət tərəfindən idxal və parlaman komisyonları tərəfindən islah edilmiş layihə oxunuyor. Təriq və məabir naziri Xudadad bəy Məlikaslanov layihəyi müdafiə edərək yollar həqqində şu surətlə bəyanat veriyor:

Məlikaslanov Xudadad bəy (Təriq və məabir naziri) Möhtərəm məbuslar! Siz eşitdiniz o qanun layihəsini ki, hökumət parlamana idxal və parlaman komissiyaları islah etmişlərdir. Hökumət tərəfindən bən bəyan edirəm ki, qanuni komissiyanın dəgişdirdigi kibi qəbula razıyız. Hökumət böylə baxıyordu ki, o fəhlələrin istədikləri çox degildir. Hökumət bahalığı nəzərə alaraq fəhlələrin maaşının artırılmasını lazım görüyordu. Fəqət paramız az olduğundan mümkün olmuyordu. Şimdi təvəqqe ediyorum komissiyanın qətnaməsini qəbul edəsiniz. Dəmiryolu məsələsinə gəlincə, bu barədə bir qədər məlumat vermək istərdim. Dəmiryol barəsində çox söz denilmiş və denilməkdədir. Dəmiryolu ilə gedib-gələnlərə bu işlər hamıdan artıq məlumdur. Ancaq təvəqqe edərdim siz bu məsələyə el (obıvatelğ) nəzərilə degil dövlət nöqteyi-nəzərindən baxasınız. Çünki bir qədər dərindən baxılarsa dəmiryol məsələsi çox müşkül məsələdir. Burada texnika var, ticarət var, sənaət var, xozyaystvo var… bunların həpsini birdən düzəltmək çətindir. Sizə məlumdur dəmiryolu bizim əlimizə nə halda yetişmişdir: yollar dağılmış, mövqiflər darmadağın, qulluqçular qaçmış, vaqonlar, paravozlar xarab olmuş, su kəməri və neft provodu qırılmış... Çox çətinlik ilə çalışıb bir qədər vaqon yola salmışıq ki, sərnişin və yük hərəkatı açılsın, gediş-gəliş olsun və əskəri ehtiyaclar ödənilsin. Yol işlərində çox çalışıb mümkün olan islahatı icra etmişik.

Bunu nəzərə almalısınız ki, stasyonlar dağılıb, su, neft, qulluqçu və sairə olmayan yerdə işlərin həpsini birdən birə görüb bu binaları təmir etmək olmaz. Bilirsiniz ki, dəmiryolu neçə illərdə inşa ediliyor… İxtiyarımıza alınmış 230 paravozdan ancaq doxsanı yarayan olub, yerdə qalanı xarab idi. Deməli paravozun 60 faizi yaramaz idi. Qabaq vəqtlər paravozun 10 faizi xarab olduqda çox hesab edilirdi. Amma bizimki 60 faiz idi. Biz çalışıb 50-yədək paravoz təmir etdik və bu sürətlə 90 yarar paravozun miqdarı 140-a varmışdır. Faiz də 60-dan 40-a düşmüşdür. Texnikayı bilən olsa bilər ki, bu çox işdir. O vəqt biz 3500 vaqon təhvil almışıq ki, bunun da 60 faizi azarlı, adətən vaqonun 3-4 faizi xarab olursa çox hesab edilərdi. Halbu ki, bizdə 60 faizi xarab idi. Çox şeylər tapılmıyor. Vaqon ləvazimatı adətən Rusiyadan alınırdı. İmdi Rusiya ilə əlaqə olmadığından bunları çox çətinlik ilə tapmaq mümkün olmuşdur. Bunun ilə bərabər biz çalışıb 60 faizə çatan vaqonların miqdarını 10-15 faizə yetirmişik. Bundan əlavə Bakı ilə Gəncə arasında 280 ədəd sərnişin vaqonu əlimizə keçmiş idi. Bunun da ancaq 5-6-sı sağ olub 50 faizi azarlı idi. Bunları da çalışıb bir növ islah etmişik ki, 20 faizə çatdırmışıq. Hala bunlar layiqincə təmir etdirilməmişlər. Vaqonlara məxmər çəkilməmiş, bir çox şeyləri əskikdir. Bunun elə belə bir növ düzəltmişik ki, gediş-gəliş mümkün olmuşdur. Dəmiryol nəzarəti yolları bu halda təhvil almışdır.

(Ardı var)

 





26.09.2016    çap et  çap et