525.Az

Hürufilik dini-mistik təlim kimi: yaranması, mənbəyi və mahiyyəti


 

Hürufilik dini-mistik təlim kimi: <b style="color:red">yaranması, mənbəyi və mahiyyəti</b>

Azərbaycan və Yaxın Şərqin tarixində, orta əsrlərdəki mədəni-ictimai həyatında, eləcə də bu məkanın ədəbiyyatında xüsusi yer tutan Hürufilik yarandığı dövrdən etibarən mədəni, ədəbi aləmə və siyasi dairələrə təsir göstərib.

Yayıldığı bölgənin sosial-ictimai vəziyyətini qismən dəyişən hürufilik haqda tədqiqatlar, əslində, düşündüyümüz qədər də çox deyil. Bu səbəbdən hürufiliyi, onun mahiyyətini, yaranıb intişar tapdığı dövrü bir az ətraflı işıqlandırmağa, bu mövzuda dolğun məlumat öyrənməyə ehtiyac duyduq.

Bunun üçün tədqiqatçılarımızdan filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ilə söhbət etdik.  

Fəzlullah Nəimi və yeni təlimin yaranması

Səadət Şıxıyeva hürufiliyin bir təlim kimi heç də təsadüfən meydana çıxmadığını deyir: "Hürufilik 1386-cı ildə Təbrizdə bir təlim olaraq elan edilib. Bu barədə hürufilik  qaynaqlarında, o cümlədən, Fəzlullah Nəiminin xəlifəsi Əliyyül-Əlanın "Kürsinamə" əsərində məlumat verilir. Mən öz tədqiqatlarımda ilkin qaynaqlar əsasında müəyyənləşdirmişəm ki, hürufilik bir təlim kimi heç də təsadüfən və birdən-birə ortaya çıxmayıb.

Bu təlim müəyyən mərhələli proseslərin məhsuludur. Fəzlullah Nəimi hürufiliyin mürşidi olmazdan əvvəl yuxu yozuculuğu ilə şöhrət tapmışdı və hürufiliyin elanından sonra onun ilk ardıcılları da yanına yuxu yozuculuğu üçün gələn insanların arasından seçilib. Bu mənada demək olar ki, insanların bu təlimə meyllənməsində onun kəramətinə inam mühüm rol oynayıb. Nəhayət, yetərincə ardıcıl topladıqdan sonra o, hürufiliyi bəyan edir. Hürufilik İbn Ərəbinin hərf elmindən, eyni zamanda bir sıra müəlliflərə görə, hərf mistisizminə əsaslanan yəhudi kabbalasından qaynaqlanır. Ancaq ümumilikdə Fəzlullahın təlimi həm də orta əsrlərin təsəvvüf fəlsəfəsinə söykənir. Amma o, digərlərindən fərqli olaraq, səs, söz, hərf və saya verilən mənanı daha çox qabardır və bunu bir təlim şəklinə salır. Fəzlullahın təlimi hələ şeyx və təriqət başçısı kimi fəaliyyət göstərdiyi ilk illərdə siyasi xarakterli deyildi.

Zamanla hürufilər ətraflarına daha geniş kütləni cəlb etmək, eləcə də öz düşüncələrini siyasi elitaya qəbul etdirmək istədiklərindən hürufilik də müəyyən mənada siyasi istiqamətə yönəlir. Fəzlullahın özü, bir çox xəlifə və müridləri dövrün siyasi iqtidar sahiblərinə - Əmir Teymur, Miranşah, Sultan Əhməd Cəlayir və Qara Yusifə müraciət edirlər. Onlar Qaraqoyunluların yanında müəyyən imtiyazlar da əldə edirlər. Ancaq təlimin geniş yayılmasından ehtiyat edən, dini düşüncələri pozacağından çəkinən din xadimlərinin təkidi ilə Əmir Teymur təlimi qəbul etmir və  onun sərəncamı ilə Miranşah Fəzlullahı qətlə yetirdir. Halbuki əvvəllər Miranşahın hürufilərlə dostluq münasibətində olması barədə ilkin hürufilik qaynaqlarında məlumat verilir.

Fəzlullah Nəiminin edamından sonra hürufilər mühacirət etdilər, qruplar halında Azərbaycan və İranı tərk edərək, qonşu ölkələrə, əsasən, Türkiyə və Suriya ərazisinə köçdülər və  təlimin təbliğatı ilə məşğul oldular. Sonrakı dövlərdə isə daha böyük coğrafiyada fəaliyyət göstərdilər".

Dilavər Əzimli hürufiliyin yaradıcısı Fəzlullah Nəimini dərin  elmi biliklərə yiyələnmiş görkəmli alim kimi xarakterizə edir:
 
"Künyəsi əl-Hürufi olan Fəzlullah Nəimi Təbrizi - Astrabadi, 1339-1340-cı illərdə Astrabadda doğulub. Adı Əbdürrəhman idi.

Qaynaqlarda onun bir sənətkar olduğu əksini tapıb. Səkkizinci, ya da doqquzuncu qurşaqdan atası Məhəmməd əl-Yəməni idi. Fəzlullah dərin elmə sahib idi. O, nəsr və nəzm əsərlər yazırdı. Gələcəyi görmə qabiliyyəti var idi. Yuxuları yoza bilir və dəqiq məsləhətlər verirdi.

Zamanla o dövrdə mövcud olan şiəliyə yönəldi və on səkkiz yaşında bir sufi mürşidə bağlandı.

Ona görə "o dövrkü şiəlik" deyirəm ki, o zamanın şiəliyi ilə bugünkü İran siyasi şiəliyi arasında böyük fərq vardır. Bunu bütün orta əsr üzrə mənbələr sübut edir. Fəzlullah təsəvvüf yolunda süluk müddəti olan çiləni 1370-71-ci illərdə İsfahanda, otuz iki yaşında tamamlayır. Sonra isə gəzərgi dərvişlər təriqətinə daxil olur. Üç il sonra Məkkəyə gedir. Oradan Xarəzmə gəlir. 1376-da isə Təbrizə qayıdıb, orada üç gün-üç gecə inzivaya çəkilir və ekstaz vəziyyətində olur. Ayıldıqda ona hərflərin sirrinin verildiyini hiss edir.
 
Bir müddət bir mağaraya çəkilir. Yaşlı bir dərvişdən Tanrının təcəlləsi oyanışını alır və dini əqidəsini ortaya qoyduğu böyük əsəri "Cavidannamə"ni bu arada yazır.

Onun Xorasan, İraq və Azərbaycanda moizələr oxuduğu haqqında mənbələrdə məlumatlar var. Lakin onun elminin mərkəzi Bakı şəhəri olub. Ölümündən sonra da Bakı hürufiliyin mərkəzi sayılıb. Hürufiliyin öz içində bir bütünlük qazanmağa başladığı vilayət isə Şirvan idi".

Səadət Şıxıyeva qeyd edir ki, Fəzlullahın məqsədi heç də bilərəkdən kütləni islam dininə yad görünən müəyyən istiqamətlərə yönəltmək  deyildi:
 
"O, söylədiklərinin ilahi həqiqət və Quranın şərhi olduğuna inanırdı. Fəzlullahın təlimi elə onun sağlığında "Quranın təvili" adlanırdı. Fəzlullaha da "sahibi-təvil", "sahibi-təvili-Quran" deyirdilər. Yəni, hürufilik öz mühitində və yaxın çevrələrdə ilahi sirləri açıb ortaya qoyan bir təlim kimi qiymətləndirilirdi".

Dilavər Əzimli Fəzlullah Nəiminin faciəli ölümündən bəhs edərkən deyir:

"Fəzlullah Şamaxıda Qazi Bəyazidin evində qalarkən yaxında öləcəyini xəbər verən bir röya görür və bunu ətrafındakılara deyir. Bununla da Astarabada getmək üçün Şamaxıdan ayrılır. Lakin Miranşahın buyruğu ilə yolda həbs edilir və Naxçıvan vilayətində yerləşən Əlincə qalasına gətirilir. Onu küfrdə suçlayaraq 1394-cü ildə 56 yaşında edam edirlər. Qərarı Miranşah verir. Cəsədini sürükləyərək ətrafda dolaşdırırlar. Sonra müridləri cəsədini alıb dəfn edirlər. Qəbri indi də müqəddəs ziyarətgah sayılır. Nəimi hələ həbsdə olanda "Vəsiyyətnamə"ni qələmə almışdı. Bunlardan biri qızı Məhdumzadəyə xitabən yazılıb, ailəsi, uşaqları və müridləri ilə vidasıdır... Ölümündən sonra "Fəzlullah üçün ağılar" adı ilə, onun şəhadətini anladan əsərlər meydana gəldi. Sonradan müridləri tərəfindən müxtəlif şərhlərlə yayılmış əsərlərində hürufiliyin əsasları ətraflı şəkildə açıqlanmışdır".  

Hürufiliyin Azərbaycan tarixi və mədəniyyətində xüsusi yeri

Səadət Şıxıyeva vurğulayır ki, hürufilik Azərbaycan mədəniyyətinə, xüsusilə, ədəbiyyatımıza ciddi təsir göstərib: "Hürufiliyin bəzi nümayəndələri, xüsusən Nəsimi özündən sonra böyük ədəbi məktəb yaratdı, bir sıra fikirlərini yalnız nəzəri səpkidə deyil, ədəbiyyat və təsəvvüflə sintez edərək sonrakı nəsillərə ötürdü.

(Ardı var)

Müşfiq ŞÜKÜRLÜ

 





27.09.2016    çap et  çap et