525.Az

Azərbaycanda böyük seçki ənənəsi var


 

BU ƏNƏNƏ VƏ MƏDƏNİYYƏT DÜNYANIN AYRI-AYRI ÖLKƏLƏRİ, O CÜMLƏDƏN, "SEÇKİLƏR AZAD, ŞƏFFAF KEÇİRİLMƏDİ" DEYƏN İNSANLARIN ÖZÜ ÜÇÜN NÜMUNƏDİR

Azərbaycanda böyük seçki ənənəsi var<b style="color:red"></b>

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı dünən keçirilən referendum demokratik, şəffaf və seçicilərin yüksək fəallığı şəraitində baş tutdu.

Bütün lazımi texniki avadanlıqlarla təmin edilən seçki məntəqələrində beynəlxalq və yerli müşahidəçilərin prosesi izləməsi üçün yüksək şərait yaradılmışdı.

Səsvermənin gedişində beynəlxalq və yerli müşahidəçilər seçicilərin yüksək fəallığı, referendumun yüksək səviyyədə təşkili, Mərkəzi Seçki Komissiyasının, Seçki İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti barədə müsbət fikirlərini bildirərək, prosesin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinmədiyini xüsusi vurğuladılar.

Müşahidə missiyaları ilkin rəylərində referendumun demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini təsdiqlədilər.

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanov Azərbaycanda referenduma hazırlığın ən yüksək səviyyədə olduğunu, vətəndaşlara səsvermə hüququndan istifadə etmək üçün imkan yaradıldığını bəyan etdi. ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos referendumla bağlı səsvermənin çox yaxşı təşkil edildiyini bildirdi.

Ümumiyyətlə, təkcə müşahidə missiyalarının üzvləri deyil, Fransa, İtaliya, Belçika, Böyük Britaniya və digər ölkələrdən olan müşahidəçilər seçkilərin gedişini yüksək qiymətləndirərək hər hansı ciddi pozuntunun olmadığını vurğuladılar.

Bütün bunlara baxmayaraq xaricdən idarə olunan "5-ci kolon" faktları təhrif etməklə seçkilərin guya saxtalaşdırıldığı barədə ictimai rəy formalaşdırmağa cəhd göstərsələr də, heç bir əsası olmayan qərəzli xəbərlər, dezinformasiyalar yaymağa cəhd göstərsələr də onların əməlləri ifşa olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə referendumun açıq, şəffaf, bütün demokratik qaydalara əməl edilməklə keçirilməsinə heç kimin şübhəsinin olmadığını deyib.

Onun sözlərinə görə, məntəqələrdə kameraların quraşdırılması, mürəkkəbdən istifadə, yerli və beynəlxalq müşahidəçilərin prosesi sərbəst şəkildə izləməsinə yaradılan şərait də seçkilərin necə şəffaf şəkildə keçirildiyini göstərdi.

Millət vəkili beynəlxalq müşahidəçilərin ilkin rəylərinin kifayət qədər müsbət olduğunu əlavə edib.

Onun sözlərinə görə, bəzi dairələr referendumdan əvvəl də prosesə kölgə salmaq üçün müxtəlif kampaniyalara əl atdı. Qərb və ABŞ tərəfindən anti-Azərbaycan planının həyata keçirilməsinə cəhdlər oldu. Bundan əlavə, Venesiya Komissiyası qərəzli və sifarişli rəyini açıqladı:
 
"Venesiya Komissiyası bilərəkdən referenduma bir necə gün qalmış qəflətən rəyini elan etməklə sanki əvvəldən düşünülmüş bir oyunun tərkib hissəsini artıq büruzə verdi. Konstitusiyaya dəyişiklik Azərbaycan qanunlarına tam uyğun həyata keçirilir. Referendum da yüksək səviyyədə baş tutdu. Biz referendumdan əvvəl yerlərdə görüşlər də keçiririk. Əhali arasında bu məsələyə çox normal yanaşma var idi. Azərbaycanı gözü götürməyən qüvvələrin qərəzli, sifarişli rəyləri həmişə olub, bundan sonra da olacaq. Təəssüf ki, belə dairələr çirkin niyyətlərindən əl çəkmək istəmirlər".

 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə deyib ki, Azərbaycan vətəndaşı olaraq ilk növbədə öz vətəndaşlıq borcunu Səbail rayon 29 saylı seçki dairəsinin 11 saylı məntəqəsində yerinə yetirərək səs verib:

"İkincisi, səhər saatlarında səsverməyə gedərkən həm gənc, həm yaşlı, həm də orta nəslin nümayəndələrinin gözümlə səsverməyə gəldiyini gördüm. Digər tərəfdən, Mərkəzi Seçki Komissiyası məntəqələrdə veb-kameralar quraşdırıb və onların vasitəsilə hər kəs dünyanın ayrı-ayrı yerlərindən baxıb, səsvermənin gedişini,  müşahidə edilən insan axınını izləyə bilər. Nəhayət Azərbaycan bu gün seçkilərə 40-a yaxın ölkənin müşahidəçilərini dəvət edib. Onların arasında beynəlxalq səviyyədə tanınmış şəxslər, millət vəkilləri var. Bütün bu sadalananlar dövlətimiz tərəfindən seçkilərə yanaşmanın, seçkilərə hazırlığın, məntəqələrdə səsvermə üçün yaradılan şəraitin əyani göstəricisidir. Əlbəttə ki, digər faktları da saymaq olar. Belə olan halda hansı saxtakarlıqdan söhbət gedə bilər?!  Nəhayət, bu gün jurnalistlərin seçkiləri izləmək üçün qeydiyyatdan keçən ayrı-ayrı dünya mətbuatının, ölkəmizdəki xarici müşahidəçilərin rəylərinə baxmaq lazımdır ki, seçki barədə yetərincə məlumat yaransın. Minlərlə kilometr uzaqda oturub, hardansa təhrif edilmiş məlumatlar alıb, onları yayanlar heç nəyə nail ola bilməyəcəklər. Çünki bu insanlar ağa qara deməyə, qaraya ağ deməyə vərdiş ediblər. Amma yenə də reallıq mövcuddur. Bu gün Azərbaycan vətəndaşının seçki mədəniyyəti mövcuddur. Və bu mədəniyyət artıq dünyanın ayrı ayrı ölkələri, o cümlədən, "seçkilər azad, şəffaf  keçirilmədi" deyən insanların özü üçün nümunədir".

PƏRVANƏ

 





27.09.2016    çap et  çap et